Tramp: Əgər İran tezliklə saziş bağlamasa, nefti nəzarətə götürəcəyəm
05 Aprel 2026
ABŞ və İran artıq bazar ertəsinədək münaqişənin sülh yolu ilə həlli barədə saziş bağlaya bilərlər.
Amerika lideri Donald Tramp "Fox News" telekanalına müsahibəsində belə bir ehtimalla çıxış edib.
Sazişdən imtina ediləcəyi və ya İran tərəfindən ləngimə olacağı təqdirdə, Vaşinqton administrasiyasının rəhbəri İslam Respublikasının enerji sənayesini nəzarətə götürməklə hədələyib.
"Əgər onlar sazişi bağlamasalar - özü də tez bir zamanda - mən hər şeyi partlatmaq və nefti nəzarətə götürmək imkanını nəzərdən keçirirəm... Düşünürəm ki, sabah üçün yaxşı şans var, danışıqlar elə hazırda da gedir", - Tramp vurğulayıb.
Bundan əlavə, Tramp bildirib ki, İranın adından danışıqlar aparan şəxslərə dialoqu davam etdirə bilmələri üçün hazırda amnistiya verilib.