Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir

Yəmən Hərbi Hava Qüvvələri Qırmızı dəniz sahilində yerləşən strateji əhəmiyyətli Moha liman şəhəri yaxınlığında “Ənsar Allah” hərəkatının (husilər) mövqelərinə kütləvi hava zərbələri endirməyə başlayıb.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Yəmən ordusunun açıqlamasına görə, ölkənin Hərbi Hava Qüvvələri Moha ətrafında daha əvvəl elan edilmiş “zərbə zonası” daxilindəki hədəflərə hücum edir.

Yəmən hərbçiləri mülki şəxslərə xüsusi göstəriş verilənədək məhdudiyyət zonasına daxil olan yollardan istifadə etməmələri barədə xəbərdarlıq ediblər.

Hücum husilərin Moha liman şəhərinə nəzarəti ələ keçirdiklərini açıqlamasından sonra bölgədə hərbi qarşıdurmanın kəskinləşməsi fonunda həyata keçirilir.

Husilərin Sənada yaratdığı Səhiyyə Nazirliyi məlumatlna görə isə son bir həftə ərzində Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Yəməndə husilərin nəzarətində olan ərazilərə endirdiyi zərbələr nəticəsində 44 dinc sakin ölüb.

Məlumata görə, Əl-Cauf, Əl-Hudeydə, Taiz, Səada, Səna və Həccə vilayətlərinə endirilən hava zərbələri nəticəsində ölənlər arasında 5 uşaq da var.

Husilərin Səhiyyə Nazirliyi sentyabrın 3-dən etibarən qeyd olunan bölgələrdə Səudiyyə Ərəbistanının hava hücumları nəticəsində ümumilikdə 82 dinc sakinin öldüyünü və ya yaralandığını bildirib.

Səudiyyə Ərəbistanı tərəfi bu məlumatı hələlik şərh etməyib.