Logo
news content

Prezident seçkisi qədər önəmli - TƏHLİL
Konqresə seçkilər nə vəd edir?

Donald Trampın yenidən Ağ evə qayıtmaq cəhdi noyabrın 5-də keçiriləcək prezident seçkisini bütün proses və hadisələrin önünə çıxararaq, siyasi müzakirələrin əsas mövzusuna çevirib. Halbuki, noyabrın 5-də prezident seçkisi ilə yanaşı, Konqresin hər iki palatasına da seçkilər keçiriləcək. Nümayəndələr Palatası tam tərkibdə yenidən seçiləcəyi halda, Senat üzvlərinin də 33-ü yenidən seçicilərin dəstəyini qazanmağa çalışacaq. 

Hazırda Konqresin üst palatası hesab olunan Senatda demokratların, alt palatası hesab olunan Nümayəndələr Palatasında isə respublikaçıların üstünlüyü var. Konqresin yalnız alt palatasında üstünlüyə malik olan respublikaçıların prezident Baydenin siyasətini həyata keçirməsinə nə qədər maneə yaratmaq gücündə olduğunu ABŞ-nin Ukraynaya yardımı ilə bağlı qanunvericilik aktının uzun müddət imkan verməməklərii aydın göstərdi. 

Prezident Senatın razılığı olmadan kadr təyinatı apara, Nümayəndələr Palatasının razılığı olmadan büdcə vəsaitlərini xərcləyə bilməz. Tramp prezidentliyi zamanı Meksika ilə sərhəddə hasar çəkmək istəsə də Nümayəndələr Palatasındakı çoxluğa malik demokratlar tələb olunan 5 milyard dolların büdcədən ayrılmasına imkan vermədikləri üçün dövlət başçısı əsas planlarından birini həyata keçirə bilməmişdi. Yəni prezidentin həyata keçirmək istədiyi siyasət önəmli şəkildə Konqresdən asılıdır. Buna görə də hər iki partiyanın rəhbərliyi, prezident seçkisi ilə yanaşı, Konqresə seçkilərə də ciddi hazırlaşır. Belə demək olar ki, ABŞ-ın siyasi səhnəsində əsas mövqeyə sahib olan hər iki partiya üçün Konqresə seçkilər prezident seçkisi qədər önəmlidir. 

Co Baydenin prezidentlik yarışından çıxmasının əsas səbəblərindən biri, bəlkə də birincisi Baydenin namizəd olaraq qalacağı halda Demokratlar Partiyasının Konqresə seçkiləri uduzacağı təhlükəsi idi. Co Baydenin seçki kampaniyasından çıxmasına ən ciddi təsiri Konqresdəki demokratlar göstərib. Demokratlar mövqelərini belə əsaslandırıblar ki, Co Baydenin namizəd olaraq qalacağı halda, prezident seçkisi ilə yanaşı, Konqresə seçkiləri uduzacaqlar. Bu narahatlıq isə əsassız deyildi. Keçirilən sorğular və araşdırmalar Co Baydenin qələbəsinə inamın azalmasının demokratların Nümayəndələr Palatası və Senata namizədlərinin də mövqeyinə mənfi təsir etdiyini üzə çıxarmışdı. 

ABC News kanalının bir məlumatında deyilirdi ki, Senatdakı demokrat çoxluğun lideri Çak Şumer və Nümayəndələr Palatasındakı demokrat azlığın lideri Hakim Jefris prezidentlə görüşərək, seçkidən çəkilməyəcəyi halda demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirmək şanslarını sarsıdacağını bildirFFiblər. Noyabrda Senata seçkidə iştirak edəcək konqresmen Adam Şiff də Co Baydenə prezidentlik yarışından çəkilməyi məsləhət görüb və bu mövqeyini prezidentlik yarışının Konqresə seçkilərə də təsir edəcəyi ilə izah edib. 

