Bakı və İrəvan seçim qarşısında
Sülhün gələcəyi yalnız müqavilədən asılı deyil
26 Yanvar 2024
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin harada imzalanması ilə bağlı üç ehtimal var: ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda, Avropa İttifaqının vasitəçiliyi Brüsseldə və ya Rusiyanın vasitəçiliyi ilə Moskvada.
Son üç ildə sülh müqaviləsinin harada imzalanacağı ilə bağlı üç fərqli vəziyyət vardı. 10 noyabr bəyanatından ta Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başladığı vaxta qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin Moskvada imzalanacağı ehtimalı çox böyük idi. Lakin münaqişənin həllindən daha çox onun idarə olunmasında maraqlı olan Rusiya sülh müqaviləsinin Moskvada imzalanması üçün mövcud olan əlverişli vəziyyətdən yararlanmadı. Rusiyanın bu əlverişli vəziyyəti dəyərləndirməməsi, yuxarıda qeyd etdiyim kimi, Moskvanın münaqişənin həll etməkdə deyil, idarə etməkdə maraqlı olmasının nəticəsi idi.
Rusiyanın postsovet məkanındakı siyasətinə yön vermək məqsədilə Konstantin Zatulin və Andranik Miqranyan tərəfindən 1997-ci ildə yazılmış “MDB: Tarixin başlanğıcı və ya sonu. Mərhələlərin dəyişməsinə doğru” başlıqlı strategiyanın mahiyyəti budur ki, Rusiya keçmiş sovet respublikaları üçün cazibə mərkəzi ola bilmədiyindən, yeni yaranmış ölkələr Qərbə üz tutacaqlar. Bunun qarşısını almaq üçün Zatulin və Miqranyan təklif edirdilər ki, Rusiya postsovet məkanında mövcud olan münaqişələri idarə etməklə, həmin ölkələrin Avroatlantik məkana inteqrasiyasının qarşısını almalıdır.
Bu təklif özünü doğruldub. Postsovet məkanındakı münaqişələrin Rusiya tərəfindən idarə olunması keçmiş sovet respublikalarının Avroatlantik strukturlara inteqrasiyasının qarşısını alıb. Yeri gəlmişkən, iddia olunurdu ki, həmin strategiyanın üçüncü həmmüəllifi Rusiyanın hazırkı xarici işlər naziri Sergey Lavrovdur. Bu iddia hələ də təkzib edilməyib. Sadəcə olaraq, belə bir bədnam sənədin altında o zaman Rusiyanın BMT-dəki daimi nümayəndəsi olan Sergey Lavrovun imzasının olması diplomatik qalmaqala səbəb ola bilərdi. Ancaq hər kəs bilir ki, Moskva Beynəlxalq Münasibətlər İnstitutundakı tələbəlik illərindən Miqranyan tələbə yoldaşı Lavrovun kölgəsi hesab olunur və sözügedən sənədin altındakı Miqranyanın imzası bu sənədin Lavrovun beyninin məhsulu kimi qəbul olmasına imkan verir.
Rusiyanın 15 dekabr 2021-ci ildə ABŞ-yə və NATO-ya qarşı irəli sürdüyü “Regional təhlükəsizliyə dair yeni razılaşma” adlı ultimatum və Ukraynaya hərbi təcavüzü də təsdiq edir ki, Moskva postsovet məkanını özünün müstəsna təsir dairəsi hesab edir. Belə iddialar var ki, Moskvanın bu təşəbbüsləri SSRİ 2.0-nin yaranması ilə başa çatmalı idi. Lakin Vaşinqtonun “Regional təhlükəsizliyə dair yeni razılaşma”nı rədd etməklə, Ukraynanın isə Rusiya işğalına qarşı rəşadətlə müqavimət göstərməsi Moskvanın SSRİ 2.0 planını iflasa uğratdı. Rusiyanın Ukraynada məruz qaldığı hərbi-siyasi uğursuzluq Moskvanın postsovet məkanındakı tək hakimiyyətinə son qoyduğu kimi, onun Ermənistanla Azərbaycan arasında hakimliyini sarsıtdı.
Rusiyanın mövqeyi sarsılan andan Avropa İttifaqının fəal vasitəçilik dövrü başladı. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüssel və Praqada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlər sülh müqaviləsinin qısa zamanda imzalana biləcəyi qənaətini yaratmışdı. Lakin Fransa prezidenti Emanuel Makronun uğursuz müdaxiləsi Avropa İttifaqının təşəbbüsünə zərbə vurdu.
ABŞ-nin sülh müqaviləsinin imzalanması üçün təşəbbüsü isə Rusiya, İran, Türkiyə və Fransanın maneələri nəticəsində gözlənilən nəticəni vermədi. Strateji marağı Hind-Sakit okean regionu ilə bağlı olan, Cənubi Qafqazda çox da böyük marağı olmayan Vaşinqtonun Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün çox əmək sərf etmək niyyətində olmaması da ABŞ-ın vasitəçiliyinin uğurla başa çatmasına imkan verməyən başqa bir məqamdır. Üstəlik, Vaşinqton postsovet məkanın taleyinin Cənubi Qafqazda deyil, Şərqi Avropada həll olunduğunu bilir. Ukrayna Rusiya ilə müharibədən qalib çıxsa, Cənubi Qafqaz qısa zamanda tamamilə Qərbin təsir dairəsinə keçəcək. Hazırda Moskva ilə Brüsselin yanaşması da təxminən eynidir. Vaşinqton, Brüssel və Moskvada gözəl bilirlər ki, postsovet məkanın taleyi Ukraynada həll olunur.
Ukraynadakı müharibədə kimin qalib gəlməsindən asılı olaraq, postsovet məkanındakı oyun qaydaları müəyyən ediləcək. Rusiyanın qalib tərəf olmayacağı ehtimalının hər ötən gün artdığı bir şəraitdə Moskvanın vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanması tərəflərə fayda vermədiyi kimi, zərər verə bilər. Sülh müqaviləsi yalnız münaqişənin başa çatdığını təsdiqləyən sənəd olmamalıdır. Sülh müqaviləsi Cənubi Qafqaza gerçək sülh gətirəcək prosesi başlatmalıdır. Bu isə regionun iqtisadi yüksəlişi, Cənubi Qafqaz ölkələrində rifah cəmiyyəti quruculuğu prosesin başlaması şərti ilə mümkündür. Regionda iqtisadi yüksəliş isə nəhəng sərmayə qoyuluşu və texnologiyaların paylaşılması ilə mümkündür. Bu vəzifənin öhdəsindən gələ biləcək dövlət isə yalnız ABŞ-dir.
ABŞ-nin vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanması Vaşinqtonun üzərinə regionun iqtisadi yüksəlişinə nail olmaq vəzifəsini qoyacaq. Ona görə də ABŞ-ın vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanmasında Bakı ilə İrəvan Vaşinqtondan daha çox maraqlı olmalıdır.
Hazırkı zaman kəsiyi Azərbaycanın mövqeyinin ən güclü olduğu dövrdür. Azərbaycan üçün ən əlverişli sülh müqaviləsi də məhz indi imzalana bilər. Gələcəyin nələr gətirəcəyini öncədən görmək mümkün deyil.