Türkiyə və Ermənistan viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib
30 İyul 2024
Ermənistan və Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın beşinci görüşü keçirilib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın sözlərinə görə, görüşdən əvvəl Rubinyan və Kılıç təmir edilmiş Marqara keçid məntəqəsində olublar.
Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib ki, Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.
Vurğulanıb ki, onlar normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.
Eyni zamanda xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.
Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə də razılığa gəliblər.