.jpg)
Ölümcül qarşıdurma: “mehriban düşmən”lərin çətin sınağı
Türkiyə və Yunanıstan qanlı müharibədən necə yayına bildilər?
06 May 2024
1995-ci il dekabrın
24-dən 25-ə keçən gecə Türkiyəyə məxsus “Figen Akat” quru yük gəmisi İsrailə
sement apararkən Egey dənizində insan yaşamayan iki qayalığın yanında saya oturdu. Bodrum yarımadasından 3,8 dəniz mili (1 dəniz mili = 1852 metr) məsafəsində
yerləşən bu iki adaya əhali İkizce deyirdi. Türkiyədə rəsmi adı Kardak,
Yunanıstanda isə İmia idi, amma bu adları Türkiyədə də, Yunanıstanda da çox az
adam bilirdi, hətta yüksək ranqlı dövlət məmurları da daxil olmaqla. Axı onlar
Egey dənizi üzrə səpələnmiş yüzlərlə xırda adacıq və qayalıqlardan biri idilər.
Amma “Figen Akat”ın xırda qəzasından sonra bu adları Türkiyədə və Yunanıstanda
bilməyən qalmadı, hətta Vaşinqtonda belə bir müddət ən çox səslənən coğrafi ad
oldular.
***
“Figen Akat”ın kapitanı gəminin mənsub olduğu şirkətlə əlaqə saxlayaraq, kömək istədi. Şirkətdən mütəxəssislər gəlib gəmini dayazdan çəkmək yolları barədə fikirləşərkən, Ankaradakı Yunanıstan səfirliyi Türkiyə xarici işlər nazirliyinə nota verdi. Sənəddə bildirilirdi ki, “Figen Akat” Yunanıstan ərazisində qəzaya uğrayıb və dəniz hüququna görə onun qurtarılmasını yunanlar həyata keçirməlidirlər. Türklər isə notanı rədd etdilər.
Bu zaman “Figen
Akat”dakı mütəxəssislər yükün bir hissəsinin dənizə boşaldılmasına qərar verdilər.
İş gedən vaxtı gəmiyə yunan hərbi gəmiləri yan aldı. “Figen Akat”ın göyərtəsinə
qalxan hərbçilər işləri dayandırmağı əmr etdilər. Gəmiyə yaxınlaşan bir buksir
“Figen Akat”ı çəkib torpaqdan qopartdı. Onu, qaydalara uyğun olaraq, yunan
limanlarından birinə aparmaq istərkən isə türk dənizçilər buksir trosunu kəsdilər
və yunanlar bir şey edənə qədər gəmi özünü Türkiyənin ərazi sularına çatdırdı.
***
Osmanlı
ekspansiyasının ən geniş vaxtı Yunanıstan özü də, Egey dənizində yunanlar
yaşayan adalar da imperiyanın tərkibinə qatıldı. Yunanıstan 1829-cu ildə müstəqillik
qazanandan sonra adaların kiçik hissəsi ona çatdı. Sonrakı hadisələr zamanı türklər
başqa adaları da itirdilər. Egey adalarından ən böyüyü olan Kritdə 1897-ci ildə
üsyan baş verdi və bir il sonra Krit dövləti yaradıldı. Ada 15 il sonra
Yunanıstana birləşdi.
Egey adaları bir
neçə qrupa bölünür. Türklərin On iki ada, qalan dünyanın isə yunanca elə həmin
mənanı verən Dodekanes dedikləri adalar da belə qruplardan biridir. Adına
baxmayaraq, bu adalar 15 böyük adadan, 93 adacıq və qayalıqlardan ibarətdir. Ən
böyüyü və ən əhəmiyyətlisi türklərin 1522-ci ilin son günlərində tutduqları
Rodosdur.
1911-1912-ci illərin
Osmanlı-İtaliya müharibəsi zamanı Dodekanes italiyalılar tərəfindən tutuldu.
