Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Ukrayna ərazisini tam qaytaranacan döyüşəcək"

Qərb, özəlliklə Avropa Rusiyanın səbəbsiz müharibəsinə qarşı birləşməli, Ukraynaya dəstəyi gücləndirməlidir. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyir. O, mayın 25-də Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.

Ukrayna lideri Rusiya fevralın 24-də hücuma başlayandan Kiyevə göstərilən maliyyə və hərbi dəstəyə görə təşəkkür edib. Amma onu da deyib ki, Avropanın vəhdətində çatlar müharibəyə qarşı səyləri məhdudlaşdırır.

Zelenski Ukraynanın müharibədə ərazisindən heç bir hissə itirmək istəmədiyini vurğulayıb.

O, silahlarla bağlı vəhdətin vacibliyini, praktikada isə bunun görünmədiyini deyib. Özəlliklə Birləşmiş Ştatlara təşəkkür edən Zelenski Avropanın Moskvaya təzyiqini əngəllədiyinə görə Macarıstanın adını ayrıca qeyd edib. Macarıstan Aİ-nin Rusiyadan neft idxalına embarqo qoymasına qarşı çıxır.

“Avropa qitəsindəyik və bizə vahid Avropanın dəstəyi lazımdır... Macarıstan Aİ-nin qalan hissəsi kimi birləşməyib”, – Zelenski deyib.

O, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu deyib. Amma bundan ötrü Moskvanın qüvvələrini müharibə başlanmazdan öncə Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazilərə çəkməli olduğunu vurğulayıb.

“Ukrayna ərazisini tam qaytaranacan döyüşəcək”, – Zelenski bildirib.