
May və Cənubi Qafqaz: Üç ölkə və üç strategiya
Günəş hər kəs üçün işıq saçsa da, bu, hər kəsin istiliyi eyni dərəcədə alacağı demək deyil...
02 May 2025
May ayı. Haralardasa istirahət mövsümü başlayır, Cənubi Qafqazda isə geosiyasi təlatümlər dövrüdür. Günəş parıldayır, sərhədlər qaynayır, investorlar gərginlikdən tər içindədir. Regionun üç dövləti isə öz milli rəngi, dramı və özünəməxsus cazibəsi ilə sabahkı iqtisadi yolunu müəyyənləşdirir.
Gürcüstan:
Bir vaxtlar Tbilisidə bahar bir fincan qəhvə və Dünya Bankının hesabatı ilə başlayardı. “Biz islahatların çempionuyuq!” – bu, avrointeqrasiyanın dəbdə olan dövrlərdə hər yerdə səslənirdi. Amma 2025-ci ilin mayı Gürcüstanı siyasi xəstəliklə qarşılayır. Brüssel yenidən asqıran kimi Tbilisidə temperatur qalxır. Avropa İttifaqı növbədənkənar seçkilər, demokratiya və şəffaflıq tələb edir, Gürcüstan hakimiyyəti isə tez-tez suverenlik “termometrini” yoxlayır.
Statistikaya görə, son yarım ildə Avropa diplomatlarının Gürcüstana səfərlərinin sayı Tbilisi-Brüssel reyslərinin sayını ötüb. Bu vaxt Gürcüstan iqtisadiyyatı Azərbaycan trayektoriyasına yön alıb: qaz Bakıdan, elektrik də oradan, turistlər isə artıq Qazaxıstandan gəlir. Siyasi lirika əvəzinə – təsərrüfat romansı: öz elektrik mənbəyin, öz meyvən, öz planın. Tbilisidə indi yalnız havanı deyil, “demokratiya hərarətini” də müzakirə edirlər. Deyirlər, Aİ-nin “termometri” tez-tez göstəricidən yuxarı qalxır – amma səbəb isti hava deyil, tələblərin çoxluğudur. Siyasətçilərin siyasi təzyiqi ölçdüyü bir zamanda isə xalq sadəcə sabitlik və köhnə qiymətlərlə şərab istəyir.
Ermənistan:
İrəvan hələ dünənə qədər rəqəmsal gələcək qururdu. Blokçeyn, süni intellekt və karamel ixracı – yeni iqtisadiyyatın dayağı kimi təqdim olunurdu. 2024-cü ildə startap mövzusunda 23 forum keçirilib, nəticədə cəmi iki startap açılıb – hər ikisi də kovorkinqlərdə (ingilis Coworking – ümumi ofis sözündən) qəhvə satışı ilə bağlı.
İndi isə Ermənistan may ayına “strateji skaner” rejimində daxil olur: “Sponsorumuz hanı?” Köhnə müttəfiqin yerində – məyusluq. Yenilərin üzündə təbəssüm var, amma hələlik pul yoxdur. Rəsmi fonda hər şey işıqlıdır: innovasiyalar, konfranslar, təqdimatlar. Qeyri-rəsmi şəkildə isə ölkə mexaniki formada xaricdən istilik axtarışındadır. Deyilənə görə, hətta məktəblilərə belə, diplomat təbəssümlərindən potensial sponsor tanımağı öyrədirlər. Amma ermənilər dözümlüdür – lap geosiyasi tənhalığın fonunda belə, satmaq üçün əriklər yenə yetişir. Bir tərəf investisiyanı, o biri konfransları sayır, xalq isə qəpikləri hesablayır. Xəbərlərdə – növbəti sammit, mağazada — növbəti bahalaşma. Deyilənə görə, İrəvanda yeni startap açılanda bu ya qəhvəxana olur, ya da növbəti sponsor axtarma üsulu.
Azərbaycan:
Bakıda may ayı – forumlar, sammitlər və enerji tədbirləri ayıdır. “Yaşıl enerji”, “ağıllı kəndlər”, “yeni İpək Yolu” – hamısı eyni vaxtda və təlaşsız. 2024-cü ildə ölkə 17 beynəlxalq nümayəndə heyəti qəbul edib, 12 enerji memorandumuna imza atıb və logistika mərkəzi tikib. Bu mərkəz bəzən regiondakı bəzi hökumət nümayəndələrindən daha effektiv işləyir.
Azərbaycan nə Aİ ilə mübahisə edir, nə Moskvadan gileylənir, nə də “himayədar tap” oyununa girişir. Sadəcə öz partiyasını oynayır – sakit, dəqiq, Bakı üslubunda. Qaz istəyirsən? Pulunu ödə. Tranzit lazımdır? Mane olma. Mühazirə dinləmək arzusundasan? Forumda qeydiyyatdan keç və nişanını unutma. Neftin hələ də axdığı, Günəşin isə artıq kilovatlarla satıldığı ölkədə geosiyasi müstəqillik şüar deyil, resursdur. Elə qaz, neft və Günəş kimi. Və üstündə qiyməti də var. Deyilənə görə, Bakıda artıq məktəblədə inşa yazıları “qlobal enerji transformasiyası şəraitində” sözləri ilə başlayır. Küçənin o başında “tranzit” sözü eşidilmirsə, deməli, bu sadəcə qeyri-rəsmi görüşdür. Hətta hava proqnozu belə ixrac qrafiki ilə müşayiət olunur – bu gün hansı Günəşi satdığımızı bilmək üçün.
Nəticə:
Cənubi Qafqaz yenə strategiya dərsi keçir. Gürcüstan – Aİ ilə öz enerji mənbəyi arasında, Ermənistan – startapla sponsor arasında, Azərbaycan isə Günəşlə ixrac arasında. Bir region, üç kurs, bir-birinə bənzəməyən yol xəritələri. Yuxarıdan baxanda isə belə mənzərə görürsən – dirijorsuz caz orkestri: Gürcüstan improvizasiya edir, Ermənistan ritm axtarır, Azərbaycan isə özünə inamlı şəkildə əsas partiyanı ifa edir.
Xalq isə həmişə olduğu kimi kölgədə qalır. Yaz – çiçəklənmə vaxtıdır. Amma həm də hansı strategiyanın köklərinin sağlam, hansının isə köksüz olduğunu göstərən andır. Sadəcə şüarlar və başqasının günəşinin istisinə isinmək ümidi. Bəlkə də bu, üç strategiya yox, üç mərhələdir? Ümid, axtarış, əminlik. Amma xalqlar mərhələ seçmir – sadəcə sətirlərin arasında yaşayır. Axı Günəş hər kəs üçün işıq saçır, amma bu, hər kəsin istiliyi eyni dərəcədə alacağı demək deyil…