Logo
news content

Bakının günü
İstiqlaldan sonrakı ilk qazancımız paytaxtın azad olunması idi...

Bu gün 15 sentyabrdır. 2004-cü ildən bu tarix Azərbaycanda rəsmən Bilik Günü kimi qeyd olunur.

1918-ci ilin bu günündə Bakı Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin gənc əsgərləri tərəfindən daşnak-menşevik qüvvələrinin işğalından azad olunub, amma bu tarix Azərbaycanda rəsmən qeyd olunmur.

Bakı necə azad olunub?

Əslində, Bakının azad olunması Azərbaycan xalqının həyatında 28 Maydan sonra baş vermiş ən böyük tarixi hadisə idi. Çünki istiqlalımız elan olunarkən Azərbaycan Xalq Cümhuriyyətinin özünə paytaxt elan etdiyi Bakı şəhəri işğal altında idi. Bu səbəbdən Cümhuriyyət hökumətinin ilk paytaxtı 3 ay ərzində Gəncə şəhəri olmuşdu.

25 may 1918-ci ildə Gəncəyə varid olan Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın “Sarıxaçlı kilsə istiqamətində irəli” əmri ilə sentyabrın 14-də səhər tezdən, hələ günəş çıxmamış başlayan Bakıya hücum əməliyyatı ertəsi gün qələbə ilə yekunlaşdı. Qanlı döyüşlərdən sonra ağ bayraqlı avtomobildə İran konsulu ilə birlikdə döyüş yerinə gələn düşmənin qərb cəbhəsi üzrə erməni komandiri şəhəri təslim etməyə hazır olduqlarını bildirdi.

Bununla da Bakı anti-Azərbaycan qüvvələrin işğalından xilas olundu. Nuri Paşa Bakının alınması barədə Azərbaycan hökumətinə, Ənvər Paşaya, 3-cü və 9-cu Ordu komandanlarına teleqramlar göndərdi. Teleqramların hamısı eyni cümlə ilə başlayırdı: ''Bakı şəhəri 36 saatlıq şiddətli müharibədən sonra sentyabrın 15-də saat 9-da fəth olunub". 

İstanbulda olan M.Ə.Rəsulzadəyə telefonla zəng edən Osmanlı dövlətinin hərb naziri Ənvər Paşa onu təbrik etdi. M.Ə.Rəsulzadə öz növbəsində Azərbaycan hökumətinin sədri F.Xoyskiyə teleqram göndərib Azərbaycan xalqı və hökumətinə böyük qələbə münasibətilə ilə təbriklərini çatdırdı. Fətəli Xan Xoyski Nuri Paşanı şəhərin azad edilməsi münasibətilə təbrik edərkən yazırdı: "Millət Sizə minnətdardır".

Azərbaycan torpaqlarının azad olunması uğrunda Qafqaz-İslam Ordusu 4 min əsgər və zabit şəhid vermişdi ki, onlardan da 1130 nəfəri Bakı uğrunda şəhid olmuşdu.

Bakının günü niyə olmasın?

Bir çox ölkələrdə “Şəhər günü” və ya “Paytaxt günü” adlı bayramlar var. Xüsusən qədim tarixə malik şəhərlərin əhalisi bu günə xüsusi həssaslıqla yanaşır. Son illər Azərbaycanın Gəncə, Şəki, Sumqayıt kimi şəhərlərində də “Şəhər günü” tədbirləri keçirilib. 

2020-ci ilin 44 günlük Vətən müharibəsi ölkəmizdə Şəhər günü məfhumuna yeni çalarlar gətirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunur: 

26 avqust – Laçın şəhəri günü 

4 oktyabr – Cəbrayıl şəhəri günü 

17 oktyabr – Füzuli şəhəri günü 

20 oktyabr – Zəngilan şəhəri günü 

25 oktyabr – Qubadlı şəhəri günü 

8 noyabr – Şuşa şəhəri günü 

20 noyabr – Ağdam şəhəri günü 

25 noyabr – Kəlbəcər şəhəri günü.

2023-cü ilin sentyabrında keçirilən 23 saatlıq antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə dövlət başçısının bu sərəncamında dəyişiklik edilməsi zərurəti yaranıb. Nəticədə 18 sentyabr 2024-cü ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilib və 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü elan edilib. 

Adı çəkilən şəhərlərin günlərinin hər il istər rəsmi şəkildə, istərsə də sosial şəbəkələrdə necə böyük şövqlə qeyd olunduğunu müşahidə etmək hər birimizdə fərəh hissi yaşadır. Bir zamanlar yuxuda belə görmədiyimiz tarixi hadisələrə şahidlik etdiyimizi həmin günlərdə bir daha dərk edirik.

Təəssüf ki, 35 illik son müstəqillik tariximiz ərzində hələ də Bakının günü müəyyənləşməyib. Elə bu qeyri-müəyyənliyin nəticəsidir ki, bir neçə ildir "Facebook"da hamı bir-birini 1 iyul - Bakılılar Günü münasibətilə təbrik edir. Hətta əslən bakılı olmayanlar belə. Halbuki əksəriyyəti heç bu günün tarixini bilmir. Əslində internet saytlarında da bu günlə bağlı konkret informasiya yoxdur.

Deyilənə görə, 1 iyul - Bakılılar Günü 1990-cı illərdə Bakıdan İsrailə köçən yəhudi və ya erməni əsilli keçmiş Azərbaycan vətəndaşları tərəfindən elə bu ölkədə qeyd olunmağa başlayıb. Azərbaycana isə sədası təxminən 20 ildən sonra gəlib çatıb. 

Bakının da, bakılıların da, Bakıda doğulanların da, yaşayanların da bircə bayram günü var - 15 sentyabr. Həmin gün Nuri Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin gənc ordusunun əsgərləri Bakını erməni-bolşevik işğalından azad ediblər. Bu səbəbdən Bakının tarixində ən əlamətdar gün məhz 15 sentyabrdır. 

O zaman niyə Bakı şəhəri günümüz olmasın?