Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna cəbhələrində kollaborantlar, partizanlar, Ərdoğan və Azərbaycan - Vadim Tryuxanla MÜSAHİBƏ

Azərbaycan ictimaiyyəti Ukraynada müharibəni diqqətlə izləyir və müzakirə edir. Oradan ziddiyyətli məlumatlar gəlir. Ukraynalı mənbə Ukrayna Silahlı Qüvvələrinin Hersonda uğurlu hücumundan danışır, ruslar bunu təkzib edirlər, bəs əslində nə baş verir? Hərbi ekspertlərin payıza proqnozlaşdırdıqları kimi, Ukrayna ordusunun genişmiqyaslı əks-hücumu başladımı? Turan bu və digər suallarla ukraynalı diplomat və ictimai xadim, beynəlxalq hüquqşünas Vadim Tryuxana müraciət edib.

- Hazırda Herson cəbhəsində baş verənlərin obyektiv mənzərəsini yaratmaq olarmı? Azərbaycan KİV-də Ukrayna Silahlı Qüvvələrinin hücumu, rusların müdafiə xəttinin yarılması, rusiyalı desantlarının qaçışı haqda məlumatlar dərc edilir...

- Herson istiqamətində real vəziyyət yalnız Ukrayna prezidenti, ali baş komandan Zelenskiyə və Ukrayna Silahlı Qüvvələrinin komandanı general Zalujnıya məlumdur. Jurnalistlərdən, bloğerlərdən və digər yerlərdən gələn hər hansı məlumat cəbhədəki vəziyyətin bütün mənzərəsini tam əks etdirmir. Ona görə də Ukraynanın səlahiyyətli şəxslərinin rəsmi məlumatını gözləmək, ondan sonra nəticə çıxarmaq lazımdır.

Amma hərbi-siyasi baxımdan danışanda hər şey göz qabağındadır. Ukrayna nəhayət ki, de-fakto müttəfiqlərindən və tərəfdaşlarından yetərli sayda HIMARS tipli reaktiv yaylım atəşi sistemi, uzaqmənzilli artilleriya və digər hücum hərbi texnikası alıb və bir neçə həftədir ki, planlı və ardıcıl olaraq Rusiya silahlı qüvvələrinin cəmləşmə nöqtələrini, o cümlədən arxa cəbhədə məhv edir.  Əsas diqqət raşistləri (Ukraynada rus hərbçilərini belə adlandırırlar - red.) hərbi sursatları artırmaq, zirehli texnika, artilleriya və canlı qüvvə şəklində ehtiyat almaq imkanlarından məhrum etməyə yönəlib. Bundan ötrü Herson yaxınlığındakı hər üç körpü nasaz vəziyyətə gətirilib və onlarla hərbi anbar dağıdılıb.

Hersonun və bütün Herson vilayətinin fiziki azadlığı məsələsi artıq qabaqcadan bəllidir. Bundan ötrü bir neçə gün və ya bir neçə həftənin lazım gəlməsi vacib deyil. Vacib olan odur ki, artıq Rusiya nəinki Ukraynanın cənubunda hansısa hücum əməliyyatı həyata keçirə bilmir, hətta müvəqqəti işğal etdiyi əraziləri də saxlaya bilmir.

“Dünyada ikinci” adlandırılan Rusiya ordusunun qadir olduğu tək şey dinc şəhərləri və kəndləri atəşə tutmaq, mülki infrastrukturu və dinc əhalini hədəfə almaqdır. Və bu zaman köhnə sovet silahlarından istifadə edir.  Onların bir hissəsi çoxdan istehsalatdan çıxarılıb, həm də qoşunların istifadəsi üçün yararsız olduğu üçün istismarı durdurulub.

Rusiya təbliğatının dediklərinə isə fikir vermək lazım  deyil. Raşist təbliğatçılar həm öz soydaşlarını, həm də bütün dünyanı aldadaraq, zahiri rahatlığın altında öz uğursuzluğunu gizlətməyə çalışır.

- Ukraynada kollaborant əhali var. Ukrayna vətəndaşlarının bir hissəsi Krım, Luqansk və Donetsk vilayətlərində, Hersonda RF tərəfə keçib. Bütün ərazilər Rusiya Silahlı Qüvvələrindən azad edildikdən sonra bu adamların taleyi necə olacaq?

- Təəccüblüdür ki, nə məmurların, nə də yerli özünüidarəetmə orqanları işçilərinin kütləvi şəkildə Rusiyanın tərəfinə keçməsi baş verməyib. Belə böyük ölkə üçün 10-a yaxın mer dənizdə bir damladır. Hərbi qulluqçular haqqında, ümumiyyətlə, məlumat verilməyib. Hüquq-mühafizə sisteminə aid hallar olub, amma burada da kütləvilikdən danışmaq olmaz.

