Ağdam artıq azaddır. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanat əsasında rayon noyabrın 20-də Azərbaycan Respublikasına təhvil verildi. Azərbaycan Ordusunun bölmələri rayon ərazisinə daxil oldular. Beləliklə, Ağdam 27 il sonra öz sahibinə qayıtdı. Xatırladaq ki, Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

Əslən Ağdam rayonundan olan və Ağdamda yaşamış tanınmış simalar hansı hissləri keçirir?

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafiq Əliyev hisslərini belə ifadə etdi:

“Bizim böyük vətənimiz Azərbaycandır. Amma vətən insanın doğulduğu komasından başlayır. Ağdam mənim qibləgahım, Məkkəmdir. Ağdam ziyalılar, yazarlar, şairlər yurdudur.

Bu gün Ağdam azaddır. Qeyd edim ki, birinci Qarabağ savaşında Azərbaycanın ən çox şəhid verdiyi bölgə Ağdam olub. Ona görə sevinirəm ki, Ağdamın verdiyi altı min şəhidin ruhu bu gün şaddır. Bu gün Xudu Məmmədov, Famil Mehdi, Şahmar Əkbərzadə, Fred Asif, Allahverdi Bağırov və neçə-neçə dünyasını dəyişmiş  görkəmli şəxsiyyətlərimizin, milli qəhrəmanlarımızın ruhu şaddır”.

Xalq artisti, prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov da sevinclidir:

“Mənim üçün çox əlamətdar bir gündür. Otuz ilə qədər həsrətini çəkdiyim torpağımıza qovuşduq. Doğulduğum, boya-başa çatdığım, səsimi qazandığım Ağdam torpağına qovuşdum. O torpaq ki, böyük sənətkarlar, alimlər, ziyalılar yetişdirib. Məni bu gün Mənsum İbrahimov kimi bütün xalqımıza, dünyaya tanıtdıran məhz bu torpaqdır. 19 yaşıma, hərbi xidmətə gedənə kimi orada yaşamışam. Ağdam böyük bir mədəniyyət mərkəzi idi. Ağdam Qarabağın gözü, dayaq məntəqəsi idi. Şükür olsun Allaha ki, bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz dastan yazdı. Mən şəhidlərin ruhu qarşısında baş əyirəm. Bizim ailəmizdə iki şəhid var. Həm xalamın nəvəsi, həm də qardaşımın oğlu şəhid oldular. Qardaşım oğlu İsrafil İbrahimov xüsusi təyinatlı idi. Otuz gün düşmənlə qəhrəmancasına döyüşdü və şəhidlərimizin qisasını aldı. Laçın dəhlizində qəhrəmancasına şəhid oldu. Allah bütün şəhdilərimizə rəhmət eləsin. Onlar ölməzdir. Onların hərəsi bir qəhrəmandır. Bu gün hər birimiz onların ruhuna, Ali Baş Komandanımıza borcluyuq. Allah Ali Baş Komandanımızın canını sağ eləsin ki, xalqımızı bir yumruq kimi birləşdirdi. O torpaq hər birimiz üçün müqəddəs torpaq oldu”.

Azərbaycan Respublikasının xalq artisti, prezident mükafatçısı Aygün Bayramova da Ağdam rayonundandır.  O, öz hisslərini “Press Klub”la bölüşərkən bunları söylədi:

“Bu gün ilk olaraq şəhidlərimizi ziyarətə getdim. Allah onlara rəhmət eləsin, məkanlarını cənnət eləsin. Təbii ki, həm sevincliyik, həm də şəhidlərimizə görə çox üzülürük. Biz 27 illik həsrətimizə qovuşmuşuq. Buna sevinməmək olarmı?! Baxmayaraq ki, o torpaqlarımız nə qədər işgəncə görüb, evlərimiz dağılıb. Hər bir yeri darmadağın ediblər, daş daş üstə qalmayıb. Amma bu günə şükür. Biz yenə də o torpaqları bərpa edəcəyik, o ərazilər yenə dirçələcək, canlanacaq, gözəlləşəcək. İnşallah, cənnət Qarabağ olacaq. Yalnız Ağdam deyil, bütün işğalda olan torpaqların hamısı gözəlləşəcək. Ermənilər son məqamda tikib, yaşadıqları o donuz tövlələrini yandırıb, gediblər. Heç o evlər bizə lazım deyil. Biz elə evlərdə yaşamamışıq axı… Bizim ikimərtəbəli evlərimiz, bağımız-bağçamız, gözəl şəraitimiz olub. Amma onlar bütün dünyaya sübut etdilər ki, kimdirlər. Hamı onların törətdikləri vandallıqların şahidi oldu. Torpaq onları qəbul etmədi. Bilirdilər ki, biz nə vaxtsa o torpaqlara qayıdacağıq. Çox şükür, o gün bu gündür. Mən o torpaqlarda böyümüşəm, məktəbə getmişəm, musiqi öyrənmişəm. Doğrudan da çox sevindiricidir. O günü gözləyirəm ki, qədəmlərimizi o torpaqlara basaq, qoxlayaq, o torpaqları öpək, deyək ki, bizi bağışla, 27 ildir vandalların əsarəti altında qaldın. Bax, mən həmin günü çox səbirsizliklə gözləyirəm, Ağdama gedəcəyimiz günü çox gözləyirəm”.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti, prezident mükafatçısı Nəzakət Teymurova:

“Çox gözəl hisslər keçirirəm. Çox qürurluyuq. Ona görə ki, torpaqlarımız işğaldan azad olundu. Təbii ki, bundan böyük sevinc yoxdur, ola da bilməz. Atamın, bacımın məzarını ziyarət edəcəyik. İnşallah, hər şey yaxşı olacaq”.

Ülviyyə Şahin