Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yağışda batan Bakı... - VİDEO/FOTO

Dünən axşamdan başlayaraq səhər saatlarına qədər davam edən yağış və Hacıbalanın (paytaxtın sabiq meri) dövründən qalan mərmər “abidələr” yenidən bakılılara keçmiş merin “məhsuldar işi”ni xatırlatdı. Paytaxtın bir sıra rayonlarında mərmərlə üzlənmiş və müvafiq drenaj sistemi ilə təchiz olunmayan yeraltı keçidlərlər və tunellər əsl “su anbarlarına” çevrilib.

Ən çox Sabunçu, Bingədi, Nərimanov və bir sıra digər rayon və qəsəbələr zərər çəkib. Leysan yağışlar səbəbindən bəzi yollarda və tunellərdə suyun səviyyəsi 1,5-2 metrə qədər qalxıb.

Nəticədə onlarla avtomobil keçidlərdə və yollarda ilişib qalıb. 

Fövqəladə Hallar Nazirliyi yağışın davam etməsinə baxmayaraq, tunellərin girişlərini bağlamalı, suyu çəkməli olub.

Yolda qalan vətəndaşlar və avtomobil sürücüləri tərəfindən çəkilmiş videolar yol infrastrukturunu layihələndirən və quranların tam səriştəsizliyini göstərir.

Hacıbala Abutalıbov işin texniki tərəfini düşünməkdənsə, yalnız hər şeyin parıldaması və gözəl görünməsi ilə məşğul olub.

Onu da xatırladaq ki, bir neçə il əvvəl hökumət o vaxtkı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə şəhərin kanalizasiya və yol infrastrukturunun vəziyyətinə nəzarət etmək üçün komissiya yaratmışdı. Bu gün paytaxt sakinlərinin bu şəxsləri məsuliyyətə cəlb etmək, habelə bu ölkə hakimiyyətinə “nə oldu sizin komissiyanız?” sualını vermək hüququ var. (Turan)