Uzağı görməyən göz həkimi: “təhlükəli sülalə”nin sonu
Tirana çevrilmiş oftalmoloq üçün hər şey yaxşı gedirdi, birdən...
10 Dekabr 2024
Dörd əsr Osmanlı dövlətinin tərkibində olan Suriya Birinci dünya müharibəsindən sonra Fransa mandatı altına düşdü. Ölkə tam müstəqilliyinə yalnız İkinci dünya müharibəsindən sonra qovuşdu. Son fransız əsgərinin Suriyanı tərk etdiyi gün - 17 aprel 1946-cı il - Müstəqillik günü sayılır.
Müstəqil Suriyanın ilk 25 illik tarixi hərbi çevrilişlərlə yadda qaldı. İsraillə müharibələrdə döyüşməyi bacarmayan Suriya ordusu əvəzində çevriliş etməyi yaxşı bacarırdı. Təkcə 1949-cu ildə üç hərbi çevriliş baş verdi. Bu ənənə, belə tez-tez olmasa da, sonrakı illərdə də davam etdi.
Hələ 1947-ci ildə Mişel Əflak və Səlahəddin Bitar Dəməşqdə Ərəb dirçəliş partiyasını yaratdılar. Təşkilat 1952-ci ildə Əkrəm Houraninin Ərəb sosialist partiyası ilə birləşəndən sonra Ərəb sosialist dirçəlişi partiyası adlandı. Qısaca Bəəs (dirçəliş) kimi tanınan və şüarı “Birlik, Azadlıq, Sosializm” olan partiyanın bir neçə ərəb ölkələrində şöbələri vardı, amma İraq və Suriya ordusunda tərəfdarları daha çox idi.
1963-cü il martın 8-də baş verən növbəti hərbi çevrilişdən sonra Bəəs Suriyada hakimiyyətə gəldi. Bundan sonra partiya və hakimiyyət daxilində nə qədər panərəb, nə qədər sosialist olmaq ətrafında mübarizə getdi. Sonda hətta partiyanın banisi Əflak məğlub oldu, daha sol mövqe tutanlar - Baş qərargah rəisi Salah Cədid və Hərbi-Hava Qüvvələrinin komandanı Hafiz Əsəd qalib gəldilər. 1966-cı il fevralın 23-də baş verən növbəti çevrilişin əsas lideri olan Salah Cədid Bəəs partiyasının Suriya şöbəsinin katibinin müavini kimi mütəvazi vəzifə götürdü. Amma ölkənin gerçək hakimi o idi. Nurəddin Ətasini prezident, Yusuf Zuəyyini baş nazir, Hafiz Əsədi də müdafiə naziri təyin etdi. Cədid Əsədi təhlükəli saymırdı. Halbuki Suriyanın tarixi göstərirdi ki, bu ölkədə siyasətdən çox hərbi qüvvələrə nəzarət önəmlidir.
Hafiz Əsəd yavaş-yavaş öz mövqelərini gücləndirdi, Cədid iqtisadiyyatla, daxili və xarici siyasətlə məşğul olan zaman Əsəd ordudakı mühüm vəzifələrə öz adamlarını təyin etdi. Cədid bir gün təhlükəni dərk edib Əsədi uzaqlaşdırmağa çalışanda aydın oldu ki, əlində heç bir real güc yoxdur. 1970-ci il noyabrın 13-də növbəti çevriliş baş verdi və Hafiz Əsəd Suriyanın hakimi oldu.
O, Cədid kimi simvolik vəzifə götürüb başqalarını prezident və ya baş nazir təyin etmədi. Özü əvvəlcə baş nazir, 1971-ci ilin martından da prezident oldu. Gözləmək olardı ki, onun hakimiyyəti növbəti çevrilişə qədər sürəcək. Başqa amillərlə yanaşı o, əksəriyyəti sünni olan ölkədə ələvi idi və elə bu səbəbdən uzun müddət hakimiyyətini qoruması ehtimalı aşağı görünürdü. Amma elə olmadı, Hafiz Əsəd 2000-ci ildə ölənə qədər Suriyanı tam nəzarətdə saxladı. Ondan sonra hakimiyyət oğlu Bəşər Əsədin əlinə keçdi.
Bəşərin Suriyaya qayıdışı və hakimiyyətə yiyələnməsi, sonrakı idarəçiliyi dövrü barədə BBC-nin hazırladığı materialı təqdim edirik.
