Mənim köçkünlük hekayəm – Ramilə Qurbanlı yazır
28 Sentyabr 2025
1993-cü il. Yurdumuz yağmalanıb, didərgin düşüb, paytaxta pənah gətirmişdik. Biz tələbə idik, Bakıda oxuyurduq. Mən və bacım tələbə, böyük qardaşım Milli Ordunun zabiti idi. Ailəsi dörd nəfərdən ibarət olan qardaşımın iç-içə ikiotaqlı mənzilinə sığınmışdıq. Ev tələbələrdən, körpə uşaqlardan və gündüzlər küçəbəküçə iş axtarıb, axşam yorğun-arğın o dar mənzilə sığışan atam, anam, kiçik qardaşım da daxil olmaqla “yaralı” insanlardan ibarət idi.
Qardaşıma gənc leytenant kimi hərbidən verilən o mənzillə üzbəüz ruslar yaşamışdı, 90-larda qapıları bağlı qalmışdı, qaçıb getmişdilər. O cür sahibsiz mənzillərə yaşamağa yeri olmayan məcburi köçkünlər girirdi. Gecə yatanda ayağımızı birimiz tam uzatsaq, o birimizə dəydiyi halda o mənzilin qapısına yaxın getmədik. Qonşular bizə məsləhət görəndə atam Cəfər müəllim dedi ki, “mən xalxın bağlı qapısını qıra billmərəm, bacarmaram”. Belə bir durumda qardaşıma Bakıxanov qəsəbəsində üçotaqlı mənzil verdilər, gedib gördü ki, laçınlı köçkünlər o mənzilə girib, qayıdıb mənzildən imtina etdi. O imtinadan sonra ona bir də mənzil vermədilər. Polkovnik kimi istefaya çıxıb, amma hələ də o ikiotaqlı dar mənzildə yaşayır. Komandir olanda həmin vəziyyətimizdə evdən makaron, kartof “oğurlayıb” aparırdı ki, matroslar acdı. Dünya haqsızlığın, ədalətsizliyin, qəddarlığın yeridir.
Sonra subay əmim cəbhəyə getdi və bacımla mən, bir də tələbə yataqxanası zəbt olunduğundan, yanına getməyə kimsəsi olmayan tələbəlik rəfiqəm köçdük əmimin Qafqazenerji Quraşdırma Trestinin yataqxanasındakı otağına. Otağının birini isə əmim Füzulidən olan məcburi köçkün ailəyə vermişdi. Biz ali məktəbi bitirəndən sonra qız öz rayonlarına getdi, atamla-anam qardaşımın “mənim valideynlərim yataqxanada yaşamamalıdır” etirazlarına rəğmən, yanımıza köçdülər. Onun öz övladları ayrıca otaqları olmalı yaşlarına çatırdılar. Atam, anam, qardaşım tədricən iş tapdılar, mən də ali məktəbi bitirib, işə başladım. Aramızda tələbə yalnız balaca bacım idi, o da gecələr çörək zavodunda işləyirdi. İndi də o illəri xatırladan bircə kəlmə yetər ki, bacımın göz yaşları selə dönsün.
Biz gənc olmadıq... Bu minvalla, ağır durumdan çıxdıq, amma ev alacaq qədər yox. 20 il o yataqxanada yaşadıq, mən də, bacım da oradan gəlin köçdük. Kiçik qardaşım əmimin Fizulidən olan köçkünlərə bağışladığı otağı onlardan satın alıb, ora gəlin gətirdi.
Bacımla mən də yeni ailəmizlə kirayələrdə az yaşamadıq. Sonradan onlar da, biz də ev aldıq, dişimizlə-dırnağımızla. Atamla anam öz qazancları və israfçı olmadıqları üçün xudmani həyət evi tikdilər, bizim cüzi köməyimizlə. İndi ata evi kimi yataqxanaya deyil, ora yığışırıq. Bizim qohum-əqrəbadan, ətrafımızdan heç kim başqasının evinə girmədi, çətinliklə öz evlərini aldılar, tikdilər, çətinliklə ayağa qalxdılar. Heç kim məcburi köçkünə kömək etmədi, hamı uzaqlaşdı, hər tətildə Bakıdan rayonlara evlərinə gəlib rahatlıq tapdıqları insanlar üçün nəinki qucaq açmadılar, hətta hər addımda yaralı qəlblərinə yara üstdən yara vurub tənə etdilər... Anam çörək növbəsindən göz yaşları ilə qayıdırdı...
Dərinə getmək fikrim yoxdur... Güclə həyata tapındıq, o illərə qayıtmaq olmaz. Amma Qarabağa qayıtmaq, Qarabağın qayıtması üçün yanıb-qovrulduq, başqa arzu-diləyimiz olmadı.
Bu gün Qarabağ azaddır, yurd yerlərimizdə qapqara yanmış torpaqdan qeyri heç nə yoxdur. Hərdən gedib havanı ciyərlərimizə çəkib gəlirik. İçimizdə o yanğı sönməyib -görəsən, yurdumuzu bizə qaytaracaqlarmı? Valideynlərim bunun üçün Tanrıdan möhlət diləyir.
Biz də məcburi köçkün idik. Kimsənin evinə girmədik, kimsənin haqqını tapdamadıq. Yurdumuz, evimiz, keçmişimiz, gələcəyimiz, içimiz yağmalandı. Heç dövlətdən də heç nə ummadıq, umsaq da heç nə verən olmadı. Haqqımız da olmadı... Amma kiminsə evinə girənləri də qınamadıq, çünki bizdən idilər, onlardan idik, yaşadıqlarını yaşayırdıq, kənar deyildik...
Yaşamayan bilməz. Bilməyən də danışmasın heç olmasa...