Logo
news content

Qonşular üçün raşizm təhlükəsi
“Rusiyanın qanuni maraqları” ilə “Almaniyanın qanuni maraqları” arasında fərq varmı?

Yel Universitetinin professoru, Şərqi Avropa, Ukrayna, Belarus, Litva, Polşa və Rusiyanın müasir tarixi üzrə ən nüfuzlu tarixçi hesab olunan Timoti Şnayder (Timothy David Snyder) hesab edir ki, başqalarına “faşist” damğası vurmağı dövlət siyasətinə çevirən Rusiyanın özü faşist dövlətidir. Professor Şnayder hesab edir ki, Rusiyanın faşist dövləti olduğunu göstərən beş əlamət mövcuddur. 

Birincisi, Hitler Almaniyasında olduğu kimi, Rusiyada bir liderə - Putinə pərəstiş var.

İkincisi, Putin rejimi imperiyanın tarixi böyüklüyü barədə əfsanələr yaradıb və bu böyüklüyün qaytarılmasını müqəddəs vəzifəyə çevirib. 

Professor hesab edir ki, ayrı-ayrı xalqlara, millətlərə və insan qruplarına qarşı nifrət Rusiyanın faşist dövləti olduğunu təsdiqləyən üçüncü dəlildir. 

Dördüncüsü, Hitler Almaniyasında olduğu kimi, Putin Rusiyasında da mənsubiyyət nişanəsini göstərən vizual rəmzlər (Z və V) mövcuddur. 

Putini dəstəkləyən kütləvi tədbirlərin keçirilməsi, güclü təbliğat maşınının mövcudluğu və imperiyanın böyüklüyü uğrunda ölənlərin pərəstiş obyektinə çevrilməsi, Şnayderin qənaətinə görə, Rusiyanın faşist dövləti olduğunu sübut edən beşinci əlamətdir. 

Professor Timoti Şnayder “Ukraynadakı müharibəsi yeni söz yaradıb” (The War in Ukraine Has Unleashed a New Word) başlıqlı məqaləsində raşizm (rus faşizmi) ifadəsinin yaranmasını ukraynalıların söz yaradıcılığının məhsulu hesab etsə də, bu ifadənin elmi əsaslandırması professorun özünə məxsusdur. Əgər professor Şnayder Putin rejiminin faşist dövləti olduğunu elmi əsaslarla sübut etməsəydi, bu ifadə siyasi ədəbiyyata daxil olmazdı. 

Professor Şnayderin elmi əsaslandırmasına onu da əlavə etmək olar ki, Hitler Birinci Dünya Müharibəsindən sonra alman xalqının hüquqlarının pozulduğuna inandığı kimi, Sovet İttifaqının dağılmasını “20-ci əsrin ən böyük geosiyasi fəlakəti” hesab edən Putin də 25 milyon rusun hüquqlarının pozulduğuna inanır. Putin hesab edir ki, Sovet İttifaqının dağılması ilə Rusiya tarixi torpaqlarını itirib. Rusların hüquqlarının müdafiəsi və “itirilmiş tarixi torpaqlar”ın qaytarılması adı altında Ukraynaya qarşı işğalçı müharibə Putin Rusiyasının Hitler Almaniyası ilə eyni mahiyyətə malik olduğunu göstərir. 

Professor Şnayder haqlı olaraq yazır ki, çoxları indiki Rusiyanı faşist dövləti adlandırmaqdan çəkinir. Çünki faşizm üzərində qələbəni Sovet İttifaqının təkbaşına xidməti kimi təqdim edən Putin rejiminin təbliğatının təsiri altına düşüblər. Putin rejimi Hitler Almaniyası üzərində qələbəni inhisara almaqla Rusiyanın müstəsna hüquqa sahib olduğunu postulata çevirməyə çalışıb və müəyyən qədər də buna nail olub. Halbuki, Sovet İttifaqı 1933-1941-i illərdə Hitler Almaniyası ilə sıx əməkdaşlıq edib. Alman təyyarələri Londonu bombalayanda da Sovet İttifaqı Hitlerlə əməkdaşlığı davam etdirirdi.

İndi isə Putin Rusiyası üçün “faşist” onun Ukraynanı məhv etmək planına qarşı çıxanlardır. Rusiya işğalına qarşı müqavimət göstərən ukraynalılar isə Putinə görə “nasist”lərdir. Çünki özlərini rus hesab etmirlər və fərqli milli kimliyə sahib olduqlarını bəyan edirlər. Putin Rusiyasının Ukraynaya və ukraynalılara qarşı siyasəti isə yeni meydana çıxmayıb və təxminən 400 illik bir tarixi var. Dörd əsirdir ki, rus hökmdarları ukraynalıların milli kimliyini məhv etməyə, onları rus xalqının bir hissəsinə çevirməyə çalışıblar. 

Buna görə də professor Şnayder haqlı olaraq qeyd edir ki, Ukrayna ilə müharibə ənənəvi faşist üsullarına qayıdışdır. Rusiyanın Ukraynaya qarşı müharibəsində “faşist” - rusların heç bir mərhəmət göstərmədən öldürməsinə icazə verilən düşməndir. Bunun bariz nümunələrini Buça, Mariupol və Ukraynanın bütün işğal olunmuş ərazilərində görmək mümkündür. Bu ərazilərdəki kütləvi məzarlıqlar Rusiya ordusunun törətdiyi qırğınların nəticəsidir.