Savaşın sonunda imzalanan Uşi müqaviləsinə görə, adalar Osmanlıya qaytarılmalı
idi. Amma həmin vaxt Birinci Balkan müharibəsi gedirdi və türklər adaları yunanlar
tutmasın deyə, bir müddət italiyalılarda qalmasına razılıq verdilər. Sonra da
Birinci dünya müharibəsi başladı ki, Osmanlı və İtaliya əks tərəflərdə yer
aldılar.
Savaşdan sonra
imzalanan, amma təsdiqlənməyən Sevr müqaviləsi Dodekanes adalarının İtaliyaya qatılmasını
nəzərdə tuturdu. Qurtuluş savaşından sonrakı Lozanna müqaviləsi Sevrin bir çox
şərtlərini dəyişsə də, adalar məsələsi dəyişməz qaldı və onlar İtaliyaya çatdı.
Lozanna müqaviləsinin bəzi maddələri Egey adaları haqda idi:
Maddə 6: ... bu Müqavilədə başqa hökm olmadığı halda, sahildən üç milə qədər uzaqlıqda yerləşən adalar və adacıqlar sahilyanı dövlətin sərhədlərinə daxildir.
Maddə 12: bu Müqavilədə əksinə hökm olan hallar istisna olmaqla, Asiya sahillərindən üç milə qədər uzaqlıqda yerləşən adalar Türkiyənin suverenliyi altında qalır.
Maddə 15: Türkiyə aşağıdakı adalardan [burada italiyalıların işğalı altında olan 12 ada və Türkiyənin nəzarətində olan Kastellorisso (Meis) adası sadalanır] və onlara bağlı adacıqlar üzərində bütün hüquq və mülklərdən İtaliyanın xeyrinə imtina edir.
Maddə 16: Türkiyə bu Müqavilə ilə göstərilən sərhədləri və üzərində suverenliyi bu Müqavilə ilə tanınan adalar xaricində istənilən ərazilər üzərində hüquq və mülklərdən imtina edir.
Məlumdur ki, dənizə
çıxışı olan quru sahəsinin və ya adanın ərazi suları məsələsi var. XX əsrin əvvəllərində
sahildən 3 mil məsafədəki dəniz səthi ərazi suları sayılırdı. Sonradan bəzi
ekoloji problemlər, eləcə də gəmilərinin sürətlərinin artması kimi səbəblərə
görə ərazi sularının 6 milə qədər uzadılması hüququ təsbit edildi. Yunanıstan
bunu 1936-cı ildə, Türkiyə isə 1964-cü ildə tətbiq etdi.
1982-ci ildə qəbul
edilən Dəniz hüququ haqqında BMT konvensiyası dövlətlərə ərazi sularını 12 milə
qədər uzatmaq hüququ verir. Yunanıstan bu konvensiyanı imzaladı və həm materik
Yunanıstanın, həm də adaların ətrafındakı 12 millik zonanı özünün ərazi suları
elan etdi.
Türkiyə isə məhz
Egey dənizindən ötrü bu konvensiyanı imzalamayıb. Ankara hesab edir ki, Egey dənizi
xüsusi yanaşma tələb edir. Burada 12 mil hüququnun tətbiqi Egeyin xüsusən cənub
hissəsini tamamilə Yunanıstanın ərazi sularına çevirəcək və orada beynəlxalq
sular qalmayacaq. Türkiyə Egey dənizində ərazi sularının 6 millik çərçivədə
qalmasının tərəfdarıdır.
Onu da əlavə edim
ki, ərazi sularının üzərindəki hava məkanı da, təbii, həmin dövlətə aiddir.
