
Zelenski Rusiya əsirliyində olmuş Nəriman Cəlalovu Türkiyəyə səfir təyin etdi
15 May 2025
Ukrayna Prezidenti Volodimir Zelenski Nəriman Cəlalovu ölkənin Türkiyədəki səfiri təyin edib.
Oxu.Az xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc edilib.
1980-ci ildə Özbəkistanda anadan olan N.Cəlalov Krım Tatar Xalq Məclisinin sədrinin müavini, eyni zamanda jurnalist və hüquq müdafiəçisidir.
O, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra yarımadada qalıb, burada Krım tatarlarının və ukraynalıların hüquqlarını fəal şəkildə müdafiə edib.
2021-ci ilin sentyabrında Krım Platformasının sammitində iştirak etdikdən sonra Rusiya təhlükəsizlik qüvvələri tərəfindən diversiya ittihamı ilə saxlanılıb.
2022-ci ildə 17 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü il iyunun 28-də əsirlər mübadiləsi nəticəsində azad edilib və Ukraynaya qayıdıb.
