Böyük nifaqın tarixi: altı gündə itirilən cənnət
Qolan təpələri kimindir, niyə dünya buranı işğal olunmuş ərazi sayır?
06 Yanvar 2025
2024-cü il dekabrın 8-də dünya mətbuatı İsrailin Qolan təpələrini tamamilə tutması xəbərini paylaşdı. Ayrı vaxt olsaydı, xəbər çox böyük ajiotaj doğurar və günlərlə müzakirə olunardı. Amma indi belə olmadı. Bu xəbər Suriya üsyançılarının Dəməşqi ələ keçirməsi və 54 illik Əsəd xanədanının süqutu fonunda itib batdı, bir-iki günlük müzakirələrdən sonra, demək olar, unuduldu.
***
Bütün region kimi Qolan təpələri də dörd əsr Osmanlı dövlətinin tərkibində oldu. Birinci dünya müharibəsindən sonra indiki Türkiyənin cənub-şərqi, Hatay vilayəti, eləcə də müasir Suriya və Livan dövlətlərinin ərazisi Fransa tərəfindən işğal edildi. 1920-ci ilin aprelində Sanremo konfransının və 1923-cü ilin sentyabrında Millətlər Cəmiyyətinin qərarı ilə Fransaya Suriya üzərində mandat verildi. Bu mandat indiki Suriya ilə yanaşı Livanı və Türkiyənin Hatay vilayətini əhatə edirdi (Fransızlar Türkiyənin cənub-şərqindən 1921-ci ilin payızında çıxdılar).
Hatay 1939-cu ildə Türkiyəyə qaytarıldı, Livan 1943-cü ilin noyabrında, Suriya isə 1944-cü ilin yanvarında müstəqilliyini elan etdi. Amma hər ikisi gerçək müstəqilliyə 1946-cı ildə, Fransa qüvvələrinin çıxmasından sonra nail oldu.
1800 kv km sahəsi olan Qolan təpələri tamamilə Suriya ərazisində, onun cənub-qərbində yerləşir. Şimal ucu Livan ərazisinə, cənub ucu isə İordaniya ərazisinə dirənən təpələrin şərqində Suriya, qərbində İsrail yerləşir. Başqa sözlə, Suriya-İsrail sərhədi tamamilə Qolan təpələrindən ibarətdir.
Yayla cənubdan şimala doğru tədricən yüksəlir və dəniz səviyyəsindən 1000 metr hündürlüyə çatır. Ən hündür zirvəsi Hermon və ya ərəbcə Cəbəl əş-Şeyxdir (Şeyxin dağı): 2814 metr. 2024-cü ilin dekabrına qədər Hermon dağ massivinin yalnız 7 faizi İsrailin nəzarətində idi.
***
İki dövlətin sərhədində yerləşən yüksəklik həmişə strateji əhəmiyyətə malik olur. Bu dövlətlər düşməndirlərsə, onun strateji əhəmiyyəti lap artır. Suriya və İsrailin bəzi özəllikləri isə - birincinin paytaxtı Dəməşqin yaxınlığı, ikincinin kiçik ərazisi - Qolan təpələrini ümumiyyətlə qiymətsiz edir.
1947-1949-cu illərdə baş verən Birinci ərəb-yəhudi savaşından sonra iki ölkə arasında demilitarizasiya zonası yaradılmışdı. İsrail hesab edirdi ki, həmin ərazi üzərində suverenliyə malikdir və orada mülki işlər aparmaq hüququ var (Suriya ilə sərhəd ərazinin hamısı BMT tərəfindən İsrail dövlətinə ayrılan torpaqlar idi). Suriyalılar isə belə hesab etmirdilər və buna görə də orada çalışan yəhudiləri Qolanda yerləşdirdikləri artilleriya və atıcı silahlarla tez-tez atəşə tuturdular.