Nəhayət, başqa bir mübahisə
mövzusu da Lozanna müqaviləsindəki “bağlı adacıqlar” ifadəsidir. Ankara hesab
edir ki, Egey də 100-dən çox adacıq və qayalıqlar var ki, onları başqa adalara
“bağlı” hesab etmək olmaz. Elə Kardak qayalıqları Dodekanes adalarından ən
yaxın olan Kalimnosdan təxminən 5,5 mil uzaqlıqda, Türkiyə ərazisinə daha yaxınlıqda
yerləşir.
Bundan çıxış edən
türk diplomatlarının və siyasətçilərinin yanaşması belədir: “Egeydəki adalar hamısı Osmanlı dövlətinin tərkibində
olublar; əgər onların başqa dövlətə verilməsi hər hansı müqavilədə təsbit
olunmayıbsa, Türkiyə Respublikasının ərazisi sayılmalıdırlar”. Əlbəttə,
burada əhəmiyyət kəsb edən adacıq və qayalıqların özündən çox onların ərazi
suları və hava məkanıdır.
Həm də məsələ sırf
Kardakda deyil. Türkiyə hesab edir ki, Kardakın yunan ərazisi sayılması mübahisəli
hesab etdiyi yüzdən çox adacıq və qayalıqlar üçün presedent ola bilər və eyni
yanaşma onlara (eyni zamanda onların ərazi sularına və hava məkanına) şamil
edilər.
Türkiyədə “Ege
sorunu” deyilən problemin qısa məğzi bundan ibarətdir.
Onu da əlavə edim
ki, Kardak qayalıqları bir-birindən 300 metr aralıda yerləşir. Ümumi ərazisi 4
hektar olan qayalıqların şərqdə, Türkiyəyə daha yaxın yerləşəni qərbdəkindən
nisbətən böyükdür.
***
Kardak böhranının bu
qədər kəskin şəkil almasının səbəbini tam anlamaq üçün Türkiyə və Yunanıstanın
həmin dövrdəki daxili siyasi vəziyyətini bilmək vacibdir.
Türkiyədə 1993-cü
ilin iyunundan Tansu Çillər baş nazir idi. Onun rəhbərlik etdiyi Doğru Yol Partiyası
(DYP) Sosial-demokrat Xalqçı Partiya (SHP) ilə koalisiya qurmuşdu. SHP 1995-ci
il fevralın 18-də Cümhuriyyət Xalq Partiyasına (CHP) birləşdi və bundan sonra
koalisiya ortağı CHP oldu, başqanı Hikmət Çətin isə baş nazirin müavini postunu
tutdu. Sentyabrda Dəniz Baykal CHP başqanı seçildi və bəzi səbəblərdən növbədənkənar
parlament seçkilərinin keçirilməsini istədi. Seçkilər dekabrın 24-nə təyin
olundu.
“Figen Akat” qəzasından
bir gün əvvəl keçirilən parlament seçkilərində Nəcməddin Ərbakanın islamçı Rifah
Partiyası 21,38% səs toplayaraq, birinci oldu. DYP 19,18%, Məsud Yılmazın Ana Vətən
Partiyası 19,65% səs topladı. Bunlardan əlavə, parlamentdə Demokratik Sol
Partiya (Bülənt Ecevit, 14,64%) və CHP (10,71%) təmsil olundular.
Bütün seçki
kampaniyası boyu Ərbakan baş nazir Çilləri kəskin tənqid etmiş, onu başqa
nöqsanlarla yanaşı korrupsiyada günahlandırır və qalib gələcəyi təqdirdə rəqibini
məsuliyyətə cəlb edəcəyini deyirdi. Tansu Çillər də Ərbakanı irticada, hətta
PKK-ya dəstək verməkdə günahlandırırdı.
Kardak böhranı
başlayanda Ərbakan birinci yeri tutan partiyanın rəhbəri kimi hələ koalisiya
ortağı axtarır və tapa bilmirdi. Dünyəvi
partiyalardan kiminsə onunla hökumət quracağı real görünmürdü. Hətta,
deyilənlərə görə, Məsud Yılmazın xanımı ərini belə mezalyansdan çəkindirmək
üçün “səndən boşanaram” hədəsinə əl atmışdı. Beləcə, yeni hökumət
qurulmadığından baş nazir vəzifəsini hələ də Tansu Çillər tuturdu.