Bu, nəyi göstərir? Əvvəla, Rusiyanın təbliğat maşını iflasa uğrayıb. Əgər 2014-cü ildə Krımda, Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında Ukrayna vətəndaşları Kremlin nağılçılarına inanırdılarsa, Donbasda 8 il müharibədən sonra adamlarda rusiyalı qaulyayterlərin “qızıl dağlar” vədlərinə və təbliğatına qarşı sipər çəkəcək panzəhər yaranıb.

Hücumun ilk günlərində iş o yerə çatdı ki, məsələn, Ukraynanın Herson, Melitopol, Berdyansk və bir çox başqa yaşayış məntəqələrində adamlar Rusiya zirehli texnikasının kolonlarına qarşı yalın əllərlə çıxdılar. Bu, rusiyalıları şoka saldı. Axı Rusiya Federasiyasında dövlət maşını öz xalqının istənilən etiraz aksiyası ilə bağlı iradəsini çoxdan sındırıb. Orada bir polis hakimiyyətə etiraz etməyə cəsarət edən onlarla “çarəsiz” soydaşını dəyənəklə dağıda bilər. Ukraynada bir fermer və ya mühəndis yalın əllə tanklara qarşı çıxa bilər.

Bundan əlavə, qeyd etmək lazımdır ki, istənilən müharibədə kollaborantlara çevrilənlər öz ölkəsində vəziyyətindən məmnun olmayan və ya düşmənə rəğbət bəsləyən adamlar olur. Yeri gəlmişkən, İkinci Dünya Müharibəsi dövründə həmin Rusiya Federasiyasında milyonlarla kollaborantdan başqa Hitlerin tərəfində vuruşan general Vlasovun rəhbərliyi altında bütöv bir Rusiya azadlıq ordusu yaradılmışdı. Onun sayı 100 min nəfərdən çox idi.

Ukraynada kollaborasionizm Rusiya üçün xas olan miqyasda heç vaxt olmayıb və olmayacaq. Üstəlik, müvəqqəti işğal olunmuş ərazilərdə çoxlu partizan dəstələri var ki, onlar rusiyalı işğalçılara qarşı mübarizə aparmaqla yanaşı, kollaborantlara ədalət mühakiməsi aparırlar.  Sonuncu hadisə iki gün öncə Herson vilayətində keçmiş xalq deputatı, xain Aleksey Kovalkovun birgə yaşadığı şəxslə ölümü oldu.

Avropa antiputin cəbhəsi çat verir. Almaniya və Fransa rusiyalılara vizanı qadağan etmək istəmirlər. Onlar Avropa üçün qışla, soyuqla bağlı sınaqdan danışırlar ki, bundan sonra Avropa ölkələri sınacaq və Ukraynaya dəstəyi dayandıracaqlar. Digər tərəfdən, Qərb demokratiyaları seçicilərin iradəsindən asılıdır. İqtisadi və yanacaqla bağlı şəraitin təzyiqi altında Qərb sanksiyaları yumşaldarsa və ya onlardan çəkilərsə, Kiyevin ehtiyat variantı varmı?

- Əksinə, Putin Rusiyasının bütün Avropaya, o cümlədən Ukraynaya təcavüzü qarşısında Qərbin bu qədər konsolidasiya səviyyəsi heç vaxt olmayıb. Avropa İttifaqı və ona üzv ölkələr Ukraynaya kömək üçün milyardlarla avro ayırırlar. Aİ öz tarixində ilk dəfə olaraq Ukrayna üçün silah almağa başladı, əvvəllər belə bir ideyanın özü utopiya hesab olunurdu. İndi bu,  reallıqdır.

Müharibənin 6 ayı ərzində ABŞ Ukraynaya 10 milyard dollardan çox hərbi yardım edib və avqustun 24-də Ukraynanın Müstəqillik Günündə daha 3 milyard dollarlıq əlavə paketi elan edib.

Böyük Britaniya 4 milyard dollardan çox hərbi yardım göstərib və açıq şəkildə bəyan edib ki, Ukrayna qələbə qazanana qədər ölkəyə lazım olan qədər hərbi texnika və sursat verməyə davam edəcək.

Eynilə Polşa.  Artıq 3 milyard dollardan çox pul xərcləyib, Almaniya 2 milyard dollardan çox xərcləyib. Avqustun 24-də kansler Şolts növbəti 500 milyon dollarlıq paketi açıqlayıb və s.

Hətta Lüksemburq və Estoniya kimi kiçik ölkələr də Ukraynaya hərbi texnika və sursat verir. Eyni zamanda, Estoniya bu məqsədlər üçün öz hərbi büdcəsinin üçdə birini xərcləyib.

