Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şuşa bəyannaməsinin bir ili: Azərbaycan-Türkiyə əməkdaşlığında vəziyyət necədir?


Çərşənbə günü Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsinin bir ili tamam olur: bu müddət ərzində iki ölkə arasında əməkdaşlıq özünü hansı yeni xətdə göstərə bildi?





BBC News Azərbaycancaya danışan təhlilçilərə görə, əslində iki ölkə arasında münasibətlər Azərbaycanın müstəqilliyindən bəri onsuz da yüksək səviyyədə idi, amma bir il ərzində xüsusi diqqəti çəkən, məsələn, Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşməsi kimi ciddi hallar baş vermədi.





Hərçənd, bir il əvvəl, bəyannamə imzalanandan sonra Türkiyəyə qayıdarkən Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Azərbaycanda Türkiyə bazalarının yaradılmasını istisna etməmişdi. O, jurnalistlərin "Şuşa bəyannaməsi daxilində hərbi bazaların yaradılması mümkündürmü, Şuşa Bəyannaməsi hərbi bazanı əhatə edirmi" sualına "...bu, açıqladığımız maddələrin xaricində deyil" deyə cavab vermişdi.





Elə o vaxt bu açıqlamaya Rusiyadan reaksiya gəlmiş, Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, "NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunun yaradılması Moskvanın xüsusi diqqət yetirməsi və beynəlxalq təhlükəsizliyi təmin etmək üçün addımlar atması üçün bir səbəb ola bilər".





Türkiyə hərbi bazalarını açmasa da, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı müşahidə edilir. Prezident İlham Əliyev hələ İkinci Qarabağ müharibəsinin gedişatı zamanı ordunun Türkiyə ordu modelinə uyğunlaşdırılacağı anonsunu vermişdi.





Ötən ilin sentyabrında Türkiyə Azərbaycandakı 1992-ci ildən fəaliyyət göstərən Xüsusi Komandanlığına 4 türk generalını təyin etmişdi. Diqqət çəkən məqam o idi ki, Xüsusi Komandanlıq o günə qədər daha aşağı rütbəli zabitlərlə təmsil olunurdu.




"Türkiyə ilə bu müttəfiqlik olmasaydı..."




Bundan bir müddət sonra Azərbaycan müdafiə naziri Zakir Həsənov elan etdi ki, orduda "bir neçə yeni qurum - əməliyyat komando qurumları, briqadaları yaradılır" və komando briqadalarının çoxsaylı hərbi qulluqçuları Türkiyədə təlim keçirlər.





"Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümündə, güclü Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının, müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi məmnun edir", Türkiyənin Milli Müdafiə Nazirliyində bildiriblər.





Siyasi şərhçi Zərdüşt Əlizadənin fikrincə, regionda baş verən son siyasi hadisələr göstərdi ki, məhz bu müttəfiqlik sazişi Azərbaycanı bəzən Rusiyaya “cavab qaytarmağa cəsarətləndirdi”.





Zərdüşt Əlizadə hesab edir ki, əgər Türkiyə ilə bu müttəfiqlik olmasaydı, Rusiya özünü Azərbaycanda daha çox “hiss etdirərdi”.





Şuşa bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, bəyannamədə ən önəmli məsələlərdən biri müdafiə sahəsindəki əməkdaşlıq, müdafiə sənayesi və qarşılıqlı hərbi yardım məsələləri ilə bağlıdır.





"Bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik,"- İlham Əliyev bildirmişdi.





Siyasi təhlilçi Alya Yaqublu hesab edir ki, bu bir il ərzində iki ölkə arasında əməkdaşlıq özünü daha çox Qarabağın yenidən qurulmasında göstərdi, nəinki azad olunmuş ərazilərin müdafiəsində: “Əslində bunu gözləmək də olmazdı. Çünki Şuşa bəyannaməsindən əvvəl 10 noyabr bəyanatı [Azərbaycan, Rusiya və Ermənistan arasında İkinci Qarabağ müharibəsini sona çatdıran atəşkəs sazişi nəzərdə tutulur-BBC.] imzalanmışdı. Bu bəyanatda Rusiya bölgəyə artıq öz müdaxiləsini etmişdi, kimin söz sahibi olduğunu göstərmişdi”.





Alya Yaqubluya görə, Türkiyə hərbçiləri əvvəllər də Azərbaycan ordusu üçün  təlimlər keçiblər və münasibətlərin indiki səviyyəsində bunu bəyannamə olmadan da davam etdirə bilərdilər: “Bu baxımdan prosesin sənədləşdirilməsi formal xarakter daşıyır,  münasibətlər pisləşəndə yazılanlar söz olaraq qala bilir”.





Amma Azərbaycan təkcə Türkiyə ilə müttəfiqlik sazişi imzalamayıb. Şuşa bəyannaməsinin bir ilinə təxminən 3 ay qalmış rəsmi Bakı Rusiya ilə də oxşar saziş imzalayıb.





Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan arasında təhsil, mədəniyyət və biznes sahələrində əməkdaşlığın gücləndirilməsini də hədəfləyib.





Bir neçə gün öncə keçirilmiş VII Beynəlxalq Sosial Elmlər Konqresi çərçivəsində Bakıya Türkiyənin 40-dan çox universitetinin rektoru gəlmiş və burda bir sıra görüşlər keçirmişdilər.





Yerli media yazır ki, görüşlərdə Türkiyə və Azərbaycanın Bakıda yaradılmasını planlaşdırdığı birgə universitet, ikili diplom təcrübəsi, tələbə və müəllim mübadiləsi kimi aktual məsələlər müzakirə olunub.





Bundan əvvəl isə Türkiyənin “Texnofest” festivalı Bakıda keçirildi və Prezidentlər Əliyev və Erdoğanın, o cümlədən də məşhur alim Aziz Sancarın və Bayraktar dronlarının yaradıcısı Selcuk Bayraktarın da da qatıldığı bu tədbirdə Azərbaycan və Türkiyə hərbi hava qüvvələri avişou proqramı ilə çıxış etdi. (BBC)