Şübhəsiz, Kardak
böhranı seçkilərdən əvvəl baş versəydi, nəticələri daha faciəli ola bilərdi. O
zaman Çillər militarist ritorika ilə - bəlkə də təkcə ritorika ilə deyil, həm də
addımlarla - reytinqinin qalxmasına nail olardı. Axı korrupsiya ittihamından
yayınmağın ən etibarlı yolu xarici düşmən tapmaqdır və saxta vətənpərvərlikdir,
tarix bunu min illər öncə sübut edib. Xoşbəxtlikdən, böhran seçkilərdən sonra
yaşandı.
Yunanıstanda da
siyasi vəziyyət rəvan deyildi, amma başqa səpkidə. Ölkənin baş naziri Andreas
Papandreu 1995-ci il noyabrından ürək və böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanada
idi. O, yanvarın 16-da vəzifəsindən istefa verdi. Sədri olduğu Ümumyunan
Sosialist hərəkatı (PASOK) partiyasının üzvü Kostas Simitis iki gün sonra yeni
baş nazir oldu.
Simitis Papandreu
kimi təcrübəli siyasətçi imicinə malik deyildi, müxalifət bundan istifadə edib
Kardak məsələsi üzərindən hücuma keçməyə, yeni baş nazirin ölkənin maraqlarını
müdafiə etmədiyi görüntüsünü yaratmağa çalışdı. Üstəlik, PASOK daxilində də
Simitisin büdrəməsini istəyənlər vardı, məsələn, baş nazirlik uğrunda mübarizədə
məğlub olan Gerasimos Arsenis. Simitis də bu hücumları dəf etmək üçün özünü “qırğı”
kimi göstərməyə məcbur idi.
***
“Figen Akat” qəzasından
20 gündən artıq keçmişdi və hadisənin artıq unudulduğunu düşünmək olardı ki,
Yunanıstan XİN Türkiyəyə daha bir nota verdi. Əslində Ankarada məhz bu ikinci
notadan sonra Kardakın harada yerləşməsi və kimə aid olması ilə ciddi
maraqlandılar. Qayalıqların “tapu”sunun Bodrumun torpaq reyestrindən tapıldığı
və Bodrum ilçəsinə bağlı olduğu önə sürüldü.
Afina öz
iddialarını möhkəmləndirmək üçün 1932-ci ildə Türkiyə ilə İtaliya arasında dəniz
sərhədi haqqında protokola istinad etdi. Dediyim kimi, o dövrdə Dodekanes
adaları İtaliyaya məxsus idi və həmin protokola əlavə edilən xəritədə Kardak sərhədin
İtaliya tərəfində qalırdı. Ankara isə cavabında bildirdi ki, həmin protokol
imzalansa da Millətlər Cəmiyyətinə təhvil verilmədiyindən qüvvəyə minməyib.
Bu diplomatik çəkişmə
ictimaiyyətdən qapalı aparılırdı. Amma yanvarın 20-də mətbuata sızdı - güman
ki, Arsenisin vasitəsilə - və bütün Yunanıstan məsələdən hali oldu. Bəzən hökumətlər
ölkələrarası münasibətləri gərginləşdirəndə xalq diplomatiyası işə düşür və vəziyyəti
yumşaldır. Bu dəfə əksinə oldu.
Yanvarın 25-də
Kalimnos adasının meri bir keşiş və iki sakinlə birlikdə Kardaka çıxaraq,
buraya yunan bayrağı taxdılar və bu fəthi lentə alıb, telekanallara ötürdülər.
Yunan televiziyalarının göstərdiyi kadrlardan indi türklər xəbər tutdular və
hiddətləndilər.