Ata mirası
Bəşər Əsəd 1965-ci ildə Hafiz Əsədin və Ənisə Məxlufun ailəsində anadan olub. Əsəd ailəsinin mənsub olduğu ələvi icması Suriyada ən hüquqsuzlardan idi və bir çox ələvilər Suriya ordusundan sosial lift kimi istifadə edirdilər. Ordu zabiti kimi fərqlənən Hafiz Əsəd 1966-cı ildə müdafiə naziri təyin edildi.
Öz nüfuzunu gücləndirməkdə davam edən Əsəd 1971-ci ildə prezident oldu və bu vəzifəni 2000-ci ildə ölənə qədər tutdu. Suriyanın hərbi çevrilişlərlə zəngin tarixində belə uzunömürlülük bacarıqlı siyasi manipulyasiyanın nəticəsi idi.
O, dəmir əllə idarə edir, müxalifəti və yadfikirliliyi boğurdu. Amma xarici siyasətdə yetərincə praqmatik idi: Sovet İttifaqı ilə fəal əməkdaşlıq edirdi, eyni zamanda 1991-ci ildə Fars körfəzində müharibə zamanı ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qoşuldu.
Londonda tələbə təbib
Bəşər Əsəd lap əvvəldən özünə siyasətdən və hərbidən uzaq yol seçmişdi. O, tibb sahəsində karyera qurmaq niyyətində idi. Dəməşq universitetini 1992-ci ildə bitirəndən sonra Böyük Britaniyaya yollandı və Londonda “Western Eye” göz klinikasında oftalmologiya üzrə ixtisaslaşdı.
BBC-nin 2018-ci ildə çəkdiyi “Təhlükəli sülalə: Əsədlər” sənədli filminə görə, Bəşər Londonda komfortlu həyat sürüb: sevimli musiqiçisi Fil Kollinzin konsertlərinə gedib və ümumən yerli mədəniyyətdən zövq alıb.
Bəşər gələcək arvadı Əsma Əxrəsə də məhz Londonda rast gəlib. Əsma Londonun Kral kollecində kompüter elmlərini öyrənirdi, daha sonra isə Harvard biznes idarəçiliyi kursuna (MBA) qəbul edilib. Amma onun həyatı tezliklə dəyişdi.
Ailənin ikinci oğlu olan Bəşər bütün bu vaxtda böyük qardaşı, Hafiz Əsədin “vəliəhd”i hesab edilən Bəsilin kölgəsində qalırdı. Bəsilin 1994-cü ilin yanvarında avtoqəzada ölməsi Bəşərin həyatını kökündən dəyişdi. Dərhal Londondan geri çağırılan Bəşəri Suriyanın növbəti lideri postuna hazırladılar. Onu hərbi qüvvələrin zabiti etdilər və gələcək prezidentliyi üçün imic formalaşdırmağa başladılar.
Arzular və dəyişikliklər
Hafiz Əsəd 2000-ci ilin iyununda öldü və 34 yaşlı Bəşər Əsəd tələsik prezident təyin olundu. Buna görə konstitusiyanı dəyişmək lazım gəldi: prezidentlik üçün 40 olan minimal yaş həddini azaltmaqdan ötrü.
İyulda Bəşər Əsəd prezident andı içdi və dərhal yeni siyasi ton verməyə cəhd etdi. O, öz nitqlərində “şəffaflıq, demokratiya, inkişaf, modernləşmə, məsuliyyət, institusional düşüncə” kimi sözlər səsləndirirdi.
Vəzifəsinin icrasına başlayandan bir neçə ay sonra Əsma ilə evləndi. Onların üç uşağı var: Hafiz, Zeyn və Kərim.
Bəşərin siyasi islahatlar və KİV azadlığı haqda ritorikası əvvəlcə bir çox suriyalılara ümid təlqin edirdi. Onun rəhbərlik tərzi, üstəgəl Əsmanın qərb təhsili dəyişikliklər dövrünün müjdəçisi kimi görünürdü.
Suriya “Dəməşq baharı” kimi tanınan qısamüddətli nisbi ifadə azadlığı dövrünü yaşadı, amma artıq 2001-ci ildə təhlükəsizlik qüvvələri fəal müxalifləri tutaraq repressiyaları bərpa etdilər.
Bəşər özəl sahibkarlığın inkişafına səbəb olan məhdud iqtisadi islahatlar keçirsə də, prezidentliyinin ilk illəri dayıoğlusu Rami Məxlufun nüfuzunun artması ilə yadda qaldı. Rami geniş biznes imperiyası yaratdı ki, tənqidçilər buna var-dövlətin və hakimiyyətin qovuşma nümunəsi kimi baxdılar.
