Logo
news content
User
Kateqoriyalar

Analitika

Tarixi Gəncə zibil altında basdırılır!
Nizami ilində şairin doğma yurdu belə məhv edilir

Müəllif: Arif Əliyev

Gəncənin mərkəzindən uzaqlaşdıqca, mənzərə dəyişir: küçələr bəzəyini itirir, binalar bozlaşır. Görünməmiş şey deyil - əksər yaşayış məntəqələri belədir. Görünməmiş cinayət isə ölkənin ən böyük şəhərlərindən birinin mərkəzindən cəmi beş-altı kilometr aralıda, çay sahilində baş verir: orada bağışlanılmaz günaha bərabər laqeydliklə tariximizi məhv edirlər – qədim Gəncə qalasının qalıqlarını zibil altında basdırırlar! Yüzilliklərlə yadellilərin axıradək görə bilmədikləri işi həmvətənlərimiz özləri başa çatdırırlar.

Gəncəyə dahi Nizaminin 880 illiyinə həsr olunmuş kitab sərgisinə getmişdik. Xeyli tədbir, görüş planlaşdırılmışdı. Burada hamının hörmətlə yad etdiyi Tofiq Bağırovun oğlu, əslən gəncəli dostumuz Yüksəl isə bizi dartıb şəhər zibilxanasına aparmağa çalışırdı. Həvəs göstərən çox deyildi. Axı inanmaq çətin idi ki, bu zibilxana və “Azərbaycanın tarixi incisi” adlandırılan Nizami yurdu – Qədim Gəncə arxeoloji kompleksi, onun dediyi kimi, eyni yerdir.

Gördüklərimizi sözlə ifadə etmək mümkün deyil. Sizi də bu acı həqiqətə yalnız şəkil və videotəsvirlərin dili ilə inandıra bilərik.

Qədim Gəncə ərazisində tədqiqat işləri 1890-cı illərdən başlanıb, 1930-cu illərdə qazıntı işləri aparılıb, 1988-ci ildə isə buranın toxunulmazlığının təmin olunması, fərdi simasının saxlanması və bərpası məqsədilə Qoruq yaradılıb. Nazirlər Sovetinin “Qədim Gəncə ərazisinin Tarix-Mədəniyyət Qoruğu elan edilməsi haqqında” 136 və 420 saylı qərarları böyük missiyaya malik elmi-tədqiqat müəssisəsinin əsasını qoyub. Ona ştat, texnika, vəsait ayrılıb.

Arxeoloq İ.P.Şeblıkinin “Nizami epoxasının Azərbaycan memarlıq abidələri” kitabında (1943) Qədim Gəncənin sxematik planı. Şeblıkin həm də rəssam olub: həmin ərazidə XII əsr qala divarlarının qalıqlarının rəsmini çəkib.

Müstəqillik illərində Qədim Gəncə Qoruğuna birbaşa aidiyyətı olan yeni qanunlar, proqramlar qəbul edilib, Prezident və Nazirlər Kabineti səviyyəsində əlavə sənədlər imzalanıb. Yəni, bura indi də xüsusi mühafizə altında olan sahədir. Onun ərazisində elmi, tarixi, bədii, mədəni əhəmiyyət kəsb edən bütün abidələr dövlət tərəfindən qorunur. Amma necə?

.

..Ağır yük maşınları, bir tərəfdən, çay qırağından çınqıl daşıyır. Arxeoloqların fırça ilə işləməli olduğu yerlərdə ekskavator guruldayır.  

 

 

O biri tərəfdən, maşınlar yeni Gəncənin məişət tullantıları, torpaq və lazımsız tikinti materialları ilə sahil yamaclarını doldurur.

 

 

Nəhəng zibilxana artıq qədim qala divarlarına, bugünədək daşqınlara davam gətirmiş sahil bəndlərinə dirənib.

 

 

 

Amma bəzi yerlərdə onları da altda qoyub, keçmişin mədəni laylarının üstündən müasir “qeyri-mədəni təbəqə” yaradıb.

 

 

 

 

Minillik kərpic qırıqları şəhərdən daşınan tikinti materiallarının tullantılarına qarışıb.

 

 

 

Adda-budda salamat qalmış qala divarı, körpü tağı, sahil səddi fraqmentləri nəinki bərpa, heç konservasiya olunmayıb. Çayın o tay – bu tayında yaşayanlar onların içindən (!) cığır açırlar.

 

2020-ci ilin mayında Livejournal-da bu yerləri fantastik filmlərdəki  “Stalker zonası”na bənzədiblər. Çünki reallıqda sivil millətlərin öz tarixinə belə münasibətini görməyiblər.

