Tramp İranın bombalanmasının bərpası mümkünlüyünü nəzərdən keçirir
13 Aprel 2026
ABŞ Prezidenti Donald Tramp və onun müşavirləri Hörmüz boğazının blokadası ilə yanaşı, İrana məhdud hərbi zərbələrin bərpası imkanını araşdırırlar.
Bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat verib.
Bu, Trampın Pakistandakı danışıqların iflasa uğramasından sonra aprelin 12-də nəzərdən keçirdiyi variantlardan biri olub.
Qeyd edilir ki, Tramp genişmiqyaslı bombardman kampaniyasına da qayıda bilər, lakin bu, regionda qeyri-sabitliyin artması riski və prezidentin uzunmüddətli hərbi münaqişəyə cəlb olunmaq istəməməsi səbəbindən ən az ehtimal olunan variant hesab edilir.
Alternativ olaraq, müttəfiqlərin gələcəkdə boğazdakı gəmilərin hərbi müşayiəti prosesində daha fəal iştirakını təmin etmək məqsədilə onlara qarşı təzyiq vasitəsi kimi müvəqqəti blokada variantı nəzərdən keçirilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar aparılıb.