Rusiyanın faşist dövləti olduğunu göstərən digər elmi dəlil isə 1995-ci ildə Rusiya Elmlər Akademiyasının o zamankı prezident Boris Yeltsinin göstərişi ilə faşizmə verdiyi tərifdir. Bu tərifə görə, “Faşizm müəyyən bir millətin və ya irqin üstünlüyünü və müstəsnalığını təsdiq edən və milli dözümsüzlüyü qızışdırmağa, başqa xalqların nümayəndələrinə qarşı ayrı-seçkiliyə haqq qazandırmağa, demokratiyanı inkar etməyə, liderə pərəstişkarlığı bərqərar etməyə, zorakılığa və terrora yol açan, dövlətlərarası problemlərin həlli vasitəsi kimi müharibəyə haqq qazandıran ideologiyadır”. 

Putin Rusiyanın müstəsnalığını təbliğ edərkən hətta Rusiyanın Allah tərəfindən idarə olunmasını da söyləməkdən çəkinmir. Putin XVIII əsrdə yaşamış feldmarşal Miniçə aid edilən fikirdən sitat gətirərək, Rusiyanın Tanrı tərəfindən idarə olunan bir ölkə olduğunu iddia edir. Halbuki, feldmarşal Burçard Kristof Miniç belə bir ifadə işlətməyib. Bu ifadə feldmarşalın Rusiya İmperiyasının gömrük xidmətinin baş direktoru olmuş oğlu İohanna məxsusdur. Lakin Putin sitatın mötəbərliyini şübhə altına almamaq üçün tarixi saxtalaşdırır. 

Ukraynanın dinc şəhərlərini dağıdıcı raketlərlə məhv etməsini şərh edən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov demişdir ki, Ukrayna “Rusiyanın qanuni maraqları”nı tanısa, Ukrayna xalqının əzabına son qoyacaqlar. Rusiyanın Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı “qanuni maraqları” bu coğrafiyadakı ölkələr və xalqların Moskvanın əsarəti altında olmasından ibarətdir.

Rusiya prezidentinin köməkçisi və sözçüsü olan Peskovun yuxarıda qeyd etdiyim fikri 1940-cı il iyulun 17-də Reyxstaqda çıxışı zamanı Hitlerin Böyük Britaniyaya ünvanlanmış bədnam fikrinin rus variantıdır. Britaniyanın dinc şəhərlərinin bombardman edilməsindən danışan Hitler demişdi ki, London Almaniyanın qanuni maraqlarını tanısa, Britaniya əhalisinin iztirablarına son vermək üçün hərbi əməliyyatları dayandıra bilərlər. Bu nümunə faşizmlə raşizmin eyni mahiyyətə malik olduğunun, eyni məntiqlə hərəkət etdiyinin sübutudur. 

Rusiyanın Ukraynadakı hərbi-siyasi uğursuzluğu dərinləşdikcə raşizm daha da azğınlaşır və qabarır. Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy bəyan edib ki, Ukrayna məsələsini bitirməsək, Qazaxıstanla, Ermənistanla və digər respublikalarla problem yaranacaq. Almatı da daxil olmaqla, Qazaxıstanın əksər şəhərlərini rus torpağı adlandıran Tolstoy deyir ki, qazaxlar və digərləri müstəqil dövlət nağılına o qədər aludə olublar ki, latın qrafikalı əlifbaya keçmək də daxil bir çox istəklərə düşüblər. Rusiyadakı rejimin əsas simalarından olan Pyotr Tolstoyun bu mövqeyi raşizmin nə qədər təhlükəli olduğunu və Rusiyanın bütün qonşuları üçün təhlükə yaratdığını göstərir. Raşizmin faşizmdən daha təhlükəli olduğunu göstərən digər məqam ondan ibarətdir ki, Rusiya rəsmiləri tez-tez bütün dünyanı nüvə külünə çevirəcəklərini bəyan edirlər. Raşizmin hakim ideologiyaya çevrildiyini Rusiyanın xalq artisti Oleq Qazmanovun postsovet respublikalarını təhdid edən “Rus dünyası” adlı mahnısı da təsdiq edir. Mahnıda Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş respublikalar “ölkədən kənarda qalan”, “vətənin bir hissəsi” kimi ifadələrlə anılır. Mahnıda Rusiyanın həmvətənlərini qorumaq və ya başqa səbəblərdən bu dövlətlərlə müharibəyə başlaya biləcəyinə işarələr edilir. “Bizimkiləri incidən sonra peşman olacaq”. Qazmanovun mahnısında “bütün bəşəriyyəti xilas etmək missiyası”nın Rusiyaya həvalə edildiyi tərənnüm edilir ki, bu da raşizmin ən qabarıq əlamətidir. Mahnı “Müharibələr bitəcək və yeni rus dünyası gələcək” ifadəsi ilə bitir.

Bütün bunlar raşizm təhlükəsinin nə qədər qorxunc olduğunu göstərir və Rusiyanın bütün qonşuları üçün xəbərdarlıq olmalıdır.