İordan çayının hövzəsindəki mənbələr uğrunda Su savaşı və başqa səbəbləri də olan bu gərginlik bəzən ciddi toqquşmalara gətirib çıxarırdı. Məsələn, 1967-ci ilin aprelin 7-də demilitarizasiya zonasında işləyən traktorçunun Suriya ərazisindən atəşə tutulması ilə başlayan insident hava döyüşünə qədər böyüdü və altı Suriya təyyarəsinin vurulması ilə yekunlaşdı. 1949-1967-ci illərdə Qolandan açılan atəş nəticəsində ümumən 140 israilli öldürüldü, daha çoxu isə yaralandı.
1967-ci il iyunun 5-10-da baş verən Altıgünlük müharibədən sonra İsrail Qolan təpələrinin 2/3 hissəsini (1170 kv km) işğal etdi. Burada yaşayan onminlərlə (Suriya mənbələrinə görə, 147 min, İsrail mənbələrinə görə, 116 min) əhalinin böyük əksəriyyəti qaçqın düşdü. Tərəflər arasında demilitarizasiya zonası daha Suriya ərazisindən keçdi və Bənövşəyi xətt adlanırdı.
1973-cü il oktyabrın 6-da başlayan Yom Kippur müharibəsində Suriya Qolan təpələrinə doğru hücuma keçdi. Ərəblər həm canlı qüvvə, həm texnika baxımından 3:1 nisbətində üstün olsalar da, ciddi uğur qazana bilmədilər. Bunun bir səbəbi də o idi ki, Qolan təpələri İsrail ərazilərinin bilavasitə yaxınlığında idi və ordu rəhbərliyi ilk növbədə buraya diqqət ayırdı.
Eyni zamanda Sinayda Misirlə savaşan İsrail orada ərazilər itirməyi özünə rəva görə bilərdi, ancaq Qolan təpələrində mümkün deyildi. Buradan ölkənin içərilərinə doğru cəmi bir-iki saatlıq məsafə vardı. Buna görə də ehtiyatdan çağrılan hərbçilər ilk növbədə suriyalılara qarşı göndərildilər. Göz yaşı vadisi döyüşü adlandırılacaq şiddətli döyüşlər dörd gün davam etdi. Ağır itkilər verən suriyalılar (say baxımından suriyalılar, faiz baxımından israillilər çox itki verdilər) oktyabrın 9-da axşam hücumu dayandırdılar.
Beləliklə, suriyalıların Qolanı qaytarmaq cəhdi uğursuz oldu və status-kvo bərpa edildi. BMT-nin 1974-cü il mayın 31-də qəbul etdiyi qətnaməyə əsasən, tərəflər arasındakı bufer zonaya sülhməramlılar yerləşdirildi.
İsrail 1979-cu ildə Misirlə sülh bağladı və İsrailin tanınması, diplomatik əlaqələrin qurulması müqabilində Altıgünlük müharibədə işğal etdiyi Sinay yarımadasını geri qaytardı. Amma Suriya ilə eyni kombinasiya alınmadı. Hafiz Əsəd İsraili tanımaqdan imtina etdi. Knessetin 1981-ci ildə qəbul etdiyi “Qolan təpələri haqqında qanun” İsrailin suverenliyini bu əraziyə şamil edir. Qanunda “ilhaq” sözü işlənməsə də, beynəlxalq birlik bu qanunu ilhaq cəhdi kimi qəbul edir və tanımır. Yalnız ABŞ 2019-cu ildə Qolanları İsrail ərazisi kimi tanıdı.
***
Təbii istehkam olan və Dəməşqi binoklla müşahidə etmək imkanı verən Qolan təpələrinin İsrail üçün hərbi əhəmiyyətindən əlavə böyük iqtisadi əhəmiyyəti də var. Yayla əsasən quraq olan ətraf ərazilərdən kəskin fərqlənir. Qolan yaşıllıq vahəsidir. Burada xeyli dənli bitkilər, meyvə (o cümlədən, subtropik) və tərəvəz yetişdirilir. İsraildə istehsal olunan mineral suların yarısı, çaxırın 25 faizi Qolanın payına düşür. Özü də bu, xeyli ərazinin təmizlənməyən minalar üzündən qapalı olmasına rəğmən əldə olunur. İsrailin istifadə etdiyi içməli suyun 1/3-i Qolandan əldə olunur.