Yanvarın 27-də
“Hürriyet” qəzetinin bir neçə əməkdaşı helikopterlərlə adaya endi, yunan
bayrağını götürdülər və türk bayrağı sancdılar. Bu fəth də lentə alındı. İndi fərəhlənmək
növbəsi türklərin, hiddətlənmək növbəsi yunanların idi. Elladada ictimai isteriya
pik həddinə çatdı.
Yanvarın 28-də
hökumət hərbi-dəniz qüvvələrinə adadakı Türkiyə bayrağını endirməyi tapşırdı. Hərbi
dənizçilər bayrağı endirdilər, üstəlik, yunan bayrağını qaldırdılar, halbuki,
belə göstəriş yox idi. Yunanıstan bayrağı qaldırılmasaydı, adalar neytral qalacaqdı
və gərginlik yata bilərdi. İndi isə Türkiyədə hiddət göylərə bülənd oldu.
Hökumətin
toplantısından sonra mətbuat qarşısına çıxan Tansu Çillər “o əsgər gedər, o
bayraq enər” dedi. Kostas Simitis isə Türkiyənin istənilən həmləsinə dərhal və
qətiyyətlə cavab verəcəklərini bildirdi. Kardak qayalıqları yunan hərbi gəmiləri
ilə əhatəyə alındı. Şərqi Kardak adasına taxılan bayrağı qorumaq üçün əsgər çıxarıldı.
Beləcə, insident iki NATO ölkəsi arasında hərbi toqquşma həddinə gəlib çatdı.
***
Türkiyə və
Yunanıstan arasındakı gərginlik Vaşinqtonda narahatlıq doğurdu. Prezident Bill
Klinton bu barədə deyirdi: “Köməkçilərim
mənə deyəndə ki, Türkiyə və Yunanıstan 20 keçinin otladığı qayalıq adalardan
ötrü savaşa hazırlaşırlar, onların zarafat etdiyini düşündüm”. Bunun
zarafat olmadığını anlayanda dövlət katibinin müavini Riçard Holbruka iki ölkə
rəhbərləri ilə əlaqə saxlayaraq, böhranın
həllinə yardımçı olmağı tapşırdı.
Holbruk təcrübəli
vasitəçi idi. O, Deyton razılaşmasının baş memarı sayılır. Kardak böhranından
bir qədər əvvəl, 1995-ci il dekabrın 14-də imzalanan həmin müqavilə Bosniya və
Hersoqovinada gedən vətəndaş müharibəsinə son qoydu, respublikanın inzibati
bölgüsünü və siyasi quruluşunu təsbit etdi.
Amerikalı diplomat
dərhal anladı ki, ilk növbədə silah işlədilməsinin qarşısını almalıdır. O, hər
iki tərəfi xəbərdar etdi: ilk gülləni kim atacaqsa, ABŞ qarşı tərəfin yanında
olacaq. Bu şərt xüsusən türklərin xoşuna gəlmədi: Kardak yunanların nəzarətində
qalmışdı, vəziyyəti dəyişmək lazım idi, amma silah işlətmədən bunu necə etmək
olardı?
Holbruk Mehmet Ali
Birandın “32-ci gün” proqramına verdiyi müsahibədə deyir: “Tansu Çiller mənə əvvəlcə “Riçard” deyirdi, sonra “mister Holbruk”
dedi, axırda da telefonlarıma cavab vermədi”.
Telefonlara cavab
verilməsə də, ABŞ-nin xəbərdarlığını gözardı etmək olmazdı. Əlbəttə,
amerikalılar yunanların yanında vuruşmayacaqdılar, amma müxtəlif sanksiyalar tətbiq
edə bilərdilər. Bundan əlavə, o zaman Türkiyə üçün çox yaxın görünən Avropa
Birliyi üzvlüyü perspektivini də nəzərə almaq lazım idi.
