
Türkiyə üzünü Şərqə çevirir
BRICS-in faydası olacaqmı?
10 Sentyabr 2024
Türkiyənin BRICS-ə üzv olmaq üçün sözdən əmələ keçib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Türkiyə üzv olmaq üçün ərizə təqdim edib və BRICS ölkələri Türkiyənin assosiasiyada iştirakı ilə bağlı müraciətinə baxacaqlar. Məlumata görə, Türkiyə hakimiyyəti bir neçə ay əvvəl BRICS-ə üzv olmaq üçün müraciət edib. Ankaranın bu istəyinə isə BRICS-in oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitində baxıla bilər. Çünki Kazan sammitində BRICS-in genişlənməsinin əsas müzakirə mövzusu olacağı gözlənilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məhz buna görə sammitə dəvət edilib.
Nüfuzlu Bloomberg agentliyinin sentyabrın 2-də yaydığı məlumatda deyilirdi ki, Türkiyə qlobal təsirini gücləndirmək və ənənəvi Qərb müttəfiqlərindən kənarda yeni əlaqələr qurmaq üçün BRICS-ə rəsmi müraciət edib. Məlumatda qeyd edilirdi ki, Türkiyə Avropa İttifaqına üzv olmaq üçün onilliklər boyu davam edən cəhdində irəliləyiş əldə olunmamasından məyusluq olaraq, üzünü BRİCS-ə çevirib. Qeyd edək ki, hələ ötən ilin iyul ayında Rusiyanın “İzvestiya” qəzeti BRICS beynəlxalq forumunun prezidenti Purnima Ananda istinadən Ankaranın təşkilata üzv olmağa hazırlaşması haqqında məlumat yaymışdı.
Çox maraqlıdır ki, Türkiyənin BRICS-ə qoşulmaq üçün bir neçə ay öncə müraciət etdiyi haqqında məlumatlar yayılsa da, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik sentyabrın 3-də bu məsələ ilə bağlı açıqlamasında bildirib ki, prezident Ərdoğan dəfələrlə BRICS-ə qoşulmaq istəyindən danışsa da, Ankaranın təşkilata üzvlüyü ilə bağlı konkret qərarı yoxdur. Ömər Çelikin açıqlaması Türkiyənin BRICS-ə üzvlüyü ilə bağlı məsələdə ziddiyyətli məqamlar olduğunu göstərsə də, Türkiyəni bu təşkilatda səbirsizliklə gözləyirlər.
Türkiyənin BRICS-ə üzvlüyündə Rusiya ilə yanaşı, Çin də maraqlıdır. Hələ ötən ilin avqustunda Çinin Ankaradakı səfiri Liu Şaobi Türkiyə avrasiyaçılarının ruporu olan “Aydınlık” qəzetinə müsahibəsində bildirmişdi ki, Pekin Türkiyənin BRICS-ə qoşulmasını istəyir. Qeyd edək ki, Türkiyədəki avrasiyaçıların ruporu olan “Aydınlık” qəzeti və onun sahibi Doğu Perinçek Rusiyanın Ukraynaya qarşı müharibəsini birmənalı dəstəkləməklə yanaşı, Krımı Rusiya torpağı hesab edir. Avrasiyaçılar Türkiyənin NATO-dan çıxmasını və üzünü Şərqə, Çin və Rusiyaya çevirməsini təbliğ edirlər. İndi belə görünür ki, Ankara üzünü Şərqə çevirir. Qeyd etmək lazımdır ki, Türkiyənin üzünün Qərbdən Şərqə çevirməsi ilə bağlı müzakirələr Rusiyanın üzünü Şərqə çevirməsindən sonra daha da güclənib. Ukraynaya qarşı müharibədə Rusiyanın mövqeyini dəstəkləyən qüvvələr Qərbin Kiyevə dəstəyini Avrasiyada geosiyasi balansı pozmaq cəhdi kimi dəyərləndirirlər. Ankaranın siyasi düşüncə mərkəzlərində belə bir rəy hakimdir ki, Avrasiyada geosiyasi balansın Qərbin xeyrinə dəyişməsi Türkiyənin maraqları üçün təhlükə yarada bilər. Ona görə də Ankarada əksər ekspertlər Türkiyənin üzünü Şərqə çevirməsini qızğınlıqla təbliğ və təşviq edirlər.
Türkiyənin üzünü Şərqə çevirməsini təbliğ edənlər mövqelərini gücləndirmək üçün BRICS genişləndikdən sonra dünya neft ehtiyatlarının təxminən 45 faizinə sahib olacağını, bu platformanın ümumi daxili məhsulunun dünya ÜDM-nin 37 faizini təşkil edəcəyini həvəslə təbliğ edirlər. Bu zaman BRICS-ə üzv ölkələrin ümumi ərazisinin 48,5 milyon kvadratkilometr olmaqla Yer səthinin təxminən 36 faizini, dünya əhalisinin 46 faizi və ya 3,6 milyard insanı əhatə etdiyini dəlillərinə əlavə edirlər. BRICS-ə 20-dən çox ölkənin üzv olmaq üçün müraciət etməsi isə əsas siyasi arqumentə çevrilib. BRICS-in genişlənərək üzvlərinin sayına görə Avropa İttifaqı və NATO-ya çatacağı, iqtisadi gücünə görə “Böyük yeddilər”ə alternativ olacağı ehtimal edilsə də, bunlar görüntüdən başqa bir şey deyil. BRICS rəsmən 2009-cu ildə yaradılsa da, bu platformanın formatı hələ tam bəlli deyil. BRICS-in ittifaq və yaxud alyans olduğunu təsdiq edən heç bir rəsmi sənəd mövcud deyil.
