Logo
news content

Fəlakət ssenarisi başladı
“Gələcəyin gözəl Rusiyası” doğulmamış öldü

Rusiya müxalifətinin lideri Aleksey Navalnının qətli Qərbdə çox nəhəng qəzəb doğurub və bu hal dünyanın bütün aparıcı nəşrlərinin səhifələrindən çox aydın görünür. Belə görünür ki, bu qətl bir dönüş nöqtəsidir. 

16 fevralın dönüş nöqtəsi olduğunu göstərən məqam ondan ibarətdir ki, Qərbin aparıcı liderləri Putini qatil elan ediblər. 

ABŞ prezidenti Co Bayden deyib ki, Navalnının qətlinə görə Putin məsuliyyət daşıyır. ABŞ-ın vitse-prezidenti Kamala Harris Navalnının qətlini “Putinin qəddarlığının daha bir sübutu” adlandırıb. ABŞ dövlət katibi Antoni Blinken deyib ki, Navalnının ölümündə Rusiya məsuliyyət daşıyır. 

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib ki, Aleksey Navalnının ölümünə görə məsuliyyət yalnız Putinin üzərinə düşür. 

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də bu faciəli ölümə görə yalnız Rusiya rejiminin məsuliyyət daşıdığını bildirib. 

İsveçin xarici işlər naziri Tobias Billström Navalnın ölümünü “Putin rejiminin növbəti dəhşətli cinayəti” adlandırıb.

Çexiyanın xarici işlər naziri Yan Lipavski isə Navalnın qətlinə görə bütövlükdə Rusiya dövlətini günahkar hesab edib və Putinə müxalif olan Nemtsov və Navalnının işgəncə ilə öldürüldüyünü bəyan edib. 

Navalnın qətlinə münasibət bildirən Almaniya kansleri Olaf Şolts deyib ki, bu hadisə Moskvada hansı rejimin hakimiyyətdə olduğunu bir daha göstərir. 

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Navalnının qətlinin arxasında şəxsən Putin dayanır. 

Kanadanın baş naziri Castin Trüdonun münasibəti ən sərt dəyərləndirmədir: “Müxalifət lideri Aleksey Navalnının ölüm faciəsi bütün dünyaya Rusiya prezidenti Vladimir Putinin nə qədər canavar (monstr) olduğunu xatırlatdı”

Polşanın Baş naziri Donald Tuskun sözləri isə Qərbin vədi hesab oluna bilər: “Aleksey, biz səni heç vaxt unutmayacağıq. Və biz onları heç vaxt bağışlamayacağıq”.

Qərb liderlərinin bu və digər ittihamları tezliklə ABŞ Konqresinin, Avropa Parlamentinin, Böyük Britaniya parlamentinin, Avropa Şurası Parlament Asamblleyasının qərarına çevriləcək. Çox böyük ehtimalla, 15-17 mart tarixlərində keçiriləcək prezident seçkisi adlı prosedurdan sonra Putinin legitimliyi tanınmayacaq. Qeyri-legitim dövlət başçısının təyin etdiyi şəxslərin də legitimliyi şübhə altına düşəcək. Bundan başqa, Putinə və Rusiya hakimiyyətinin təmsilçilərinə qarşı başqa məhdudlaşdırıcı tədbirlər də görülə bilər. Bütün bunlar Rusiyanın beynəlxalq münasibətlərdən təcridini və qlobal iqtisadiyyatdan qoparılmasını sürətləndirəcək. 

Navalnının qətli eyni zamanda onun işarəsidir ki, Putin Ukraynaya qarşı müharibəsinə tam sədaqət tələb edir və buna qarşı çıxanlar məhv ediləcək. Navalnının qətlinin siyasi mənası budur. Hadisədən dərhal sonra Putinin ilk yayılan görüntülərində Kreml sahibinin yüksək əhval-ruhiyyədə olması bunu aydın göstərir. Belə görünür ki, diktator cəmiyyətə verdiyi mesajın doğurduğu əks-sədadan çox razı qalıb. Navalnının qətli ilə diktator özünü Kreml sahibinin təbəəsi hesab etməyənlərə ölkəyə böyük terrorun qayıtdığının anonsunu verdi. Böyük terror qorxusu və Navalnının qətlinin doğurduğu sarsıntı elm və iş adamlarının, yüksək səviyyəli kadrların ölkədən qaçışını daha da sürətləndirəcək. Bu isə elm və sənayenin çöküşünün miqyasını böyüdəcək. 

Navalnı Rusiya cəmiyyətinin fəal hissəsinin böyük bir kəsimini “Gələcəyin gözəl Rusiyası” xəyalına inandırmışdı. “Gələcəyin gözəl Rusiyası” ifadəsi altında demokratik institutlarının inkişaf etdiriləcəyi və hakimiyyətin demokratik yolla seçilmiş siyasətçilər tərəfindən həyata keçiriləcəyi gələcək Rusiya nəzərdə tutulurdu. Əsasını solçu liberal dəyərlər təşkil edən “Gələcəyin gözəl Rusiyası”na görə ölkə parlament üsul-iadəçiliyinə keçməli, regionların və bələdiyyələrin səlahiyyətləri artırılmalı, dövlət büdcəsini ilk növbədə daxili ehtiyaclara, hər şeydən əvvəl təhsil və səhiyyəyə xərcləyən sosial dövləti ehtiva edirdi. Belə bir dövlət millətini sevən hər bir vətənpərvərin xəyalıdır. Navalnın Rusiya cəmiyyətinin önüməli bir hisəsini bu xəyala inandırmışdı. 

Fevralın 16-da (bəzi iddialara görə, fevralın 15-də) gerçəkləşən qətl Rusiyanın totalitarizmdən demokratiyaya keçidini ehtiva edən “Gələcəyin gözəl Rusiyası” xəyalını da öldürdü. Navalnının qətli “Gələcəyin gözəl Rusiyası” xəyalını öldürdüyü andan etibarən fəlakət ssenarisini başlatdı. Çünki yüzdən artıq xalqı vahid bir bayraq altında yaşamağa razı salacaq başqa bir ideya mövcud deyil. 

Bu fəlakəti qaçılmaz edən başqa bir məqam Aleksey Navalnının qətlindən sonra Rusiyada hakimiyyətin dinc və legitim keçidini təmin edə biləcək liderin olmamasıdır. Navalnının hətta əleyhdarları da onu diktaturanın çöküşündən sonra hakimiyyətin dinc keçidini təmin edəcək şəxs kimi qəbul edirdilər. Bu mənada, bir çoxları ona Rusiyanın son şansı kimi baxırdı. Diktatura bu son şansı ortadan qaldırmaqdan, fəlakət ssenarisini işə salmaqdan çəkinmədi.

Bu fəlakət ssenarisinin miqyasını bu gün heç kim dəqiq müəyyən edə bilməz. Ancaq həmin ssenarinin külli miqdarda nüvə silahına malik Rusiya Federasiyası adlı nəhəng coğrafiyada hər kəsin hər kəsə qarşı vətəndaş müharibəsindən ibarət olacağını söyləmək olar. Bu elə bir fəlakət olacaq ki, Rusiyanın bütün qonşularına, xüsusilə də bu prosesə hazır olmayan hər bir ölkəyə daha çox təsir edəcək.