 

 

 

Adətən, gözdən iraq yerdə bir naqisliklə üzləşəndə, insanlar ümidlərini ona bağlayırlar ki, hökumətin xəbəri yoxdur: bilsə, əncam çəkər. Təəssüf ki, Gəncədə buna da ümid azdır. Yerli hökumətin sayıq nümayəndəsi - ərazinin sahə müvəkkili hər şeyi nəzarət altında saxlayır. Çay qırağında qabağımıza çıxmış çoban elə ondan şikayətlənirdi: “Həftə səkkiz – mən doqquz gəlib otardığım qoyunlara sənəd istəyir. Bilirəm, qarnının ağrısı nədir. Düz prezidentə yazacam: Qoruğu su yoluna döndərmiş yük maşınlarını saymır, mənim quzularımı sayır”.

Ancaq tarixi abidələrin xilası üçün həyəcan siqnalı çalmağa heç sahə müvəkkili gərək deyil. Gəncə ziyalılarından ibarət İctimai İştirakçılıq Məclisi payızda burada monitorinq keçirib, nəticələrə dair hesabat hazırlayıb, video çəkilişlər aparıb. Məclis üzvləri, “Cavad xan” Tarix-Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov və “Maarif evi”nin həmtəsisçisi İmamverdi Vəliyev monitorinqin təşkilatçılarından olublar:

[embed]https://pk-web.s3.eu-central-1.amazonaws.com/media/1.mp4[/embed]

[embed]https://pk-web.s3.eu-central-1.amazonaws.com/media/0001-1476.mp4[/embed]

Bir neçə gün əvvəl isə İctimai İştirakçılıq Məclisi bütün yerli dövlət orqanlarına ikinci dəfə “SOS” müraciəti ünvanlayıb. Müraciətin təkrarlanması o deməkdir ki, birinciyə cavab verən olmayıb.

“Məclis üzvləri 15 oktyabr 2021-ci il tarixində Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində monitorinq həyata keçiriblər”, - deyə müraciətdə bildirilir. Aşkar edilib ki, Qoruğun sərhədləri belə işarələnməyib, burada sənədsiz evlər tikilib, abidələrin çoxu sökülüb, sahəyə çirkab suları və kanalizasiyalar axıdılmaqdadır. “Son bir neçə ildə isə əraziyə on minlərlə ton məişət, sənaye və tikinti tullantıları tökülüb və bu, əfsus ki, bir çox tarixi abidənin faktiki olaraq məhvinə gətirib çıxarıb”.

İctimai İştirakçılıq Məclisi öz müraciətinə təxirəsalınmaz tədbirlər haqda 11 bənddən ibarət təkliflər paketi daxil edib. Təkliflərin həyata keçirilməsində şəhər əhalisinin fəal iştirakını, iməcliklərə çıxmasını da nəzərdə tutub.

Məclisin üçüncü müraciətinə də ehtiyac olub-olmayacağını söyləyə bilmərəm, amma bunu deməliyəm: Gəncə qoruğunda gördüyümüz vəziyyət o dərəcədə acınacaqlıdır ki, problemin həllinə ən yüksək səviyyədə müdaxilə olmadan faciənin qarşını almaq mümkünsüzdür.

Azərbaycan dünya mədəni irsinin qorunmasına töhfələr verir. Versal sarayının, Luvr muzeyi qalereyasının restavrasiyası, Strasburqda orta əsrlərə aid kilsənin, Roma katakombalarının bərpası... Çox gözəl, amma əcaba, bu sırada Azərbaycanın özündə məhv olmaq təhlükəsi qarşısında qalmış Qədim Gəncə xarabalıqlarına yer tapılmayacaqmı?

ARAYIŞ

Qədim Gəncə qalası — Qədim Gəncə şəhərini əhatə edən üç qatlı müdafiə sədləri. Onların dəqiq inşa edilmə tarixi bilinməsə də, məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən (971-1088) artıq şəhər qala divarı ilə əhatə edilmişdi. 1139-cu ildə Gəncə zəlzələsi zamanı qala divarlarına ciddi zədə dəyib, sonradan onlar bərpa olunub və 1235-ci ildə monqollar tərəfindən dağıdılana kimi şəhəri müdafiə edib. XVII əsrin əvvəllərinə qədər Gəncə qədim dövrlərdən mövcud olduğu ərazidə yerləşib, yalnız XVII əsrdə hazırda mövcud olduğu sahəyə köçürülüb.

Gəncəçay qala ərazisini və qala divarlarını iki hissəyə bölür. Qala-şəhərin solsahil hissəsi bürclərlə möhkəmləndirilmiş divarlar və dərin xəndəklərlə əhatə olunub. Sahilləri üç tağlı körpü birləşdirib.

1938-1940-cı illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı müəyyən edilib ki, Qədim Gəncə qalası daha əvvəlki əsrlərdə yaşayış yeri olmuş ərazidə inşa edilib. Bunu qala altında qalın mədəni təbəqənin üzə çıxarılması sübut edir. Təbəqələşmə göstərir ki, Qədim Gəncə uzun əsrlər boyunca eyni ərazidə mövcud olmuşdur.

Qala divarlarından 3 km aralıda qədim qəbiristanlıq ərazisində XII əsr şairi Nizami Gəncəvinin məzarı yerləşir. Sonradan məzarın üzərində böyük məqbərə inşa edilib.