İraq və Liviya
2003-cü il İraq müharibəsi Bəşər Əsədin Qərb ölkələri ilə münasibətlərinin xeyli pisləşməsinə səbəb oldu. Suriya prezidenti ABŞ-ın İraqa müdaxiləsinə qarşı çıxdı. Bəziləri hesab edirdilər ki, belə mövqe ABŞ-ın növbəti hədəfinin Suriya olacağı təşvişi ilə bağlı idi.
Vaşinqton, öz növbəsində, Dəməşqi ittiham etdi ki, İraqın işğalına qarşı çıxan qiyamçılar üçün silah qaçaqmalçılığına göz yumur və ekstremistlərə iki ölkə sərhədini keçməyə icazə verir.
2023-cü ilin dekabrında ABŞ bir sıra səbəblərə görə - təkcə İraqla bağlı deyil, həm də Suriyanın Livandakı hərbi mövcudluğu üzündən, - Dəməşqə qarşı sanksiya tətbiq etdi.
Livanın baş naziri, Suriyanın əsas opponentlərindən biri Rafiq Həriri 2005-ci ilin fevralında Beyrutun mərkəzində güclü partlayış nəticəsində öldürüləndə şübhələr dərhal Suriyaya və onun müttəfiqlərinə yönəldi.
Livanda kütləvi etirazlar püskürdü, Dəməşqə beynəlxalq təzyiqlər artdı və nəticədə 30 illik hərbi mövcudluqdan sonra Suriya Livandan qoşunlarını çıxardı.
Buna baxmayaraq, Əsəd və onun Livandakı əsas müttəfiqi, hərbiləşmiş şiə qruplaşması “Hizbullah” Həririnin ölümünə aidiyyatlarını ardıcıl inkar edirdilər, hətta xüsusi beynəlxalq tribunal 2020-ci ildə “Hizbullah” üzvünü bu cinayətdə iştirakda təqsirli biləndən sonra da.
“Ərəb baharı”
Bəşər Əsəd hakimiyyətinin ilk 10 ilində İranla münasibətləri möhkəmləndirir, Qətər və Türkiyə ilə əlaqələri inkişaf etdirməyə çalışırdı, amma bu, qısa müddət alındı. Səudiyyə Ərəbistanı ilə münasibətlər də, Ər-Riyadın gənc prezidenti əvvəlcə dəstəkləməsinə baxmayaraq, səbatsız idi. Ümumən Bəşər atasının xarici siyasət kursunu davam etdirirdi: ehtiyatlı davranır və bilavasitə hərbi toqquşmalardan qaçırdı.
Bu zaman Tunisdə tərəvəz satan Məhəmməd Buəzizi qadın polisin onu vurmasından sonra özünü yandırdı. Bu akt ölkədə xalq üsyanına səbəb oldu və nəticədə prezident Zeynalabdin bin Əli devrildi.
Tunis üsyanı gözlənilmədən bütün ərəb dünyasında inqilabı hərəkata təkan verdi, etirazlar Misir, Liviya, Yəmən, Bəhreyn və Suriyanı bürüdü.
Martın ortalarında Dəməşqdə etirazlar gedirdi, bir neçə gündən sonra cənubdakı Dera şəhərində nümayişlər başladı: antiəsəd qraffitilər yazan uşaqların həbsi səbəbindən. Təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açdılar.
Əsəd xalqa müraciət etməzdən əvvəl iki həftə gözlədi. Parlamentdəki çıxışında “Suriya əleyhinə qəsd” adlandırdığı şeyi pozmağı vəd etdi, amma insanların bir çox tələbatının ödənilmədiyini də boynuna aldı.
Deradakı nümayişin gülləyə tutulması bir neçə şəhərdə Əsədi istefaya çağıran daha böyük etirazlar doğurdu. Hakimiyyət zorakılıqla cavab verdi, iğtişaşlarda “sabotajçıları və xarici qüvvələr tərəfindən idarə olunan casusları” günahlandırdı.
Bir neçə ay sonra vəziyyət hökumət qüvvələri və müxalif qruplar arasında silahlı toqquşmalar şəklini aldı.
Konflikt beynəlmiləlləşir
Konfliktin güclənməsi ilə ölənlərin sayı, BMT qiymətləndirməsinə görə, yüzminlərə çatdı. Xarici qüvvələr getdikcə daha çox Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etdilər.
Rusiya, İran və İranın dəstəklədiyi silahlı qruplaşmalar Əsəd qüvvələrinin tərəfində çıxış etdilər, Türkiyə və Fars körfəzi ölkələri isə silahlı müxalifətə yardım etdilər.
Əsəd əleyhinə hərəkat əvvəlcə demokratiya və hamı üçün azadlıq şüarları altında keçsə də, tədricən dini xarakter aldı. Bəzi müxalif fraksiyalar hökuməti sünniləri sıxışdımaqda, ələvilərə üstünlük verməkdə günahlandırmağa başladılar.
