Logo
news content

Rusiyanın “qaçaqmalçılıq” planları: KQB polkovniki kimə xəbərdarlıq edir?
Bu planlarda Azərbaycanın yeri barədə mühüm məlumat

Yuri Şvetsin geosiyasi təhlillər və kəşfiyyat məlumatları əsasında YouTube kanalındakı 6 mart çıxışı diqqətdən kənar qala bilməz. Əvvəla, ona görə ki, Svets sıradan birisi deyil. Bu yüksək rütbəli KGB zabiti Xarici Kəşfiyyat Akademiyasında Putinlə bir yerdə oxuyub, sovet dövründə Vaşinqton rezidentliyində işləyib, əli hər iki ölkənin prezident komandalarına qədər uzanıb. Sonradan Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəsini kəsərək, ABŞ-a köçüb. Xəfiyyələr haqqında bir çox sənədli əsərlərin məsləhətçisi, əsas informasiya mənbəyidir. 2006-ci ildə ABŞ Federal Tədqiqat İdarəsinin (ABŞ) keçmiş əməkdaşı Aleksandr Litvinenkonun zəhərlənməsi işində də Şvetsin adı əsas şahidlər sırasındadır.

Bir gün ərzində milyondan artıq izləyici toplamış həmin çıxışında Şvets “ciddi mənbələrə və dəqiq məlumatlara” əsaslandığını bildirərək, deyir: 

“Məlum olub ki, bir sıra ölkələr, o cümlədən keçmiş Sovet İttifaqı ərazisindəki müstəqil dövlətlər Kremllə məxfi danışıqlar aparıblar və Rusiyaya şamil edilən sanksiyalardan yan keçməkdə Moskvaya gizli yardım göstərməyə razılıq veriblər. Gürcüstan, Azərbaycan, Ermənistan bu dövlətlərdəndir... Söhbət, məsələn, Gürcüstanın Rusiyadan digər ölkələrə və geriyə hava yolu ilə yük daşınmaları üçün xaba (şəbəkə mərkəzinə - red.) çevrilməsindən gedir. Yəni, müxtəlif mallarla yüklənmiş rus təyyarələri orada enəcəklər, yarlıqlar və möhürlər dəyişdiriləcək, Rusiya malları Gürcüstan məhsulları kimi yola davam edəcək. Bu, bir vaxtlar – 2014-cü ildən sonra – Belarusun Rusiya Federasiyası üçün ən iri “neft məhsulları ixracatçısına” çevrilməsinə bənzəyir. Nə isə bunun kimi bir şey quraşdırmaq istəyirlər... Mən başa düşürəm ki, Baltika ölkələrini çıxmaq şərti ilə, keçmiş sovet respublikalarının əksəriyyətində bu və ya digər dərəcədə korrupsiyaya bulaşmış rejimlər qərar tutublar. Burada isə böyük pulların iyi gəlir. Kremlin çıxış yolu yoxdur, o, sanksiyalardan yan keçməkdə kömək üçün bu dövlətlərin müvafiq məmurlarına, bəlkə də, milyardlar verməyə hazırdır. Ancaq ABŞ hökuməti bu planlar haqqında məlumatlıdır və vəziyyəti diqqətlə izləyir... Plan işləməyə başlayan kimi gizlinlər aşkar olacaq. Hansısa yüksək rütbəli məmurlar arada böyük pullar qazanacaqlar, onların ölkələri isə Rusiyayla bir qayıqda qalacaqlar və beynəlxalq sanksiyalarla hesablaşmadıqları üçün cəzalandırılacaqlar. Həmin ölkələrin özlərinə qarşı eyni sanksiyalar tətbiq ediləcək, insanları əziyyət çəkəcəklər. Ona görə əliəyri dövlət xadimlərinizə nəzarət edin. Elə olmasın ki, onlar sizin ölkələrinizi indi Rusiya Federasiyasının üzləşdiyi vəziyyətə salsınlar... İş başlayıb. Ötən həftənin son iki günündə Gürcüstanda 200-dək Rusiya şirkəti qeydiyyatdan keçirilib. Onların bu əməliyyatda iştirakı planlaşdırılır. Mən hətta dediyim ölkələrin məmurlarını da bir məsələyə diqqət yetirməyə çağırıram: ilk baxışdan hələ ki Rusiyanın ən böyük müttəfiqi kimi görünən Çin belə Moskvaya köməyə tələsmir; Çin bankları rus neftinin idxalı üzrə əməliyyatları maliyyələşdirmirlər”. 

Mənbəyinə və mahiyyətinə görə əhəmiyyətli olan bu məlumatları redaksiya imkanları daxilində yoxlamaq çox çətindir. Bəzi faktlar, həqiqətən, söylənilən mülahizələrə əsas verir. Uzun müddət Gürcüstanla kəskin münaqişədə olan Rusiya son vaxtlar birdən-birə Tbilisiyə körpülər salmağa başlayır. Fevralın 5-də Rusiyanın dövlət nəzarət orqanları Gürcüstana təzyiqin zəiflədilməsi və ticarət sahəsində qadağaların aradan qaldırılması niyyətində olduğunu bildirir. Ertəsi gün gürcü hökumətinin üzvləri də iki ölkə arasında ticarət əlaqələrini genişləndirməyin mümkünlüyünü, Rusiyanın Ukrayna ilə münasibətlərinin buna maneə yaratmadığını bəyan edir. Ötən həftə xeyli rus şirkətinin Gürcüstanda qeydiyyatdan keçməsi barədə məlumat da təsdiqini tapır. Rusiyanın Ukraynaya təcavüzü, qismən də gürcü rəhbərliyinin buna etinasız yanaşması əleyhinə Tbilisidə keçirilən izdihamlı mitinqlərin bir ucunun axırda hara dirənəcəyi daha aydın görünür. 

Şvetsin adını çəkdiyi ölkələr arasında Gürcüstan həm qiymətlər, həm viza məsələləri (üstəgəl demokratik imic), həm də gömrük-vergi güzəştləri baxımından Qərblə gizli iqtisadi əlaqələr üçün Moskvaya daha yararlı ola bilər. Digər tərəfdən, Tbilisi ilə hava yollarının “darlığı”, Azərbaycana uçuşların dayandırıldığı indiki şəraitdə Rusiyadan Yerevana təyyarə reyslərinin kəskin artması da müəyyən mülahizələr doğurur.

Əlbəttə, diplomatik, hərbi və iqtisadi kəşfiyyat sahəsində böyük təcrübəyə, ciddi məlumatlara malik Şvetsin cızdığı bu “riskli qaçaqmalçılıq” planında Bakının yeri daha müəmmalı görünür. Ola bilsin ki, o, Azərbaycanın enerji daşıyıcılarısahəsində başqalarından xeyli geniş imkanlara malik olmasını nəzərdə tutur. Ya da qabaqdangəlmişlik edərək, ən ümumi şəkildə istinad etdiyi mənbələrin “xəbərdarlığını” ünvanlara çatdırır. Maraqlıdır ki, bu zaman o, üzünü birbaşa Rusiya ilə gizli sövdələşmələrin potensial iştirakçılarına deyil, bundan daha çox əziyyət çəkə biləcək insanlara tutur.