Odur ki, Qərbin “sındı” və ya “sınır” söyləmək üçün heç bir əsas yoxdur. Üstəlik, ABŞ və Aİ vətəndaşları arasında aparılan sorğular göstərir ki, adamların əksəriyyəti Ukraynaya daha çox hərbi yardım göstərilməsinə tərəfdardır. Bu, ümid verir, çünki hamıya məlumdur ki, demokratik dünyada siyasətçilər öz ölkələrində ictimai rəyi dinləyirlər.

Viza məsələsinə gəlincə, burada söhbət Putinin siyasətini dəstəkləməyən Rusiya vətəndaşlarının xarici ölkələrlə əlaqə saxlamaq imkanlarını əngəlləməməkdən gedir. Fikrimcə, bu məsələdə kompromis tapılacaq və yaxın günlərdə qərar qəbul ediləcək. Ən azı hazırda Aİ-nin prezidenti olan Çexiya kompromisin əldə olunması üçün lazım olan hər şeyi edir.

Qarşıdan gələn qış həqiqətən də görünməmiş dərəcədə çətinliklər vəd edir, xüsusən də Ukrayna üçün, ilk növbədə, onun  regionları üçün. İndiyədək oralara raşist raketləri və artilleriya daşınır. Rusiyalılar üçün müqəddəs heç bir şey yoxdur,  onlar planlı və məqsədyönlü şəkildə bizim şəhərlərin və qəsəbələrin kommunal infrastrukturunu dağıdacaqlar.

Bununla belə, həm Ukrayna, həm də Avropa nə qədər çətin olsa da, bunun öhdəsindən gələcək. Son 20 ildə biz Avropada iki qaz müharibəsi yaşamışıq ki, onları Moskva öz “Qazprom”unun əli ilə təşkil edib. Düzdür, o vaxt hələ dinc sakinlərin başı üzərindən raketlər uçmurdu. Əminəm ki, bu qış Ukrayna və bütün qitə üçün sonuncu ağır qış olacaq. Nə Ukraynada, nə də Avropada Rusiyanın qaz və ya hər hansı digər yanacaq təchizatçısı kimi etibarlı olmasına inanan sadəlövh rusofillər yoxdur. Alternativ tapılacaq. Eyni zamanda, həm biz, həm də avropalılar bir neçə aydır ki, bunun üzərində işləyirik. Məsələn, elə bu günlərdə məlum oldu ki, Norveç  Ukraynaya qaz alınması üçün 200 milyon dollar ayırıb. Düşünürəm ki, digər tərəfdaşlarımız da yardımçı olacaqlar, o cümlədən, Azərbaycandan tədarükə ümid edirik.

- Moskva və Kiyev arasındakı münasibətlərdə Ərdoğanın rolunu necə qiymətləndirirsiniz? Türkiyə ukraynalılara müasir silahlar verir, eyni zamanda Türkiyə Rusiya Federasiyası ilə ticarət edir və rubla keçib, Ərdoğan özünü Putinin səlahiyyətli adamı kimi aparır.

- Türkiyə bizim regionda az ölkələrdəndir ki, müharibədən qazanmasa da, çox şey də itirmədi. Ən azı indilik. Faktiki olaraq Rusiya ilə başlamış bütün böyük layihələri qoruya bildi, o cümlədən Türkiyə üçün sərfəli şərtlərlə Akkuyuda AES-in tikintisi davam edir.

Bununla yanaşı, Türkiyə Ukrayna və onun ərazi bütövlüyü ilə bağlı kifayət qədər ardıcıl mövqe tutdu, məhz Ankara müharibənin dayandırılmasına və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasına tərəfdardır. Hələ fevralın 28-də Ankara Bosfor və Dardanel boğazlarını Rusiya hərbi gəmiləri üçün bağladı və bunun nəticəsində Moskva Qara dəniz donanmasındakı itkilərinin yerini doldura bilmir. Oxuculara xatırladırıq ki,  hələ bu ilin aprelində Ukrayna özünün istehsalı olan “Neptun” raketinin köməyilə Rusiyanın Qara dəniz donanmasının flaqmanı “Moskva” raket kreyserini batırmışdı. Bundan əlavə, daha 14 gəmi dənizin dibinə getdi. İkinci Dünya Müharibəsindən sonra heç bir donanma belə itki verməyib. Son aylar Rusiya gəmiləri özlərini dəniz quldurları kimi aparırlar, bəzən dənizə girirlər və Ukraynanın dinc şəhərlərinə “Kalibr” raketlərilə zərbələr endirirlər. Ancaq Odessaya yaxınlaşmağa risk etmirlər, batırılmaqdan qorxurlar.