Bunlardan əlavə, Qolan təpələri turizm mərkəzidir. Buraya ildə 2 milyondan çox yerli və xarici turist gəlir. Gözəl təbiət, qoruqlar, qədim tarixi abidələr, termal sular turistlərin cəlbində mühüm rol oynayır. Üstəlik, Herman dağının İsraildə olan hissəsində ölkədə yeganə qış kurortu var.
***
Altıgünlük müharibədən sonra Qolan təpələrində beş yaşayış məntəqəsində yerli sakinlər - druzlar yaşamaqda davam edirlər. Məcdəl-Şəms, Masade, Bukata, Eyn-Kiniye və Şayta. Sonuncu 1972-ci ildə ləğv edildi, 200-dən az olan sakinləri Masadeyə köçürüldü. Yerində hərbi post yaradıldı. Nəticədə, Qolanda dörd druz yaşayış məntəqəsi qaldı. Burada yaşayanların sayının 23 minə qədər olduğu təxmin edilir.
Qolanda yaşayan druzların İsrailə münasibəti birmənalı deyil. Bir yandan etiraz aksiyaları gözə dəymir, İsraillə döyüşən qüvvələrə qoşulmurlar, bəziləri Qolanlarda, bəziləri də İsrailin digər ərazilərində işləyirlər, sosial müavinətlərdən də yararlanırlar. Digər tərəfdən isə özlərini suriyalı sayırlar və 1981-ci il aktından sonra İsrail vətəndaşlığını qəbul etmək hüquqları olsa da, buna can atmırlar. İsrail onları Suriya vətəndaşı kimi tanımır, sənədlərdə “Qolan yüksəkliklərinin sakini” yazır və xaricə gedəndə vətəndaşlıq göstərilməyən səyahət sənədi ilə təmin edir.
30 il müddətində İsrail vətəndaşlığını qəbul edən Qolan druzlarının sayı az idi. Hər il cəmi bir neçə nəfər vətəndaşlıq üçün müraciət edirdi. Məsələn, 2000-ci ildə cəmi 5 druz İsrail vətəndaşı olmaq istəmişdi. Amma Suriyada vətəndaş müharibəsi başlayandan vətəndaşlıq üçün müraciət edənlərin sayında artım müşahidə olunur. 2022-ci ilin ortalarında 4303 Qolan druzu İsrail vətəndaşı idi.
Onu da deyim ki, İsrailin digər ərazilərində yaşayan druzlar yəhudi dövlətinə daha loyaldırlar. Onlar yəhudi olmayan yeganə azlıqlardır ki, hərbi xidmətə çağırılırlar. İsrail ordusunun zabitləri arasında druzların xüsusi çəkisi yetərincə yüksəkdir.
İsrail İordan çayının Qərb sahilində olduğu kimi Qolanda da məskunlaşma siyasəti həyata keçirir. İşğal altında saxladığı müddətdə Qolanda 34 yəhudi məskəni salınıb və burada 31 min yəhudi yaşayır. Druz və yəhudilərdən başqa Qolanlarda ələvilər, bədəvilər və başqa azlıqlar var.
Beynəlxalq birlik, Qərb sahilində olduğu kimi, Qolan təpələrində salınan məskənləri də qanunsuz hesab edir və bu zaman Dördüncü Cenevrə konvensiyasına istinad edilir. İsrailin özünün də qoşulduğu həmin konvensiya bir ərazini işğal edən dövlətə öz vətəndaşlarını həmin əraziyə köçürməyi qadağan edir.