Üstəlik, Türkiyənin
özündə də hərbi əməliyyatlara qarşı çıxanlar vardı və onlardan biri prezident Süleyman
Dəmirəl idi. O da “32-ci gün”ə müsahibəsində deyirdi: “Həm baş nazir, həm Baş qərargah rəisi çox qərarlı gəldilər. Mənim
dediyimdən də çox xoşlanmadılar. Mən dedim ki, bu səbəblə savaş çıxarsa, bunu
türk millətinə izah edə bilmərik. Bu gün edərik, sabah edə bilmərik. “Bunun bir
başqa yolunu arasaydınız” deyərlər. Dünyaya da izah edə bilmərik. Gedin, bir
başqa yolunu tapın”.
Başqa yolu isə Xarici
İşlər Nazirliyinin məmuru İnal Batu hökumətin və ordu rəhbərliyinin birgə
toplantısında təklif etdi: madam ki, yunan əsgərlər adaların yalnız birində,
daha böyüyündə keşik çəkirlər, gəmilərin arasından sızıb ikinci adaya çıxmaq və
orada Türkiyə bayrağını qaldırmaq lazımdır. Bu təklif əvvəlcə qəbul olunmadı.
Axı Çillər yunan bayrağının enəcəyini və yunan əsgərinin gedəcəyini demişdi.
Amma bir gün sonra anlaşıldı ki, yeganə ağlabatan yol budur və başqası yoxdur.
Əməliyyatı hazırlamaq dəniz qüvvələri komandanı Güvən Ərkayaya tapşırıldı.
Yanvarın 31-ə keçən
gecə Türkiyənin SAT (Su Altı Taaruz) kommandosları motorlu hava qayıqları ilə hərəkət
edərək, yunan gəmilərinin arasından keçdilər. Türkiyə gəmiləri və helikopterləri
yunanların qayıq motorlarının səsini eşitməmələri üçün ətrafda səs-küy
yaratdilar. Qərbi Kardak adasına çıxan kommandoslar burada Türkiyə bayrağı
qaldırdılar. Xəbər Ankarada böyük sevinclə qarşılandı. Məhz Ankaradakı
Yunanıstan səfirliyi Afinanı türklərin Qərbi Kardaka çıxması barədə xəbərlə
tanış etdi. Afina da bu xəbəri yoxlamağı hərbi dəniz qüvvələrinə tapşırdı.
Səhər 05:30-da
“Navarino” gəmisindən qalxan yunan helikopteri qərbdəki adanın ətrafında dövrə
vurdu və burada Türkiyə bayrağının və hərbçilərinin olmasını təsdiqlədi. Bundan
sonra helikopterin idarəçiliyində problem yarandı. Daha yaxında olan və
yunanların danışığına qulaq asan “Yavuz” türk gəmisi helikopterə öz göyərtəsinə
enməyi təklif etdi. Amma yunanlar rədd etdilər və helikopter dənizə düşdü. Üç nəfər
öldü və onlar Kardak böhranının yeganə qurbanları oldular.
Səhər açılanda
Holbruk yenidən Afina və Ankara ilə əlaqə yaratdı. Pat vəziyyəti yaranmışdı və
bu, böhrana son qoymaq üçün ideal şərait idi. Tərəflər bayraqlarını götürərək,
gəmilərini qayalıqlardan uzaqlaşdırmaq barədə razılığa gəldilər. Kardak böhranı
bununla başa çatdı. Amma həll edilmədi. Egey problemi də həmçinin...
P.S. Bu hadisələrdən bir neçə ay sonra Nəcməddin Ərbakan və Tansu Çillər koalisiya qurub, Rifah-Yol hökuməti formalaşdırdılar. Seçki öncəsi səsləndirilən qarşılıqlı ittihamlar da unuduldu, Ərbakanın Çilləri məsuliyyətə cəlb etmək vədi də.