Türkiyə Ukraynaya hərbi yardım edir. İlk növbədə bunlar əfsanəvi “Bayraktar”lardır. Amma əməkdaşlıq bununla məhdudlaşmır. Məlum olduğu kimi, bir neçə həftə öncə Türkiyədən 50-yə yaxın birinci dərəcəli, müasir “Kirpi” zirehli maşını gəlib. Daha yüzə yaxını gözlənilir. Digər sahələrdə də danışıqlar aparılır.

Ərdoğanın Moskva və Kiyev arasında müharibənin bitməsinə kömək edə biləcək vasitəçi olmaq şansı varmı? Bu, kifayət qədər çətin sualdır. Məsələ bundadır ki, hazırda nə Putin, nə də Ukrayna danışıqlara hazır deyil. Səbəbi bəllidir. Putin 24 fevral 2022-ci il tarixindən sonra müvəqqəti işğal etdiyi yeni əraziləri qoparmaq üçün  2014-cü ilin sentyabrında və 2015-ci ilin fevralında etdiyi kimi, “Minsk razılaşmaları” ilə fırıldaq edərək cəbhə xəttindəki vəziyyəti dondurmaq istəyir. Bununla yanaşı, Ukrayna 2014-cü ildən işğal altında olan bütün ərazilərin tam azad edilməsində israrlıdır.

Ərdoğan Putini və ya Ukrayna xalqını öz mövqeyini dəyişməyə razı sala bilərmi? Düşünmürəm. Əslində, hazırda əsas danışıq aparan düşməni uğurla darmadağın edən Ukrayna Silahlı Qüvvələridir. Birinci suala qayıtsaq, deyə bilərik ki, Ukrayna Silahlı Qüvvələri Hersonda rusların sıralarını dəhşətə salır. Hazırda Rusiyanın 48 minə yaxın əsgər və zabiti, o cümlədən 10 general, 12500-ə yaxın hərbi texnika, o cümlədən adı çəkilən “Moskva” raket kreyseri, ən yeni Su-35 təyyarələri və Ka-52 “Alliqator” vertolyotları məhv edilib. Ümumilikdə, 430-dan çox təyyarə və vertolyot, tank, reaktiv yaylım atəşi sistemi və s. məhv edilib.

- Azərbaycanla bağlı analoji sual. Bakıdan Ukraynaya məlum yardımla yanaşı, bizim ölkəmiz RF ilə münaqişə etmir, iqtisadi əlaqələri inkişaf etdirir, eyni zamanda Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü haqda bildirir. Bu, ikiüzlülük, yalan, xəyanətdirmi? Ukraynalılar belə siyasəti necə başa düşürlər?

- Ukrayna və Azərbaycan strateji tərəfdaşdır. Ukraynalılar azərbaycanlıların Ukraynaya böyük həcmdə humanitar yardım göndərməsini, eləcə də raşistlərlə şiddətli toqquşmaların getdiyi bölgələrdən qaçmağa məcbur olan vətəndaşlarımızı qəbul etməsini yüksək qiymətləndirirlər.

Bununla belə, mənim fikrimcə, qərar verməyin vaxtı çatıb. Azərbaycan Ukrayna üçün daha çox şey edə bilər. Xüsusən də yaxınlaşmaqda olan sərt qışqabağı, Ukraynada ölkənin cənubunda və şərqində həlledici döyüşlərin başladığı bir vaxtda. İstənilən hərbi yardım, o cümlədən enerji daşıyıcılarının və neft məhsullarının tədarükü  tam vaxtına düşər. Bundan əlavə, mən Azərbaycanı sentyabrın 8-də Ramşteyndə görmək istərdim. ABŞ-ın müdafiə naziri Ostinin sədrliyilə 50-dən çox ölkənin nümayəndələri Putin Rusiyasına qarşı gələcək addımları müzakirə etmək üçün toplaşacaqlar, eləcə də Krım platforması iştirakçı-ölkələri arasında görmək istərdim. Yeri gəlmişkən, Azərbaycanın ən yaxın müttəfiqi olan prezident Ərdoğan avqustun 23-də Krım Platformasının ikinci sammitində şəxsən iştirak edib, ondan bir neçə gün öncə isə Ukraynaya səfər edib. Prezident Əliyevin də bunu etməsinin vaxtı çatıb.

Ukrayna xalqı dəstəyə görə öz dostlarına təşəkkür etməyi bacarır. Əminəm ki, Ukrayna Azərbaycana da, ilk növbədə, onun güclü siyasi mövqeyinə və hərbi-texniki yardımına görə təşəkkürünü bildirəcək.