Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sərhəddə insident: İran əsgərləri azərbaycanlı sərhəd pozucusunu öldürüb

İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürüb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin məlumatında deyilir ki, mayın 16-da İran sərhəd nümayəndəliyi Azərbaycan vətəndaşı Mircavad Musayevin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bu ölkənin sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə Azərbaycan tərəfini məlumatlandırıb.

"Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran tərəfinə müvafiq sorğu göndərilib", - məlumatda qeyd edilir.

Mircavad Musayevin hansı səbəbdən sərhədi qanunsuz keçməyə cəhd etməsi barədə məlumat verilmir. Onun ailə üzvləri də bu məlumata münasibət bildirməyib.

Bununla yanaşı, iki ölkənin sərhədində insident əsasən narkotik qaçaqmalçılığı ilə bağlı baş verir.

Azərbaycan hüquq-mühafizə orqanları, demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır.

İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb. (Turan)