Logo
news content
User
Kateqoriyalar

Analitika

Ali dost - Çingiz Abdullayev

Müəllif: Rahim Sadıqbəyli (Stokholm, İsveç)

Bu günlər çoxdan planlaşdırdığımız layihə gerçəkləşdi: köhnə dostlar bir araya gəldi. İnsanlıq əleyhinə olan koronavirusdan və onun törətdiyi fəsadlardan bəhs edən TV proqramı hazırladıq və mən deyərdim ki, uğurla təqdim etdik. Baxanlar yəqin bildilər ki, mən son layihəmiz olan “4 Bucağı” nəzərdə tuturam. Orxan Fikrətoğlu dedi: “Biz elə bil gəncliyimizə qayıtdıq...” Elə mən də bu məqaləni özümün və dostlarımın gəncliyinə həsr etmişəm.

Proqram təzə ictimailəşmişdi ki, WhatsApp-dan bir səsli mesaj gəldi. Çingiz Abdullayev idi mesaj göndərən: “Rəhim (min dəfə desəm də adım Rahimdir, heç məhəl qoyan yoxdur – R.S.), baxdım, əla idi. Afərin sənə, Orxan da, Sevil də, Xəyal da başqa cür idilər. Mən də gəncliyinizi xatırladım.” Çingiz dostum dərhal özü ilə Sevilin və mənim şəklimi WhatsApp ünvanıma göndərdi. Baxdım və o illərə qayıtdım. Beləliklə, hekayəmə 1998-ci ildən başlamaq istəyirəm. Həmin şəklin tarixindən...

Qulu Məhərrəmlinin baş redaktoru və rəhbəri olduğu “Səhər” musiqili-əyləncəli informasiya proqramında növbətçi rejissor işləyirdim. Proqramda əsasən üç aparıcı var idi: Dilarə Səlimova, İlhamiyyə Rzayeva və Sevil Nuriyeva. Əvvəl rejissorla aparıcı proqramın quruluşunu, çağrılan qonaqları müzakirə edirdi. Sonra redaktor müavini Rafiq Savalan və baş redaktorla seçdiyimiz qonağı razılaşdırırdıq. İnsafən, Qulu müəllim heç vaxt təklif etdiyimiz qonağa etiraz etməzdi. Hər halda, mən bunu görməmişəm. Hətta illərlə “efir qadağası”  qoyulmuş sənətkarları da biz cəsarət edib, “Səhər”ə çıxarırdıq. AzTV-nin rəhbərliyi bir söz deyəndə isə Qulu müəllim bizi müdafiə etməklə məsələni yoluna qoyurdu. Əlqərəz, bir dəfə növbəti qonağı gündəmə görə müəyyən etməliydik. Gündəm də, televizyonçuların təbirincə desək, çox “dolğun” deyildi. Almanlarla bağlı az-çox maraqlı bir xəbər vardı: kirxada nəsə tədbir olmalıydı. Baxım ki, tədbirin təşkilatçısı kimi Alman-Azərbaycan Cəmiyyəti və onun sədri Çingiz Abdullayevin adı yazılıb. Cumdum redaktorların otağına, Sevilə dedim, tapdım ey! Qulu müəllimə məlumat verib, Çingiz Abdullayevə zəng etdim. Getdik Rəşid Behbudov küçəsində yerləşən Alman-Azərbaycan Cəmiyyətinə. Görüşümüz çox maraqlı keçdi və səhər Çingiz müəllim Sevil Nuriyevanın qonağı oldu.

O gün-bu gün, 22 ildir ki, Çingiz Abdullayev mənim ali dostlarım səviyyəsindədir və bu koronavirus bizdən əl çəksə, inanıram ki, dostluğumuzun tarixi hələ çox - ömrümüzün axırına kimi davam edəcək...

Əziz oxucu, bəhs etdiyim dost əsasən detektiv romanları ilə məhşur olan yazıçı Çingiz Abdullayev deyil. Söhbət professor, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, Alman-Azərbaycan Cəmiyyətinin sədri, "Azərsu" ASC-nin sədrinin müşaviri, sülh səfiri, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin fəxri üzvü Çingiz Əli oğlu Abdullayevdən gedir. O, həm də gözəl təşkilatçıdır. Sosial insandır, demək olar ki, bütün sahələrdə dostları, tanışları var. Çingiz müəllim bəstəkarla onun səviyyəsində, musiqiçi kimi danışır, rəssamla da elə,  futbolçu ilə də. Məsələn, Azərbaycanın əfsanəvi futbolçusu Ələkbər Məmmədovla onun ömrünün sonuna qədər dostluq elədi. “Neftçi”nin elə məşhuru yoxdur ki, Çingiz müəllimlə dost olmasın. Daha kimləri deyək: uzun müddət UNESCO-da səfir işləmiş Ramiz Abutalıbov, Azərbaycanın məhşur xalq rəssamları Ömər Eldarov, Ağaəli İbrahimov, Səlxab Məmmədov, yazıçı Orxan Fikrətoğlu, kinorejissorlar Elçin Musaoğlu, Tahir Tahiroviç və s. və i.a. 15 ildir qəriblikdəyəm, hər halda Çingiz müəllimin əhatəsi ən az 1500 nəfər artıb deyə düşünürəm. O, dostluğa qiymət verən, sadiq olan, öz mərhəməti və xeyirxahlığı ilə seçilən insandır.

Biz Çingiz müəllimlə həm də Bakıdan Berlinə qatarla uzun-uzun yol yoldaşı olmuşuq. Bəli-bəli, qatarla! Özü də bir dəfə deyil, bir neçə dəfə! İnanın səmimiyyətimə, hələ belə mənalı, məzmunlu, məcaralı yol getməmişəm həyatım boyu. Dünyanın heç bir qələm sahibi bizim Çingiz müəllimlə düşdüyümüz vəziyyətləri, yol məcaralarımızı yaza bilməz. Bunu ancaq Çingiz müəllimin özü təsvir edə bilər.

Nəhayət, bu gün mənim böyük dostumun 60 yaşı tamam olur. Dünyanın təlatümlü vəziyyətində belə işıqlı insanlara böyük ehtiyacımız var.