"Xəzəri itiririk": Dayazlaşmanı dayandırmaq mümkündürmü
24 Aprel 2026
Aprelin 22-də Astanada regional iqtisadi sammit başlayıb. Tədbirin əsas mövzularından biri Xəzər dənizinin dayazlaşmasıdır. Ekspertlər müzakirələrin real dəyişikliklər üçün kifayət etməyəcəyini deyirlər. Onların fikrincə, nə qədər ki Rusiya kompromisə hazır deyil, neft şirkətləri daha çox məsuliyyət və şəffaflıq göstərmir, Xəzərin geri çəkilməsini dayandırmaq çətin olacaq.
Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzərin sahillərini beş ölkə bölüşür: Qazaxıstan, Rusiya, Azərbaycan, İran və Türkmənistan. Dənizin dərinliklərində böyük neft-qaz ehtiyatları əsasən Qazaxıstan, Azərbaycan və Rusiyanın payına düşür.
Xəzər artıq 20 ildir ardıcıl dayazlaşır. Sahil xətti onlarla kilometr geri çəkilib, ekoloqlar kritik çirklənmə səviyyəsindən danışır, Xəzər suitisinin populyasiyası təxminən 90 faiz azalıb.
Neft ləkəsi, yoxsa kölgə?
"Dünyanın ən böyük daxili su hövzəsini itiririk. Aral dənizi ilə bağlı müəyyən müsbət dəyişikliklər var, amma Xəzəri itiririk", – Qazaxıstanda "Save the Caspian Sea" hərəkatının rəhbəri Vadim Ni AzadlıqRadiosunun Orta Asiya üzrə rusdilli layihəsi olan "Azattık Aziya"ya deyib. O, bəzi yerlərdə sahil xəttinin 35 kilometr geri çəkildiyini, 2025-ci ildə isə dəniz səviyyəsinin Baltik sistemi ilə -29 metr olduğunu deyir. Bu, 1977-ci ildən bəri tarixi minimumdur.
Avropa alimlərinin dəyərləndirməsinə görə, bu proses sahil xəttində böyük dəyişikliklərə, geniş ərazilərin qurumasına və bəzi körfəzlərin yox olmasına səbəb olacaq.
Rəsmi məlumatlara görə, Qazaxıstanda Xəzərə tökülən çaylarda neft məhsullarının səviyyəsi çox yüksək deyil. Bəzən sakinlər suyun üzərində yağlı ləkələr gördüklərini desələr də, rəsmi qurumlar bunu təsdiqləmir.
"Sentinel" müşahidə peykləri isə 2025-ci ilin iyununda Xəzər səthində ümumi sahəsi 64 kvadrat kilometr olan 40 "neft ləkəsi" qeydə alıb. Ekoloqlar neft hasilatını əsas çirkləndirici hesab edir və məlumatlara çıxışın məhdud olduğunu deyirlər.
Qazaxıstanın Ekologiya Nazirliyi bu ləkələri "kölgə effekti" adlandırıb. Peyk təsvirlərinin dərcindən əvvəl isə "Kaşaqan" yatağının operatoru neft çirklənməsinin olmadığını bildirirdi.

Xəzər dənizi sahilində ölü suiti cəsədləri.
Fauna və şəhərlər
Ekosistemdəki dəyişikliklər ilk növbədə heyvanlara təsir edir. 2022-ci ildə təxminən 2 min suitinin kütləvi ölümü suyun çirklənməsi ilə əlaqələndirilib.
Xəzərin dayazlaşması Aktau və Kurık limanlarında problemlər yaradır: gəmilər tam yüklənə bilmir, dənizin dibi daim dərinləşdirilir.
Təhlilçilər dayazlaşmanı böyük ümidlər bəslənən Orta Dəhliz (Çin-Azərbaycan-Avropa) üçün risk sayır.
"Azattık Asiya" dayazlaşmanın sahil şəhərlərində istilik, elektrik və su təchizatında problemlər yarada biləcəyini yazır. Bəzi siyasətçilər əhalinin kütləvi köç riskindən danışır.
V.Ni əlavə edir ki, dəniz dibinin quruması duz və toz fırtınalarına səbəb olur və bu, Xəzərdən uzaqlara yayılaraq kənd təsərrüfatına və insan sağlamlığına zərbə vurur.
"Radikal dəyişikliklər lazımdır"
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Xəzərdəki vəziyyəti "acınacaqlı" adlandırıb. Azərbaycan prezidenti İlham Əliyev əsas səbəblərdən biri kimi Volqa çayında Rusiyanın fəaliyyətini göstərib və birgə tədbirlər görməyə çağırıb. Rusiya prezidenti Vladimir Putin isə səbəblərin həm insan fəaliyyəti, həm də qlobal faktorlarla bağlı olduğunu deyib.
2026-cı ildə Dünya Bankı "Blueing the Caspian Sea" adlı 20 milyon dollarlıq layihəni təsdiqləyib. Layihə Azərbaycan, Qazaxıstan və Türkmənistanda çirklənmənin monitorinqi və biomüxtəlifliyin qorunmasına yönəlib.
Problem aprelin 22-24-də Astanada müzakirə olunur. Ancaq ekspertlər sammitdən böyük nəticə gözləmir. Vaşinqtondakı "Second Floor Strategies" konsaltinq şirkətinin prezidenti Uaylder Aleksandro Sançes deyir ki, bəyannamə olacaq, donorlar konkret yeni layihələrə vəsait ayıracaqlar: "Ətraf mühitin çirklənməsi ilə mübarizəyə dair hər hansı qərarın qəbul ediləcəyini düşünmürəm. Fikrimcə, hökumətlər çirklənmənin problem olduğunu etiraf etsələr də, həlli üçün vacib olan kəskin iqtisadi və sənaye islahatlarına getməyəcəklər".

Xəzər dənizi, Aktau. 15 iyun 2025-ci il
Çıxış yolu
Ekspertlər Xəzərin dayazlaşmasının əsas səbəbini su axınının azalmasında görürlər. Xəzərə daxil olan suyun təxminən 80 faizini təmin edən Volqa çayı dayazlaşır. Buna həm iqlim dəyişikliyi, həm də su elektrik stansiyaları və su anbarlarının tikilməsi səbəb olur.
Qazaxıstan Rusiyaya su axınının artırılması üçün birgə işçi qrup təklif edib, lakin Rusiya tərəfi bunun mümkün olmadığını bildirib.
Ekspertlərin fikrincə, problemin həlli üçün bütün sahilyanı ölkələr əməkdaşlıq etməli, çirklənmə dayandırılmalı, su ehtiyatları düzgün idarə olunmalı və qlobal iqlim dəyişikliyi ilə mübarizə aparılmalıdır.
V.Ni vurğulayır ki, vəziyyət çox ciddidir və yaxın onilliklərdə həll olunmasa, Aral dənizindən daha böyük ekoloji fəlakət baş verə bilər.
Sançes ətraf mühitin qorunmasına daha pessimist yanaşır, çünki "ekoloji siyasətlə bağlı hər yaxşı xəbərə qarşı iki-üç pis xəbər düşür".