Xarici müdaxilə məzhəb parçalanmasını gücləndirdi. İslamçı qruplaşmalar ələvilərə düşmən münasibət bəsləyir, “Hizbullah”ın rəhbərlik etdiyi İrana sadiq könüllülər isə Əsəd rejimini dəstəkləmək üçün Suriyaya axışdı.
Qonşu İraqda ekstremist, İslan hüququnu ən sərt təfsir edən və dünyanın bir çox ölkələrində terrorçu kimi tanınan “İslam dövləti” güc toplayırdı. Bu qrup vətəndaş müharibəsindən Suriyadakı əraziləri tutmaq üçün yararlandı, ölkənin şimalındakı Rəqqə şəhəri “paytaxt” olmaqla “yeni xilafət”in yarandığını elan etdi.
Dəməşq yaxınlığında yerləşən və müxalifətin nəzarətində olan Şərqi Qutaya 2013-cü ilin avqustunda edilən kimyəvi hücum nəticəsində yüzlərlə adam həlak oldu. Qərb dövlətləri və Suriya müxalifəti hücumda Əsəd rejimini günahlandırdılar. Dəməşq bunu inkar etsə də, beynəlxalq təzyiq üzündən kimyəvi silah ehtiyatını ləğv etməyə razılıq verdi. Doğrudur, kimyəvi hücumlar bundan sonra da baş tutdu.
Müharibə özü daha amansız xarakter aldı. BMT komissiyası bütün tərəfləri qətl, işgəncə, zorlama kimi hərbi cinayətlərdə ittiham etdi.
2015-ci ildə ölkənin xeyli hissəsinə nəzarəti itirən Əsəd hökuməti sanki iflasa xüsusilə yaxın idi. Amma Rusiyanın hərbi müdaxiləsi savaşın gedişini dəyişdi, Əsədə əsas əraziləri qaytarmaq imkanı verdi.
Qəzzada müharibə
Regional və beynəlxalq razılaşmalar əsasında 2018-2020-ci yaranmış vəziyyətə görə, hökumət qüvvələri Suriyanın böyük hissəsinə nəzarət edirdilər, islamçı müxalif qüvvələr və kürd dəstələri isə ölkənin şimalında və şimal-şərqində ərazilərə nəzarəti bölüşürdülər.
Bu razılaşmalar Bəşər Əsədin mövqelərini gücləndirdi və tədricən diplomatik arenaya qayıtmaq imkanı verdi: 2023-cü ildə Suriyanın Ərəb Dövlətləri Liqasında üzvlüyü bərpa olundu, ərəb ölkələri Dəməşqdəki səfirliklərini yenidən açdılar.
Hakimiyyətinin üçüncü onilliyində iqtisadi vəziyyətin pisləşməsinə baxmayaraq, sanki Bəşər Əsəd üçün ən çətin sınaqlar arxada qalmışdı.
Amma HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə gözlənilməz hücumu Qəzzada müharibəyə səbəb oldu, bunun da nəticələri sürətlə Livana, eləcə də Əsədin önəmli müttəfiqi olan “Hizbullah”a toxundu.
İsraillə konflikt “Hizbullah”a baha başa gəldi, qruplaşma xeyli mühüm komandirlərini, o cümlədən, çoxillik lideri şeyx Həsən Nəsrullahı itirdi.
Livanda atəşkəs qüvvəyə minən gün bir çox ölkələrdə terrorçu təşkilat kimi tanınan “Heyət Tahrir əş-Şam”ın (HTŞ) başçılıq etdiyi Suriya müxalif qüvvələri gözlənilmədən hücuma keçdilər və böyüklüyünə görə Suriyanın ikinci şəhəri olan Hələbi dərhal tutdular.
Hücum sürətlə inkişaf edirdi, müxalifət bir neçə gün sonra əhəmiyyətli Həma və Hüms şəhərlərini tutdu, eyni zamanda cənub bölgələri hökumət qüvvələrinin nəzarətindən çıxdı.
Əsədin əsas müttəfiqləri olan Rusiya və İran bu dəfə ona kömək edə bilmədilər. Rusiya XİN Əsədin prezident vəzifəsini və ölkəsini tərk etdiyini xəbər verdi.
Bazar günü axşam Rusiya dövlət informasiya agentlikləri Kremldəki mənbəyə istinadən xəbər verdilər ki, Rusiya devrilmiş Suriya liderinə siyasi sığınacaq verib və Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya gəlib...
Yadigar Sadıqlı