Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sosial medianın yeniyetmələrə təsiri

Yeniyetmələr sosial mediada və, ümumiyyətlə, ekran qarşısında həmişəkindən daha çox vaxt keçirirlər.

Media və texnologiyadan istifadənin uşaqlara təsirini öyrənən "Common Sense Media" təşkilatının 2021-ci ildə keçirdiyi sorğunun nəticələrinə görə, yeniyetmələr gündə azı 1 – 1.5 saatlarını sosial mediada keçirdiklərini deyiblər.

Eyni zamanda, 2010-cu illərin əvvəllərindən yeniyetmələr arasında depressiya kimi ruhi sağlamlıq problemlərinin artdığı da müşahidə olunur. Bəs görəsən, bu iki fenomen arasında bağlılıq ola bilərmi?

Yeniyetmələrin hələ inkişaf dövründə olan beyni sosial medianın mənfi aspektləri qarşısında çox həssasdır. Sosial medianın yeniyetmələrə mənfi təsiri haqda çoxlu araşdırmalar var. Ancaq "Insider" yazır ki, sosial medianın yeniyetmələrə müsbət təsirləri də var.

Mənfi təsirlər


Araşdırmalar göstərir ki, bəzi yeniyetmələr gecələr sosial mediadan istifadə etdikdə yuxusuzluqdan əziyyət çəkməyə başlayırlar. Yuxusuzluqsa sonradan onların məktəbdəki performansına və hətta ruhi sağlamlığına mənfi təsir edir. Ümumilikdə sosial mediadan istifadə bu yaşda uşaqlarda depressiya, tənhalıq, özünə inamın azalması kimi hallara gətirib çıxara bilər.

Bundan başqa, sosial mediadan istifadə ilə öz bədənindən narazılıq arasında da əlaqə aşkarlanıb. Yeniyetmələr sosial mediada özlərini başqalarının çox zaman redaktə olunmuş və filtrlənmiş görüntüləri ilə müqayisə edib məyusluğa qapıla bilirlər. Bu xüsusilə də sosial mediada şəbəkəsi geniş olan və məşhurları izləyən gənclərə aiddir.

Yeniyetmələr onsuz da həmyaşıdlarının təzyiqinə məruz qalırlar. Sosial media bu təzyiqi daha da artırır. Çünki burada yeniyetmələr gündəlik həyatdakından daha çox adamın rəyi ilə üzləşməli olurlar. Layklar da bu rəylərin bir hissəsidir.

 

Canlı ünsiyyət azalır


Sosial media yeniyetmələrin özlərini başqaları ilə müqayisə etdiyi yerdir. Bunun nəticəsində onlar canlı ünsiyyəti prioritet olmaqdan çıxarırlar. Mütəxəssislər deyirlər ki, sosial media istifadəçisi olan yeniyetmələr mənfi və ya qəddar ifadələr işlətməyə daha çox meylli olurlar.

"Pew" tədqiqat mərkəzinin 2018-ci ildə keçirdiyi bir sorğu üzə çıxarıb ki, ABŞ-da yeniyetmələrin 59 faizi kiberbullinqə məruz qalıb. Universitetlərin bakalavr tələbələri arasında 2019-cu ildə keçirilən araşdırma isə kiberbullinqə məruz qalmanın gənclərdə narahatlıq, qorxu, depressiya, maddə aludəçiliyi və hətta intihar düşüncələrinə səbəb olduğunu üzə çıxarıb.

Ancaq "Pew" mərkəzinin sorğusunun nəticələrinə görə, yeniyetmələrin 31 faizi sosial medianın onların həyatına "əsasən müsbət" təsir etdiyini bildirib. Respondentlərin 24 faizi isə "əsasən mənfi" cavabını verib. Yerdə qalan 45 faiz bu təsirin nə müsbət, nə də mənfi olduğunu deyib.

Valideyn nəzarəti


Bəs valideynlər və böyüklər yeniyetmələrə sosial mediadan istifadə baxımından necə kömək edə bilərlər?

İlk növbədə istifadəyə məhdudiyyət qoymaq çox faydalıdır.

"Uşağınıza ilk dəfədən, məşq etmədən maşının açarlarını verib istədiyi yerə sürə biləcəyini demədiyiniz kimi, sosial mediadan istifadənin sağlam yollarını da göstərməli olacaqsınız. Birlikdə qaydalar qoya, övladınızın avtonomiyasını möhkəmləndirə bilərsiniz", – Uelsli Qadın Mərkəzlərinin baş elmi işçisi Linda Çarmaraman deyir.

Araşdırmalar göstərir ki, valideyn nəzarəti sosial mediadan asılılıq və ya bullinq kimi problemli davranışların azalmasına kömək edir.

Valideyn nəzarətinin bir hissəsi kimi uşağın sosial media və cihazlardan istifadəsinə vaxt məhdudiyyəti qoymaq olar. Mütəxəssislər gündəlik istifadə vaxtını 30 dəqiqə çərçivəsində saxlamağı tövsiyə edirlər.