Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vətən müharibəsi və Milli lider

Vətən müharibəsi siyasətə cəmi üç il əvvəl qoşulmuş şəxsi dövlət xadiminə, milli liderə çevirir. Söhbət Rusiyanın total hərbi təcavüzü qarşısında böyük iradə göstərən Ukrayna prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı Vladimir Zelenskidən gedir.

2014-cü ildə Ukraynada xalq inqilabı Qərbə bağlı qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələnib. Bunun ardınca Rusiya Ukraynanın Krım bölgəsini zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsini də işğal edərək ərazidə separatçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanıyıb, hər iki rejimlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb. Fevralın 24-də isə Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlara əmr verib. Həmin gün səhərdən Ukrayna torpağı qanlı döyüşlərə səhnədir.

Novator.az bildirir ki, Vladimir Zelenski 1978-ci il yanvarın 25-də Krivoy Roqda doğulub, həmin şəhərdəki ingilis dili təmayüllü gimnaziyada təhsil alıb.

Orta məktəbdə dərnək tamaşalarında fəal iştirakı, yerli ansamblda gitara çalması ilə fərqlənib, orada şən və hazırcavablar klubu yaradıb, şəhərin analoji klubunda çıxış edib.

Vladimir Zelenski Krivoy Roq İqtisadiyyat İnstitutunu hüquqşünas diplomu ilə bitirib, ancaq heç vaxt öz ixtisası üzrə işləməyib.

1997-ci ildə “95-ci kvartal” şən və hazırcavablar komandası yaradaraq onun kapitanı olub.

2003-cü ildən Ukraynanın “1+1” telekanalı ilə əməkdaşlıq edib, kulinar şounun aparıcısı kimi ad çıxarıb, 2005-ci ildən “İnter” telekanalında axşam şousuna müəlliflik edib, məşhurlaşaraq müxtəlif tamaşalarda, filmlərdə rollar alıb.

2019-cu ildə prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılan Vladimir Zelenski ikinci turda 73,2% səslə qalib gəlib, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb.

Vladimir Zelenski Ukraynanın yeddinci dövlət başçısıdır. Ona qədər 5 nəfər prezident seçilib, 1 nəfər isə prezident səlahiyyətlərini müvəqqəti icra edib.

1991-ci il avqustun 24-də müstəqilliyini elan edən zaman Ukraynada dövlət başçısı postunu parlament sədri Leonid Kravçuk tutub.

1991-ci il dekabrın 1-də Leonid Kravçuk ümumxalq seçkisində prezident seçilib.

1994-cü ildə növbədənkənar prezident seçkisi keçirilib, Leonid Kuçma qalib olub. O, 1999-cu ilin prezident seçkisində də postunu əlində saxlayıb.

2004-cü ildə Viktor Yuşşenko prezident seçilib.

2010-cu ildə Viktor Yanukoviç dövlət başçısı seçilib.

2014-cü il fevralın 22-də Viktor Yanukoviç parlamentin qərarı ilə prezident vəzifəsindən uzaqlaşdırılıb, dövlət başçısı səlahiyyətləri parlament sədri Aleksandr Turçinova ötürülüb.

2014-cü il mayın 25-də keçirilmiş növbədənkənar seçkidə Pyotr Poroşenko prezident seçilib. (Novator)