Logo
news content

Türkiyə-ABŞ: “ayrılsaq da, bərabərik…”
Ərdoğan-Bayden görüşündə ciddi tərəqqi əldə olunmasa da, tərəflər problemlərin çözümü üçün ortaq mexanizm yaratmağa qərar veriblər

Oktyabrın 31-də Romada, G-20 zirvəsi çərçivəsində, Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş keçirilib. Xatırladaq ki, Baydenin prezident seçilməsindən sonra liderlər ilk dəfə bu ilin iyun ayında Brüsseldəki NATO zirvəsində bir araya gəlmişdilər. 

İki müttəfiq ölkə arasında Obama dönəmindən bəri kifayət qədər problemlər yığılıb qalıb. Əslində cümhuriyyət tarixinə nəzər salanda Türkiyə-ABŞ əlaqələrinin problemsiz cərəyan etmədiyini, enişli-yoxuşlu inkişaf trendinə malik olduğunu, zaman-zaman ciddi gərginliklərin baş verdiyini görmək olar. Amma Azərbaycan ictimaiyyəti arasında nədənsə belə fikir hakimdir ki, Türkiyə Ədalət və İnkişaf Partiyası (Ak Parti) iqtidarı öncəsində ABŞ-ın müti tərəfdaşı və onun dediyi ilə oturub-duran yarımmüstəqil bir dövlət olub. Təbii ki, bu tip fikirlərin həqiqətlə əlaqəsi yoxdur. ABŞ-Türkyə münasibətlərinin hansı mərhələlərdən keçib günümüzə gəldiyini bu yazıda geniş izah etmək və xatırlatmaq fikrində deyilik, çünki olduqca əhatəli mövzudur. Sadəcə, bu mövzuda məhdud məlumata və ya yanlış təsəvvürlərə malik olanlara tövsiyə kimi qeyd edə bilərik ki, müttəfiqlik münasibətləri qurulduqdan bəri iki Ankara-Vaşinqton xəttində baş verən önəmli hadisələr - məsələn, 1960-cı illərin əvvəllərində Kipr böhranı zamanı İnönü hökumətinin reaksiyası; 70-ci illərin əvvələrindəki “Xaşxaş böhranı” zamanı Ecevit hökumətinin davranışı; Ecevit-Ərbakan hökumətinin 1974-cü ildə “Kıbrıs Barış Hərəkatı”na necə qərar verməsi; 1975-ci ildə ABŞ-ın Türkiyəyə silah embarqosu tətbiq etməsinə cavab olaraq Dəmirəl hökumətinin ölkə ərazisindəki ABŞ hərbi bazalarını bağlaması və 5 min ABŞ əsgərini ölkədən çıxarması barədə materialları internetdən tapıb, oxusunlar. Yaxın keçmişin ən məşhur böhranı - 2003-cü ilin “1 mart tezkeresi” olayını da xatırlatmaq yerinə düşər. ABŞ ordusunun İraqa hücum üçün Türkiyə ərazisindən istifadəsinə icazə verən bu qərar layihəsi yenicə hakimiyyətə gəlmiş Ak Parti hökuməti tərəfindən TBMM-yə təqdim edilmiş, lakin kamalist sistemin müqaviməti nəticəsində parlamentdən keçməmişdi. “1 mart tezkeresi” və ondan sonra baş verən “çuval olayı” (İraqın şimalında ABŞ hərbçilərinin bir qrup türk əsgərinin başına çuval keçirərək onları həbs etməsi) ABŞ-Türkiyə münasibətlərində ciddi iz buraxaraq bu gün də öz təsirini göstərməkdə davam edir. Bu hadisə qarşılıqlı etimadsızlığı dərinləşdirdi, Pentaqonda Türkiyəyə etibarsız müttəfiq kimi baxılmasına səbəb oldu, Türkiyədə isə antiamerika əhval-ruhiyyəsini gücləndirdi.   

