Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: İslamabadda ABŞ-İran danışıqları başlayıb

ABŞ və İran bu gün İslamabadda (Pakistan) Yaxın Şərqdə vəziyyətin deeskalasiyası üzrə danışıqlara başlayıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

"Mən danışıqların rəsmi olaraq başlayıb-başlamadığını soruşdum və o (Tramp - red.) müsbət cavab verdi", - "NewsNation" telekanalının jurnalisti dəqiqləşdirib.

Onun sözlərinə görə, Tramp həmçinin ABŞ nümayəndələri ilə danışıqlarda "İran tərəfinin səmimi olub-olmadığı" barədə danışacağına da söz verib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Qeyd edək ki, ABŞ və İran arasında danışıqların əsas mövzuları kimi hərbi əməliyyatların dayandırılması, sanksiya siyasəti və regionun strateji kommunikasiyalarına nəzarət müəyyən edilib.

Tehran dialoqun yalnız Livanda atəşkəs və sanksiyaların qismən ləğvi şərti ilə başlamasında israr edir, Vaşinqton isə məhdudiyyətlərin yumşaldılmasını yalnız Tehranın nüvə və raket proqramları ilə bağlı güzəştləri müqabilində müzakirə etməyə hazırdır.

Tərəflər Hörmüz boğazının statusu məsələsində də fərqli mövqedədirlər: İran faktiki nəzarət və tranzit üçün ödəniş almaq hüququ tələb edir, ABŞ isə onun beynəlxalq gəmiçilik üçün tam açıq olmasında israrlıdır.

Əlavə olaraq Tehran dondurulmuş aktivlərin açılması və münaqişə nəticəsində ona dəyən ziyana görə kompensasiya ödənilməsi məsələsini qaldırır.

İran həmçinin ABŞ qoşunlarının Yaxın Şərqdən çıxarılmasını və hücum edilməyəcəyinə dair zəmanət tələb edir, Prezident Donald Tramp administrasiyası isə tam razılaşma əldə olunana qədər hərbi mövcudluğun saxlanılmasını mümkün hesab edir və danışıqlar uğursuzluqla nəticələnəcəyi təqdirdə eskalasiyanı istisna etmir.