Co Baydenin prezidentlik uğrunda mübarizədən çıxması, vitse-prezident Kamala Harrisin demokratların namizədi olması vəziyyəti yenidən respublikaçıların əleyhinə dəyişməyə başlayıb. Məsələ ondan ibarətdir ki, Tramp, bütün hay-küyə baxmayaraq, Amerika cəmiyyətində populyar deyil. Unutmayaq ki, Tramp 2016 və 2020-cı il prezident seçkilərində demokrat partiyasının təmsilçisindən bir neçə milyon az seçicinin səsini alıb. Digər bir dəlil ondan ibarətdir ki, Trampın dəstəklədiyi namizədlər “tərəddüd edən ştatlar”da seçkilərin əksəriyyətini uduzdular. Doğrudur, Tramp bunu Respublikaçılar Partiyasındakı MAGA (Make America Great Again) əleyhdarının seçkidə passiv iştirakı, bunun nəticəsində demokratların seçicilərinin çoxluq təşkil etməsi ilə izah edərək, məsuliyyəti öz üzərindən atmışdı. Ümumiyyətlə, Tramp, bütün populist siyasətçilər kimi, uğursuzluq və məğlubiyyətə görə məsuliyyəti daim başqalarının üzərinə atır. Uğur və qələbələri isə özünün nailiyyəti kimi təqdim edir. Buna görə də 2020-ci il prezident seçkisindəki məğlubiyyətini bu günə kimi etiraf etməyərək, qələbəsinin oğurlandığını bəyan etməkdə davam edir. 

Tramp Co Baydenə qarşı təbliğatda da bu tezisdən çox istifadə edirdi və seçki kampaniyası zamanı daha fəal istifadə edəcəyi gözlənilirdi. Vitse-prezident Kamala Harrisin namizədliyi Trampın bu tezisini önəmli ölçüdə zərərsizləşdirdi. Son zamanlar Trampın 2020-ci ilin seçkisi ilə bağlı mövzuya müraciət etməməsi də bunun nəticəsidir. Ümumiyyətlə, Baydenin geri çəkilərək Harrisin namizədliyini dəstəkləməsi Trampın seçki strategiyasını tamamilə dağıdıb. 

Trampın vitse-prezidentliyə namizəd göstərdiyi senator Cey Di Vans respublikaçı donorlarla görüşdə etiraf edib ki, Baydenin bu addımı “nəfəs kəsici” zərbə olub. Çünki Baydenə qarşı istifadə edilən təbliğat tezislərinin əksəriyyəti Harrisə qarşı istifadə oluna bilməz. 

Kamala Harrisin namizəd olacağı məlum olduqdan sonra demokratların başına “pul yağmağa” başlayıb. Belə ki, iyul ayında demokrat donorlar Harrisin seçki kampaniyasına 310 milyon dollar bağışlayıblar. Bu, Donald Trampın seçki kampaniyası üçün iyul ayında topladığı 138,7 milyon dollardan iki dəfədən də çoxdur. Paralel olaraq, demokratların Nümayəndələr Palatasına və Senata namizədlərinin seçki kampaniyasına da dəstək artıb. ABŞ-də seçkinin nəticələrinə önəmli təsir edən məqamlardan biri də namizədlərdən hansının daha artıq pul toplamasıdır. Çünki bu, daha çox təbliğat imkanları yaradır. Digər tərəfdən, Kamala Harris namizəd olduqdan sonra 170 min insan könüllü qismində seçki kampaniyasına qoşulub. Bunların böyük əksəriyyətini Afrika və Asiya mənşəli insanlar təşkil edir. Kamala Harrisin irqi mənsubiyyətinin doğurduğu bu vəziyyət Trampı o qədər narahat edib ki, rəqibinin irqi mənsubiyyətini şübhə altına almağa çalışıb. 

Respublikaçılar üçün gözlənilməz problemlərdən biri də Trampın vitse-prezidentliyə Cey Di Vansi namizəd olaraq göstərməsidir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, vitse-prezidentliyə namizəd “tərəddüd edən ştatlar”da populyar deyil. Onun doğma Ohayoda keçmiş seçki göstəriciləri digər yerli respublikaçılardan xeyli pisdir.

Bütün bunlar Respublikaçılar partiyasında narahatlıq doğurur. Hər kəs anlayır ki, Harrisin Trampa qalib gəlməsi respublikaçıların noyabrın 5-də yeganə uğursuzluğu olmaqla yekunlaşmaya da bilər. Harris eyni zamanda demokratların Konqresə seçkilərdə də qələbəsini təmin edə bilər. Bir çox ekspertlər hesab edir ki, demokratlar Senatdakı üstünlüklərini qorumaqla yanaşı, Nümayəndələr Palatasında da üstünlük qazana bilərlər. 

Prezident seçkisində kimin qalib gəlməsi nə qədər önəmlidirsə, Konqresə seçkilərin nəticələri də bir o qədər önəmlidir.