Firdovsidən Balayana qədər: İran hansı yolu gedir?
Prezidentin xanımı türkləri aşağılayan çıxışlar edib
10 İyul 2023
Ermənilikdən fərqlənməyən panfarsizm İranda fars olmayan etnosları assimilyasiya edir. Bu, özünü ölkə həyatının bütün sahələrində göstərir. Bu siyasi ideologiya 98 ildir hakimiyyətdədir. Ondan əvvəl ölkəyə türklər hakim olublar. Ancaq təəssüf ki, saray sahibləri türk dili və mədəniyyətini bu etnosun hiylə və naz-qəmzələrinə qurban veriblər. İş o yerə çatıb ki, İrana rəhbərlik edən türk başbilənlər öz dilini belə bəyənməyib. Bu nadan və cahil yanaşma türk dilinin İranda hakim olmasına qənim kəsilib.
İranın 34-cü şahı Rza Pəhləvi bu tip nadanların ən bariz nümunəsidir. O, 1878-ci ildə Mazandaran əyalətinin Savadkuh şəhristanının Alaşt kəndində hərbçi türk (Azərbaycan türkü) ailəsində anadan olub. Onun anası Nuş Afərin Ayrımlu azərbaycanlı ayrımlardan olub. Bəzi mənbələr onun ailəsinin indiki Gürcüstandan köçdüyünü bildirir. Rza şahın həyat yoldaşlarından biri, Məhəmmədrza şah Pəhləvinin anası də ayrım idi - Tacülmülk Ayrımlı.
Rza şahın atası Abbasəli Xanın ailəsi Rusiyanın Qafqaza hücumu zamanı Qacar dövlətinə mühacirət edib. Qacar şahı onlara Mazandaranda məhsuldar kənd verib.
Rza şahın savadsız olduğu bildirilir. Onun qonşuları ilə Mazandaran ləhcəsində, ətrafı ilə farsca, çarın kazak bölmələrinin zabitləri ilə qırıq-kəsik rus dilində, öz əsgərləri və ailə üzvləri ilə Azərbaycan türkcəsində danışarmış.
Ancaq türklərə, ərəblərə, onların dili və milli mədəniyyətinə qarşı mübarizə onun hakimiyyəti illərində daha geniş vüsət aldı. Panfarsizm sarayın hakim ideologiyasına çevrildi. Ölkə üzrə fars dili, mədəniyyəti və ədəbiyyatı və s. təbliğ edilməyə başlandı. Yeni tarix kitabları, dərsliklər yazıldı. Həmin dövrdən kitablarda Azərbaycan türkləri aşağılandı və dilimiz fars dilinin bir qolu sayıldı. Az qala ailədə, hətta qapalı məkanlarda belə Azərbaycan türkcəsində danışanlar ən yaxşı halda cərimələndi. Fars ideoloqlarının illər uzunun hədəfə aldıqları türk dili və mədəniyyətinin rəsmi olaraq çöküşü başladı.
Bunu Rza şah təkbaşına elədi? Təbii ki, yox. Onun savadsızlığı və hakimiyyət hərisliyini bilən xarici qüvvələr və panfarsçı ünsürlər əllərinə düşən bu fürsətdən istifadə etdilər. Panfarsizmin lideri olan, ancaq genetik baxımdan türk sayılan Rza şah bu siyasi-ideologiyanın daşıyıcılarının əlində oyuncağa çevrildi. Xarici amil Osmanlı ilə Qacar türk dövlətlərinin qonşu və güclü olmasından narahat idilər. Ona görə bütün imkanlardan onların zəfiləməsi üçün istifadə edirdilər. 20-ci əsrin üçüncü on illiyində arzularına çatdılar. Hər iki böyük dövlət süquta uğradı. Osmanlıdan Türkiyə Cümhuriyyəti yarandı. Ancaq Qacarların yerində yaranan İran faşistlərlə əməkdaşlıq etdi. Rza şahın və ətrafındakı panfarsçı ideoloqlar faşist Almaniyası ilə qohumluqlarını, “ari irqə mənsub olduqlarını” elan etdilər. Elə faşistlərlə əlbirliyinə görə də onun taxta çıxaranlar taxtdan saldılar və Cənubi Afrika Respublikasına sürgünə göndərdilər. Panfarsizmi siyasi hakimiyyətə gətirən, İran adını siyasi xəritəyə gətirən şaha ölkəsində iki metr torpaq qismət olmadı.
Qacar səltənətinin yerində faşist rejim yarandı. Məhəmmədrza Şah Pəhləvi atasından qalma bu antitürk siyasəti daha da sərtləşdirdi. “İrana demokratiya, Azərbaycana muxtariyyət!” istəyən Azərbaycan Milli Hökumətinin qan içində boğmaqla Rza şahın faşizminə rəhmət oxutdurdu.