BRICS-in görüntü olduğunu təsdiq edən ikinci məqam isə ondan ibarətdir ki, kağız üzərində çox işlər görülsə də, gerçəklikdə mənzərə tamamilə fərqlidir. Xüsusilə dolların hegemonluğundan xilas olmaq, milli valyutalarla ticarətə keçmək təşəbbüsləri söz olaraq qaldı. Rusiya Hindistana nefti rupi ilə satıb, amma aldığı 3 trilyon rupidən istifadə edə bilmir. Rusiya şirkətlərinin təxminən 32 milyard dollara bərabər 3 trilyon rupidən effektli istifadə edə bilməsi üçün Rusiya rəsmilərinin Hindistan hökuməti ilə uzun danışıqları hələlik heç bir nəticə verməyib. Rusiyalı iş adamları bildirirlər ki, bu pulların onlar üçün adi kağızdan fərqi yoxdur. Ona görə də Rusiyanın enerji şirkətləri neft və qaz satışını ABŞ dolları və ya avro ilə həyata keçirməyin tərəfdarıdır. Digər tərəfdən, Rusiyanın bank-maliyyə qurumları da enerji daşıyıcılarının dollar və ya avro ilə satılmasından yanadırlar. Çünki ölkənin valyuta ehtiyatlarında dollar və avronun çəkisinin aşağı düşməsi rublun öz dəyərini sürətlə itirməsinə səbəb olur. Çin, Hindistan, Braziliya, Cənubi Afrika üçün rublla ticarət sərfəli deyil. BRICS-ə üzv ölkələrin yaratdıqları bank və fondlar Qərb fondları - Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə rəqabət aparmaq imkanında deyil. BRICS-in yaratdığı maliyyə fondunun BVF ilə müqayisədə valyuta ehtiyatı 10 dəfə azdır.
BRICS-in G7-yə və ya Avropa İttifaqına alternativ olmaq, onlarla rəqabət aparmaq imkanını məhdudlaşdıran məqamlar isə yalnız iqtisadi amillər deyil. Burada iqtisadi səbəblərlə yanaşı, siyasi səbəblər də var. Hindistan BRICS-in antiqərb bloku kimi tanınmasını istəmir. Qərblə çox yaxşı münasibətlərə malik Hindistan bu əlaqələri təhlükəyə atmaq istəmir. Eyni zamanda, Hindistan yaxın gələcəkdə “Böyük yeddilər”ə qoşulmaq ehtimalını da itirmək istəmir. Nyu-Dehli dünyanın aparıcı 10 demokratik ölkəsini - ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, Avropa Birliyi, Hindistan, Avstraliya və Cənubi Koreya - birləşdirən “D10” formatına daha çox rəğbət bəsləyir. Vaşinqton və Londonun “D10” təşəbbüsü gələcək dünya nizamının “D10”nın rəhbərliyi altında “qaydalara əsaslanan demokratik nizam”la müəyyənləşməsini təmin etməlidir.
BRICS-də belə siyasi-ideoloji birlik mövcud deyil. Üstəlik, BRICS-in iki ən böyük dövləti Çinlə Hindistan arasında strateji rəqabət var. Hindistan özünün demokratik sistemini Çinin təkpartiyalı totalitar sisteminə qarşı qoyur. Bundan başqa, Çin və Hindistan mübahisəli ərazi səbəbindən münaqişə vəziyyətindədirlər. BRICS-in sonuncu sammitindən cəmi bir həftə sonra Çinin Rusiya və Hindistanın ərazilərinin bir hissəsini xəritədə öz sərhədləri daxilində göstərməsi də bunun sübutudur. Rusiya rəsmiləri Amur çayı üzərindəki Böyük Ussuriyski adasının Çinin sərhədləri daxilində göstərilməsinə etiraz etməyə cəsarət etməsə də, onların hindli həmkarları sərt mövqe bildirmişdilər. Hindistanın xarici işlər naziri Arindam Bakçi ölkəsinə aid torpaqların Çin ərazisi kimi göstərilməsinə dözməyəcəklərini, Nyu Dehlinin bir qarış torpağı da güzəştə getməyəcəyini qəti şəkildə bəyan etmişdi.
Bütün bu problemlərlə yanaşı, BRICS-in effektli olmasına imkan verməyən digər önəmli məqamlar da var. BRICS üzvlərinin ümumi cəhətləri çox azdır. İndi bu formatı məlum olmayan assosiasiyaya Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin qatılması ilə tamamilə ziddiyyətli birliyə çevriləcək.
Türkiyənin Çin və Rusiya ilə ticarət dövriyyəsi Pekin və Moskvanın maraqlarına uyğundur. Lirənin dəyərdən düşməsi, Türkiyənin ənənəvi sənaye sahələrinin Çin məhsulları ilə rəqabətə davam gətirməyərək tənəzzül, bəzilərinin isə ümumiyyətlə, iflas etməsi Ankaranın üzünü Şərqə doğru çevirməsinin ilk acı nəticələridir. Türkiyə BRICS-ə üzv olduqdan sonra iqtisadi vəziyyəti daha da pisləşəcək. Belə demək olar ki, Ankaranı BRICS-ə qoşulmağa həvəsləndirən Türkiyəni bürümüş antiqərb isterikasıdır. Türkiyə bu addımı atarsa, onun acı nəticələrini dadmaq üçün çox gözləməli olmayacaq.