Logo
news content

Gülərkən sifət əyilir, güclü baş ağrıları olur, bədən keyləşir... – “Təbib” çarəsini deyir
İnsult keçirən şəxslərin qida rejimi, xalq təbabəti ilə müalicəsi və həyat tərzi barədə məsləhətlər

Təbabət nə qədər inkişaf etsə də, xəstəliklər artmaqda davam edir. Dərd çox, dərman baha, həkim ondan da baha! Amma necə deyərlər, insan özü-özünün həkimi ola bilər. Və əslində olmalıdır. Bunun üçün əsrlərin sınağından çıxmış, varlısına-kasıbına, kəndlisinə-şəhərlisinə baxmadan, hamı üçün eyni dərəcədə əlçatan olan dərman bitkiləri, çaylar, qida vasitələri var. “Təbabətin atası” Hippokrat əbəs yerə deməmişdi ki, “Qoy yeyib-içdikləriniz dərmanlarınız, dərmanlarınız yeyib-içdikləriniz olsun”.

Pressklub.az “Təbib” adlanan rubrikasında sizə təbii müalicə üsullarından danışır, zəmanəmizin bəlasına çevrilmiş xəstəliklərdən uzaq durmağın yollarını göstərir. Bələdçiniz isə 500-dən artıq dərman bitkisinin “dilini” bilən, fitoterapiya sahəsində 35 illik təcrübəyə malik tanınmış həkim Fuad Mahmudovdur.

Rubrikamızın ötən dəfəki mövzusu vəzin adenoması idi. Bu yazıda həkiminiz sizə insult xəstəliyi barədə danışır. 

İnsult çox təhlükəli xəstəlik olub, baş beyin qan dövranının kəskin pozulması nəticəsində yaranır. Nəticədə, xəstəliyin kəskinlik dərəcəsindən asılı olaraq, əl və ayaqlarda iflic, danışıqda qüsur və vestibülyar aparatda problemlər (baş hərlənmələri, mütəmadi ürəkbulanmalar və s.) müşahidə olunur. Bir çox hallarda isə ölümlə nəticələnir. 

Beyin qan dövranı pozulmaları əlamətləri. Xəstəliyin ilkin mərhələdə aşkar edilməsi sağalma ehtimalını xeyli dərəcədə artırır. Əgər xəstədə aşağıda göstərilən əlamətlər müşahidə edilirsə, vaxt itirmədən təcili yardım çağırmaq lazımdır.

  • səbəbi məlum olmayan və güclü baş ağrıları
  • bədənin müəyyən hissəsinin  və ya yarısının keyləşməsi
  • danışıqda qüsurun yaranması
  • hərəkət məhdudiyyəti
  • əllərin bərabər olaraq yuxarı qaldırılması
  • üzdəki təbəssüm hissinin əyri xətt üzrə baş verməsi

Bütün bu göstərilən problemlər adətən yüksək qan təzyiqi ilə müşayiət olunur. 

Xəstəliyin səbəbləri. Xəstəlik müxtəlif  yaş qrupunda yarana bilir, amma həm qadınlarda  həm də kişilərdə bu, adətən 45 yaşdan sonra baş verir. Mütəxəssislər xəstəliyin əsasən aşağıdakı problemlər nəticəsində baş verdiyini göstərirlər. 

  • ateroskleroz
  • hipertoniya
  • səyirici aritmiya
  • ürək-damar çatışmazlığı
  • ürəyin işemik xəstəliyi.

İnsult adətən ciddi stress, aşırı dərəcədə siqaret çəkən və alkoqoldan istifadə edən, aşırı çəkisi olan (kök adamlar) və s. adamlarda daha çox rast gəlinir.  

Xəstəliyə qarşı  aparılacaq ilkin tədbirlər. Bu xəstəliyə meylli olan, yəni risk qrupuna daxil olan adamlar mütləq aşağıdakı şərtləri tənzimləməlidirlər.

  • qanda xolesterinin miqdarını tənzimləmək
  • arterial təzyiqi normallaşdırmaq
  • aşırı çəki varsa, mütləq şəkildə azaltmaq.

Bu əsas şərtlərdən başqa siqaret çəkməyi, aşırı alkoqol qəbulunu dayandırmaq, yağlı  yeməkləri minimum azaltmaq və s. 

Bundan başqa, xəstəlik zamanı aşağıdakı qida rejiminə də əməl edilməlidir. 

  • Mətbəx duzundan istifadə minimuma endirilməlidir.
  • Bütün şəkərli (şirniyyat) məhsulları kəskin şəkildə azaldılmalıdır.
  • Təzə şəkildə meyvə (banan, xurma, limon, portağal və s.) və tərəvəzlərdən (xiyar, pomidor, kök və s.) çox istifadə edilməlidir.
  • Təzə kənd yumurtası çox faydalıdır və gündə 2-3 ədəd istifadə edilməlidir. Çox yaxşı olar ki, çiy şəkildə istifadə edilsin.
  • Təmiz baldan da istifadə edilməsi məsləhət görülür. Gündə 2 dəfə, səhər və axşam 1 çay qaşığı qəbul etmək. Bal qanın qatılığını azaldır, tromb əmələ gəlmə riskini azaldır. 

