Logo
news content
User
Kateqoriyalar

Xəbər

Soçidə üçtərəfli görüş keçirilə bilər

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin bu ayın sonunadək görüşə bilərlər.

Bu haqda Rusiyanın “Vedomosti” qəzeti “diplomatik mənbə”yə istinadla yazır.

Mənbənin sözlərinə görə, bu görüşə hazırlıq oktyabrın 14-də Astanada MDB sammitində “Putinin barışdırıcı çıxışı”ndan sonra başlanıb. Sammitdə Ermənistanla Azərbaycan arasında ərazi mübahisələrinin müzakirə olunduğu bildirilir.

Başqa bir mənbə “Vedomosti”yə deyib ki, danışıqlar oktyabrın son günlərində Moskvada, yaxud Soçidə keçirilə bilər. Soçiyə üstünlük veriləcəyi gözlənilir.

Əliyevlə Paşinyan oktyabrın 6-7-də Praqada bir araya gəliblər. Həmin görüşlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makronun iştirakıyla baş tutub.

Bu görüşlərdən sonra Prezident Əliyev ilin sonunadək sülh sazişinin imzalanacağını istisna etməyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı yerlərə Rusiya hərbçiləri yerləşdirilib.

Son iki ildə atəşkəs dəfələrlə pozulub. Sonuncu dəfə sentyabrın 13-14-də sərhəd toqquşmalarında üst-üstə 300-dək hərbçi həlak olub. Tərəflər bir-birini provokasiyada ittiham edib.