Bugünə qayıdıb, Türkiyə-ABŞ münasibətlərində başlıca problemləri xatırladaq. ABŞ-ın PKK terror təşkilatının Suriya qolu PYD/YPG qruplaşmasına aktiv dəstəyi, onları silahlandırması Türkiyənin narazılığına səbəb olan əsas məsələdir. Vaşinqton isə PKK-nı rəsmən terror təşkilatı hesab etsə də, PYD/YPG-ni ayrı tutur və onun terrorçu olmadığını, bu qruplaşma ilə əməkdaşlığının Türkiyəyə qarşı yönəlmədiyini bildirir. ABŞ-ın Türkiyənin dövlət bankı “Halkbank”ı İrana qarşı sanksiya rejimini pozmaqda (Rza Zərrab qalmaqalı) ittiham etməsi və bununla bağlı aparılan məhkəmə araşdırması Ankarada narahatlıq doğuran başqa bir problemdir. Bu araşdırmanın sonunda “Halkbank”ın iri məbləğdə (bir neçə milyard dollar) cərimələnməsi riski var ki, belə bu qərarın neqativ təsiri təkcə həmin bankla məhdudlaşmayacaq və bütövlükdə Türkiyə iqtisadiyyatına sirayət edəcək. ABŞ-ın Türkiyənin terror təşkilatı hesab etdiyi FETÖ-nün lideri Fətullah Gülənə sığınacaq verməsi də iki ölkənin dialoqunda Ankara tərəfindən gündəmə gətirilən mövzulardan biridir. Ötən müddətdə Vaşinqton Ankaradan Gülənin cinayət əməlləri barədə konkret dəlil-sübutlar təqdim olunmasını istəmiş, Türkiyə Ədliyyə Nazirliyi bu barədə dosye göndərmişdi. Hazırda hüquqi prosedurların hansı mərhələdə olduğuna dair məlumat yoxdur, heç Türkiyə hökumətinin də son vaxtlar bu mövzuya xüsusi marağı hiss olunmur. Gülən məsələsi arxa plana keçib. Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi satın alması isə əksinə, hazırda ikitərəfli münasibətlərin inkişafına mane olan 1 saylı problem kimi ABŞ tərəfindən gündəmdə saxlanılır. ABŞ-ın bu alış-verişə cavab olaraq Türkiyəni “F-35” proqramından çıxarması kifayət qədər ciddi sanksiya kimi qiymətləndirilə bilər. Türkiyə bu proqramın 9 iştirakçısından biri və beşinci nəsil döyüş təyyarələrinin bəzi ehtiyat hissələrinin istehsalçısı idi. Aviaparkı köhnəlməkdə olan Türkiyə Hava Qüvvələri üçün 100 ədəd “F-35” alınması nəzərdə tutulmuşdu, bunun nəticəsində ölkə regionda öz hava üstünlüyünü qorumuş olacaqdı, həm də istehsalçı kimi bu layihədən gəlir əldə ediləcəkdi. Baş tutmadı və Türkiyənin “F-35” proyektindən çıxarılması proseduru bu il sentyabrın 23-də səssiz-səmirsiz yekunlaşdı...      

Təzada diqqət edək: Türkiyə 2,5 milyard dollara Rusiyadan S-400 aldı. Nəticədə “F-35”dən məhrum oldu və ABŞ sanksiyalarından ehtiyatlanaraq indi S-400-ü də işlədə bilmir. “Həm Əli aşından, həm Vəli aşından olmaq” yəqin belə vəziyyətlərə aid deyimdir. Hazırda Türkiyə hökuməti “F-16 Block70” hərbi təyyarələri satın alınması və əlindəki “F-16”ların modernizasiyası üçün ABŞ-la danışıqlar aparır. Romada 1 saat 10 dəqiqə davam edən Ərdoğan-Bayden görüşündə bu mövzu başda olmaqla, ikitərəfli münasibətlərdə problem yaradan bəzi məsələlər müzakirə olunub. 



Əvvəl 20 dəqiqə planlaşdırılan müzakirənin 70 dəqiqə sürməsi və xarici siyasət idarələri rəhbərlərinin də söhbətə qatılması bu təmasın görüş xətrinə görüş olmadığını və tərəflərin konstruktiv əhvala kökləndiyini söyləməyə əsas verir. Türkiyə prezidentinin kommunikasiya idarəsindən (İletişim Başkanlığı) verilən açıqlamada da bildirilir ki, görüş pozitiv atmosferdə keçib. Əsas nəticə budur ki, iki lider əlaqələri daha da inkişaf etdirmək və gücləndirmək üçün ortaq mexanizm yaradılması barədə razılığa gəlib.  

