Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zakir Həsənov ordunu "revanşist qüvvələrin təxribatına" qarşı hazır olmağa çağırıb

Oktyabrın 12-də Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.

Videobağlantı formatında keçirilən müşavirədə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları və müavinləri, Əlahiddə Ümumqoşun Ordunun rəhbər heyəti, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin Milli Müdafiə Universitetinin və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları iştirak edib.

Müdafiə naziri Zakir Həsənov prezident İlham Əliyevin fikirlərini yada salaraq qeyd edib ki, ordunun əsas məqsədi hərbi gücün və döyüş imkanının artırılması, eləcə də peşəkar kadr hazırlığıdır.

Müşavirədə şərti sərhəddə əməliyyat şəraiti və qoşunlarda bölmələrin gündəlik fəaliyyəti təhlil edilib, mövcud vəziyyətlə bağlı məruzələr dinlənilib.

Nazir qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyatı üzrə konkret tapşırıqlar verib.