Xəstəliyin xalq təbabəti üsulları ilə müalicəsi və profilaktikası

  • Pion köklərinin dəmləməsi. Bitkinin köklərindən quru və xırdalanmış halda 2 çay qaşığı götürüb termosa qoymaq, üzərinə 1 stəkan (200-220 ml) qaynar su əlavə edib, 4 saat saxlamaq, süzmək. Gündə 3 dəfə yeməkdən yarım saat sonra 2 xörək qaşığı qəbul etmək.
  • Mumiyə. Kibrit dənəsinin ucu böyüklüyündə götürüb, 2 xörək qaşığı qədər qaynadılmış ilıq suda həll edib, gündə 1 dəfə içmək. Müalicə kursu 2 aydır. Müalicə effektiv olarsa, 10 günlük fasilədən sonra yenidən kursa başlamaq olar.
  • Dəfnə yarpağı yağı. Dəfnə yarpağından doğranmış halda (1 sm) 3 xörək qaşığı götürüb 1 stəkan rafinə olunmamış bitki yağına (günəbaxan, qarğıdalı və ya zeytun) əlavə edib, 9 gün saxlamaq, gündəlik olaraq çalxalamaq, süzmək. Alınan yağla iflic olan problemli yerləri gündə 2 dəfə, səhər və axşam 5-6 dəq. yüngül massaj etmək.
  • Şam qozaları. Şam ağacının qozalarından (quru və ya yaş fərq  etməz) 7-8 ədəd götürüb bir neçə yerə bölmək, üzərinə 0,5 litr araq əlavə edib, ağzı kip bağlı halda 10-15 gün saxlamaq, gündəlik olaraq çalxalamaq, süzmək. Gündə 3 dəfə yeməkdən qabaq 1 çay qaşığı içmək. Müalicə kursu 2 aydır. Sonda 10 gün fasilə verib, yenidən kursa başlamaq olar.
  • Qafqaz dioskoreyası. Bitkinin köklərindən quru və xırdalanmış halda 100 q götürüb üzə-rinə  0,5 litr 50%-li spirt əlavə edib 10 saxlamaq, mütəmadi olaraq qarışdırmaq, süzmək. Süzüldükdən sonra üzərinə yenidən spirt əlavə edərək, dəmləmənin miqdarını 0,5 l qədər çatdırmaq. Gündə 3 dəfə yeməkdən yarım saat qabaq 20 ml adi suya 30 damcı əlavə edib, içmək. Müalicə kursu 30 gündür. 10 günlük fasilədən sonra ehtiyac olarsa, müalicəni davam etdirmək  olar. Xəstənin vəziyyətindən asılı olaraq müalicə kursunu 4-5 dəfəyə qədər təkrarlamaq olar. 
  • At şabalıdı meyvələrinin üst qabığından quru halda 20 q götürüb, üzərinə 200 ml 50 %-li spirt  əlavə edib, 10 gün saxlamaq, mütəmadi olaraq qarışdırmaq, süzmək. Gündə 3 dəfə yeməkdən 20 dəq. sonra 20 ml adi ilıq suya 20-25 damcı əlavə edib, içmək. Müalicə kursu 30 gündür. Ehtiyac olarsa, 10 günlük fasilədən sonra yenidən müalicən davam etdirmək olar. 
  • İtburnu köklərindən quru və nisbi xırdalanmış (1 sm) halda 1 stəkan miqdarında götürüb, 3 litr suya əlavə edib, 30 dəq qaynatmaq. Sonra həmin məhlulu əvvəlcədən hazırlanmış, istiliyi 37 dərəcə olan vannaya əlavə edib, ayaqları 15-20 dəq. vanna etmək. Proseduru 10 gün ərzində hər axşam yatmazdan 1,5-2 saat qabaq etmək lazımdır. 
  • Öküzotu (Арника горная) bitkisindən quru və xırdalanmış halda  2 çay qaşığı götürüb, 200 ml qaynar suya əlavə edib, zəif alovda 5-6 dəq. dəmləmək (qaynama anına qədər), süzmək. Gündə 3 dəfə, yeməkdən qabaq 1 xörək qaşığı götürüb, 30 ml suya və ya südə əlavə edib, içmək. Hazırlanmış dəmləməni soyuducuda saxlamaq. Müalicə kursu 1 aydır.
  • Hər birindən 1 xörək qaşığı olmaqla öküzotu, dazıotu, qıfotu, at şabalıdı və başlıqotu bitkilərindən quru və xırdalanmış halda götürüb, termosa qoymaq, üzərinə 3,5 stəkan qaynar su əlavə edib, axşamdan səhərə qədər saxlamaq, süzmək. Gündə 3 dəfə yeməkdən qabaq 1 stəkan içmək. Müalicə kursu 1 aydır. Ehtiyac olarsa, 2 həftəlik fasilədən sonra müalicəni davam etdirmək olar. 
  • 2 ədəd limon və  2 ədəd portağal götürüb xırdalamaq (ət maşınından keçirmək) və üzərinə 2 dolu xörək qaşığı təmiz bal əlavə edib, yaxşı-yaxşı qarışdırmaq, 1 gün saxlamaq. Qarışıqdan gündə 3 dəfə 1 xörək qaşığı qəbul etmək.
  • 250 q  limon və  125 q əncir götürüb xırdalamaq (ət maşınından keçirmək olar), üzərinə 250 q  təmiz bal və 50 ml araq əlavə edib, yaxşı-yaxşı qarışdırmaq. Gündə 3 dəfə yemək-dən sonra 1 çay qaşığı qəbul etmək. 

Bundan başqa, insult keçirmiş xəstələr gündəlik olaraq təmiz havada olmalı, hərəkət problemi yoxdursa, mütləq olaraq yavaş-yavaş yeriməlidirlər. 

Həmçinin də gündəlik  olaraq yüngül idman hərəkətləri etmək çox faydalıdır. İdman hərəkətləri müntəzəm olmalı və müəyyən vaxtdan bir artırılmalıdır.  

 “Təbib”lə qalın, sağlam olun!