Ağ Evdən verilən açıqlamada isə Türkiyənin önəmli bir NATO müttəfiqi olduğu vurğulansa da, S-400 probleminin Bayden tərəfindən gündəmə gətirildiyi qeyd olunub. Bu problem F-16 alqı-satqısında da Türkiyənin qarşısına əngəl kimi çıxarılır, belə ki, Konqres üzvlərinin bir qrupu ABŞ dövlət katibinə məktub yazaraq S-400-dən imtina olunmayacağı təqdirdə, Türkiyəyə yeni silah sistemlərinin satışına qarşı olduqlarını bildiriblər. Qeyd etmək lazımdır ki, Konqresdəki yunan və erməni lobbiləri son illər Türkiyə ilə münasibətlərdə yaranmış problemlərdən yararlanaraq fəaliyyətlərini xeyli aktivləşdiriblər. Türkiyənin Konqresdəki köhnə dostları – İsrail lobbisi ilə bəzi mötədil respublikaçı və demokratlar isə Türkiyəni artıq dəstəkləmirlər.  

Bayden Ərdoğanla görüşdə insan haqlarına və demokratik qurumlara hörmətin vacibliyini də vurğulayıb. Bu kontekstdə Osman Kavala məsələsini xatırlatmaq yerinə düşər. Görüş ərəfəsində ABŞ səfiri də daxil olmaqla, 10 dövlətin Ankaradakı səfirlərinin türk insan haqları aktivisti və iş adamı Kavalanın həbsdən buraxılmasını tələb etməsindən sonra onların “persona non qrata” elan olunması barədə Ərdoğanın tapşırığı yerinə yetirilsəydi, diplomatiya tarixində bənzəri olmayan qalmaqal yaşanacaqdı və Ərdoğan-Bayden görüşü də baş tutmayacaqdı...    

Bəzi türkiyəli ekspertlər iyun ayındakı Brüssel görüşünün nəticələrini “anlaşdıq ki, anlaşa bilmirik” şəklində qiymətləndirmişdi. Yəni tərəflər ortaq qənaətə gəlmişdi ki, bu mərhələdə poroblemləri həll edə bilməsək də, onları dərinləşdirməyi də lazım bilmirik, münasibətləri stabil saxlamalıyıq. Roma görüşündə münasibətlərin inkişafı üçün ortaq mexanizmin yaradılması barədə razılıq bu baxımdan irəliyə doğru addım kimi görünsə də, hələ ki ciddi tərəqqidən danışmaq mümkün deyil. ABŞ tərəfinin bu mərhələdə məsələləri daha çox zamana yaymağa çalışdığını, münasibətlərdə ən azından qopma, qırılma baş verməməsinə çalışdığını görürük. İki ölkə münasibətlərinin hazırkı durumunu türk serial sənayesinin kult məhsullarından birinin oksimoron adı ilə obrazlı şəkildə belə xarakterizə etmək olar: ayrılsak da beraberiz... Yəni bir çox məsələdə ciddi fikir ayrılıqları olsa da, tərəflər birlikdə çalışmağa davam edir. Bunun örnəklərindən  biri də Qara dəniz regionudur. 



Qara dəniz bölgəsinə diqqətini artırdığı və bu istiqamətdə maraqlarını konkretləşdirdiyi bir dönəmdə ABŞ-ın (eləcə də NATO-nun) Türkiyə kimi önəmli sahilyanı müttəfiq ölkəni gözardı etmək lüksü yoxdur. Elə dünən (1 noyabr) ABŞ-ın 6-cı donanmasının flaqmanı və komanda-qərargah gəmisi “USS Mount Whitney” İstanbulda – Sarayburnunda lövbər atıb. “Mount Whitney” Qara dənizə hərəkət edərək orada olan “USS Porter” esminetsi ilə birlikdə hərbi təlimlərə qatılacaq. Məqsəd Qara dənizdə NATO-nun müntəzəm mövcudiyyətini təmin etməklə Rusiyanın orada hegemonluq qurmasını əngəlləmək və Ukraynaya dəstək nümayişidir. Türkiyə də ABŞ-la yaşadığı problemlərə rəğmən NATO çərçivəsindəki öhdəliklərini yerinə yetirməyə davam edir.  

Ehtimal etmək olar ki, Türkiyə daxilindəki vəziyyət, dəyişən tarazlıqlar və ictimai rəy haqqında məlumatlı olan Vaşinqton yaxın gələcəkdə bu ölkədə baş verə biləcək siyasi dəyişiklikləri gözləyir və bəyaz səhifə açaraq ikitərəfli problemləri növbəti hökumətlə hərtərəfli müzakirə etməyi düşünür...