Tramp Marko Rubionu ABŞ-ın baş diplomatı vəzifəsinə təyin edir
12 Noyabr 2024
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın senator Marko Rubionu dövlət katibi vəzifəsinə təyin etməyə hazırlaşdığı bildirilir. Bu halda Floridadan olan senator ölkənin baş diplomatı vəzifəsini tutacaq ilk Latın Amerikalı olacaq, xəbəri Turan-ın Vaşintondakı müxbiri verib.
53 yaşlı Rubio uzun müddətdir İran, Çin və digərləri də daxil olmaqla, xarici düşmənlərin ABŞ üçün yaratdığı təhlükə haqqında xəbərdarlıq edirdi. O, həmçinin bütün dünyada, o cümlədən Azərbaycanda siyasi məhbuslara diqqət cəlb edilməsinə yönəlmiş kampaniyası ilə məşhurdur.
2017-ci ildə Rubio prezident İlham Əliyevə ölkədə jurnalistlərin siyasi təqibi ilə bağlı məktub göndərib. "Azərbaycan hökuməti məşhur jurnalist Mehman Əliyevi dərhal azad etməlidir", deyə o, həmin ilin avqust ayında Turan-ın o vaxt həbsdə olan direktorunun müdafiəsi məqsədilə Twitter-də yazmışdı.
Bu yaxınlarda Rubio Azərbaycanda doktor Qubad İbadoğlunun həbsini açıq şəkildə tənqid edib, keçən il Twitter-də yazıb ki, tanınmış iqtisadçıya qarşı əsassız cinayət ittihamları irəli sürülüb və o, tibbi yardım əldə etmək imkanı olmadan həbsdə saxlanılıb. "Cənab İbadoğlunun yeganə cinayəti onun həqiqəti söyləməsindən ibarət olub. O, dərhal azad edilməlidir", deyə keçən ilin avqustunda qeyd edib.
Bu ilin mayında növbəti tvitində Rubio belə yazıb: "Azərbaycanın müxalifət lideri doktor Qubad İbadoğlu mayın 20-də məhkəməyə çıxarılacağına görə biz bütün dünyada azadlıq və tərəqqini cəsarətlə müdafiə edən insaların məruz qaldığı mənasız təqibləri yada salırıq".
Rubio Senatın Beynəlxalq Münasibətlər Komitəsinin yüksək səviyyəli üzvüdür.