Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
02 İyul 2026
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Nijeqorod vilayətindəki "Lukoyl-Nijeqorodnefteorqsintez" neft emalı zavoduna (NEZ) zərbə endirildiyini bəyan edib.
Bu barədə Baş Qərargahın teleqram kanalındakı məlumatda bildirilib.
Məlumata görə, zərbə iyulun 2-nə keçən gecə endirilib, nəticədə müəssisədə yanğın baş verib. Dəyən zərərin miqyası dəqiqləşdirilir.
"Lukoyl-Nijeqorodnefteorqsintez" neft emalı zavodu Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Zavodun layihə gücü ildə təxminən 17 milyon ton neft təşkil edir. Müəssisə avtomobil benzinləri, dizel və aviasiya yanacağı, sürtkü materialları və xüsusən də Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarını təmin etmək üçün istifadə olunan digər məhsullar istehsal edir.
Eyni zamanda, Zaporojye vilayətinin Kamenka ərazisində Rusiyanın pilotsuz uçuş aparatlarının olduğu anbar və Stanitsa Luqanskaya bölgəsindəki Siverski Donets çayı üzərindəki dəmir yolu körpüsü vurulub.