Ukrayna Ufadakı neft emalı və Penzadakı silah zavodlarına zərbələr endirib
01 İyul 2026
Ukrayna qüvvələri Ufadakı neft emalı zavoduna (NEZ) yenidən zərbə endirib, həmçinin Penza vilayətində Rusiya hərbi-sənaye kompleksinin obyektini vurub.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
Onun sözlərinə görə, artıq ikinci dəfədir ki, Ufadakı neft emalı zavodu - Rusiyanın ən böyük sürtkü materialları istehsalçılarından biri zərbəyə məruz qalıb.
V.Zelenski, həmçinin Penzadakı zavodlardan birinə dron zərbələri endirildiyinə dair məlumatları təsdiqləyib.
O bildirib ki, Penza vilayətində Rusiya hərbi-sənaye kompleksinin raket silahları üçün komponentlərin hazırlanması və istehsalı ilə məşğul olan strateji obyekti vurulub. Hədəfə qədər olan məsafə - cəbhə xəttindən təxminən 600 kilometrdir.
10:28
Ukrayna Rusiyanın Penza şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib, nəticədə bir sıra partlayışlardan sonra zavodlardan birinin ərazisində yanğın baş verib.
Bu barədə Rusiyanın teleqram kanallarına istinadən "RBK-Ukrayna" məlumat yayıb.
Onların məlumatına görə, Penzada raket təhlükəsi elan edilib, bundan sonra şəhərdə hava həyəcanı səsləndirilib.
Daha sonra yerli sakinlər bir neçə partlayış barədə məlumat veriblər. Öz növbəsində, yerli hakimiyyət orqanları hava hücumundan müdafiə qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumunu dəf etdiyini bildirib.
Rusiya teleqram kanallarının məlumatına görə, hücumdan sonra zavodlardan birinin ərazisində güclü tüstülənmə müşahidə edilib ki, bu da müəssisənin ərazisində yanğının baş verməsindən xəbər verir.
Dağıntılar və xəsarət alanlar barədə rəsmi məlumat daxil olmayıb.