Tramp Zelenski və Putinlə telefonla danışıb
15 İyun 2026
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Bu barədə UNIAN məlumat yayıb.
Məlumata görə, söhbət zamanı tərəflər Ukraynadakı müharibə, diplomatik səylər və sülh danışıqları ilə bağlı məsələləri müzakirə ediblər. Telefon danışığının təxminən 30-35 dəqiqə davam etdiyi bildirilir.
Ukrayna Prezident Aparatının müşaviri Dmitri Litvinin sözlərinə görə, Volodimir Zelenski Donald Trampı 80 illik yubileyi münasibətilə də təbrik edib.
Agentlik yazır ki, telefon danışığı G7 sammiti ərəfəsində baş tutub. Ukrayna tərəfi ABŞ ilə əməkdaşlığın davam etdirilməsi və müharibənin diplomatik yollarla həlli imkanlarının müzakirəsinə xüsusi önəm verir.
Məlumata əsasən, tərəflər Rusiya-Ukrayna müharibəsinin gedişi və gələcək diplomatik təşəbbüslərlə bağlı fikir mübadiləsi aparıblar. Danışıqların detalları açıqlanmasa da, Kiyev Vaşinqtonla yüksək səviyyəli təmasların davam etdiyini vurğulayıb.
Bundan əvvəl də Zelenski və Tramp arasında Ukraynadakı vəziyyətlə bağlı bir sıra telefon danışıqları baş tutub. Son danışığın isə regiondakı hərbi və siyasi proseslərin intensivləşdiyi bir dövrə təsadüf etdiyi qeyd olunur.
Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı aparıb. Putin Trampı 80 illik yubileyi münasibətilə təbrik edib.
Kremlin Mətbuat xidmətinin məlumatına görə, Amerika lideri təbriklərə görə təşəkkür edib və qeyd edib ki, Rusiya Prezidenti həmin gün onunla əlaqə saxlayan ilk xarici lider olub.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışığın dostcasına və səmimi keçdiyini, təxminən bir saat davam etdiyini bildirib.
"Xronometraj üzrə daha dəqiq desək, düz 55 dəqiqə olub", - o, aydınlıq gətirib.
Y.Uşakov əlavə edib ki, Tramp təbriklərdən təsirlənib.