Onun oğlu Məhəmmədrza Pəhləvi də genetik olaraq daha çox türk etnosuna mənsub olduğu halda ana dilinə və onun milli mədəniyyətinə divan tutmaqla daha çox panfarsçı oldu. Bu siyasət 1979-cu il inqilabından sonra da davam etdi. Fars sayılan Xomeynidən sonra hakimiyyətə daha bir marionet, panfarsizmin qulu olan Xamneyi gətirildi. O da Rza şahdan qalma panfarsıst irsi davam etdirir. Xamneyi bu fəaliyyəti ilə fars şovinistlərinin əlində oyuncaq olduğunu təsdiqləyir. Bunu sübut etmək üçün kifayət qədər fakt var. Qacarları taxtdan salıb, Rzanı pəhləvilər adı altında taxta oturdan, onu Məhəmmədrza ilə əvəzləyən, sonra da onun yerinə Xomeyni və Xamneyinin gətirənlər Azərbaycan türklərinin istəklərindən, milli şüarlarından yararlanıblar. Onlara bütün bu işlərdə türklərin dəstəyi həmişə lazım olub. Hakimiyyətdə möhkəmləndikdən sonra birinci başı kəsilən də elə türklər olub.
İndi də belədir. Sentyabrın 17-də İranda başlayan etiraz aksiyaları Prezident İbrahim Rəisini Güney Azərbaycana səfərə vadar etdi. O, Təbrizdəki görüş və çıxışlarında Azərbaycan türklərini tərifləyib, ölkənin tarixində oynadıqları aparıcı roldan bəhs edib.
İbrahim Rəisi iyunun ortalarında xanımı Cəmilə Aləmülhüda ilə birlikdə Latın Amerikası ölkələrinə səfər edib. Təəssüf ki, səfərin mahiyyəti ilə İran Prezidentinin xanımının müsahibə və çıxışlarının məzmunu eyni olmayıb. Çünki İbrahim Rəisinin əsas məqsədi Latın Amerikası ölkələri ilə iqtisadi-ticarət əlaqələrini inkişaf etdimək olub. Yəni, İran hökumətinin başçısı Venesuela, Kolumbiya, Nikaraquaya “gəlin, İrana sərmayə qoyun, qorxmayın” deməyə getmişdi. İranın müəyyən mənada müttəfiqi sayılan bu ölkələr belə İranda vəziyyət riskli olduğu üçün oraya sərmayə qoymaqdan ehtiyat edirlər...
Cəmilə Aləmülhüda isə səfər zamanı İranın bu ölkələrlə mədəni əlaqələrindən, ölkəsindəki mədəni hadisələrdən, hicaba qarşı etiraz aksiyalarını İranın hərbi-polis rejiminin dağıtmamasından danışmaqdansa, antitürk çıxış edib. Bu, onun Firdovsidən başlayıb, Rza Pərhləvinin dövründə siyasi hakimiyyətə gələn, Məhəmmədrza şahın hakimiyyətində daha da təkmilləşən, ayətullah Xomeyninin islam adı ilə ört-basdır edilən şovinist fars, panfarsçı milli tərbiyəsinin göstəricisidir. Cəmilə Aləmülhüda Venesuelada yerli televiziya kanallarından birinə müsahibəsində İranda əhalinin əhəmiyyətli hissəsi olan türklərə və ərəblərə nifrət bəsləyən irqçi fikirlər söyləyib: “Ərəblər, türklər və moğollar bizim düşmənimiz olub”.
Yaxud İran televiziyasında İran hakimiyyətinin başqa bir “mədəni” rəsmi şəxsi ölkə (yəni fars) mədəniyyətinə türklərin zərbə vurduğunu deməklə bu ölkədəki hakim ideologiyanın panfarsçılıq, antitürk olduğunu gizlətməyib: “İran mədəniyyəti qorunub- saxlanıldığı üçün o qədər də ziyan görməyib. Ancaq tatarların, Əmir Teymurun, türk qullarının və savadsız insanların istilası ona çoxlu fiziki ziyan vurub”.
Əslində Azərbaycan türklərinin və bütövlükdə türklərin indiki İran ərazisindəki izlərini itirmək üçün panfarsizm min ildən artıqdır əlindən gələn pislikləri edir. Türkcə olan coğrafi, yer adları farslaşdırılır, türklərə məxsus tarixi mədəni, dinin abidlər ya dağıdılır, ya da təhrif edilmiş şəkildə təbliğ edilir.
Cəmilə Aləmülhüdanı və onun kimi düşünən panfarsçılarla “ermənilik” (“tseqakronizm”) ideologiyasının daşıyıcıları arasında zərrə qədər də fərq yoxdur. Çünki bu iki faşist düşüncə sisteminin əsasında türk düşmənliyi dayanır. Onlar türk torpaqları üzərində dövlət qurulmasına nail olublar. Hətta şüarları da eynidir. Cəmilə Aləmülhüda kimilərin şüarı “Türklərsiz İran!”dır. Ermənilər 35 il əvvəl Ermənistanın azərbaycanlı vətəndaşlarını ölkədən zorla köçməyə məcbur etməklə bu hədəfə çatıblar.
Firdovsi nə idisə, Balayan da odur. Yaxud Silva Kaputikyan nə idisə, Cəmilə Aləmülhüda da odur...