Logo
news content
User
Kateqoriyalar

Xəbər

Səfərbərliyin xərcini kim ödəyəcək?


Putinin qismən səfərbərlik haqqında fərmanına əsasən, müharibəyə çağırılanlar müqaviləli əsgərlərlə eyniləşdiriləcək - yəni onlara maaş veriləcək. Hakimiyyət onlara əlavə ödənişlər və kredit güzəştləri vəd edir. Rusiya büdcəsi bu yükə tab gətirəcəkmi?





Sentyabrın 21-də verilmiş "qismən səfərbərlik" haqqında sərəncamda bildirilir ki, səfərbərliyə çağırılan andan vətəndaşlar müqaviləli hərbi qulluqçularla eyni statusa malik olurlar.





Onlara verilən müavinətin, "döyüş"ün və digər kompensasiyaların miqdarını hökumət müəyyən etməlidir -bu isə rəsmi olaraq açıqlanmayıb.





Muzdlulara ödənişlərin səviyyəsini dolayısı ilə insanların hərbi xidmətə qəbulu ilə bağlı elanlar əsasında qiymətləndirmək olar. Hələ aprelin əvvəllərində onlar kütləvi şəkildə iş axtarış saytlarında peyda olmuşdular.




Onda əksər vakansiyaların məlumatlarında ödənişlər 30-50 min rubl (təxminən 865- 1400 manat) arasında dəyişirdi, lakin bir neçə yüz min rubl maaşları olan reklamlar da var idi.





Moskva merinin səfərbərliyin ikinci günü, cümə axşamı günü dərc edilmiş fərmanında yalnız hərbi xidmətə səfərbər olunan paytaxt sakinlərinin alacaqları aylıq - 50 min rubl (təxminən 1400manat) əlavə ödəniş göstərilir. Moskva hökuməti səfərbər olunanlardan yaralananlara 500 mindən 1 milyon rubla (təxminən 14.000 -28000 manat) qədər, həlak olanların yaxınlarına isə 3 milyon rubl (təxminən 86 000 manat) pul ödəyəcək. Moskva hakimiyyəti döyüşəcək əcnəbilərə də eyni ödənişləri vəd edir.





İlhaq edilmiş Krımın səlahiyyətliləri səfərbər olunanlara birdəfəlik 200 min rubl (təxminən 6000 manat) vəd ediblər.





Moskvanın Krıma təyin etdiyi rəhbəri Sergey Aksenov Teleqram kanalında yazıb ki, səfərbər olunanalar göndəriləcəkləri hərbi hissədə ödəniş üçün ərizə doldurula bilərlər.





Kreditləri ödəməliyəmmi?




Cümə axşamı səhər Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, səfərbərliyə düşən rusiyalılar ipoteka ödənişlərini davam etdirməli olacaq. O, hərbi xidmətə çağırılan vətəndaşların "çox yüksək məbləğdə" maaş alacağına istinad edib.




Səfərbər olunanların işdən azad edilməsi məsələsini hökumət həll etməyə hazırlaşır.





Federasiya Şurasında sosial komitənin rəhbəri İnna Svyatenko bildirib ki, artıq Əmək Məcəlləsinə düzəlişlər hazırlanır və bu, işəgötürənləri səfərbərliyə cəlb olunanların işini saxlamağa məcbur edəcək. Həmçinin, işini itirdikdə qanunla vətəndaşlara büdcədən kompensasiya təyin oluna bilər.





Yeri gəlmişkən, Rusiya Bankı banklara və mikromaliyyə təşkilatlarına səfərbər edilmiş vətəndaşlara kredit güzəştləri verməyi və kredit güzəştləri üçün xüsusi proqramlar hazırlamağı, mövcud olanların yenidən qurulmasını və ya uyğunlaşdırılmasını tövsiyə edib.





Daha əvvəlki müraciətlərdə kreditorlara səfərbər olunanlar üçün müqavilə üzrə cərimələr hesablamamaq, onlardan öhdəliklərin vaxtından əvvəl yerinə yetirilməsini tələb etməmək, vaxtı keçmiş borclarını tələb etməmək, ödənişi gecikən ipoteka mənzillərinə güzəştlər vermək tövsiyə olunur.





Mərkəzi Bankın tövsiyəsində deyilir ki, banklar, mikro maliyyə qurumları və kredit büroları bu restrukturizasiyaları borcalanın kredit tarixçəsinin pisləşməsi kimi qiymətləndirməməlidir.





"Sberbank" "mümkün qanunvericilik təşəbbüslərini nəzərə alaraq, problemlərin həlli variantları" üzərində işlədiyini açıqlayıb.





Lakin hazırda Mərkəzi Bankın təşəbbüsü qanunla təsbit olunmayıb, sadəcə tövsiyə xarakteri daşıyır. Belə bir qanunun meydana çıxacağı ilə bağlı bir neçə deputat danışıb.





"Aydındır ki, biz indi qanun qəbul etməliyik. İpoteka krediti götürüb xüsusi hərbi əməliyyat zonasına düşənlər bunun ailələri üçün yük olmayacağından arxayın olmalıdırlar" - deyə, Dövlət Dumasının maliyyə bazarı komitəsinin rəhbəri Anatoli Aksakov bildirib.




Alınan biletlərin pulu geri qaytarılacaq




Səfərbərliyə alınanlara başqa güzəştlər də təklif olunur. Belə ki, "İzvestiya"nın məlumatına görə, Dövlət Dumasının Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Komitəsi hökumətə məktub göndərərək, səfərbərliyə çağırılacaq və könüllü olan vətəndaşların mənzil-kommunal xidmətlərinin və tənha vətəndaşların yeganə mənzilinin saxlanması ilə bağlı digər xidmətlərin ödənişinə tam moratorium qoyulmasını təklif edib.





Rusiyanın ən böyük aviadaşıyıcısı "Aeroflot" səfərbərliyə çağırılanlara istifadə olunmamış biletlərin pulunu tam şəkildə qaytaracağına söz verib. Belə bir geri ödənişin mümkünlüyünü özəl S7 aviaşirkəti də açıqlayıb.





Çətin şəraitdə büdcə




İqtisadiyyat şöbəsinin redaktoru Olqa Şamina:





Səfərbər olunanlara ödənişlər və müxtəlif güzəştlər Rusiya büdcəsi üçün əhəmiyyətli bir yükə çevrilə bilər. İndi büdcə planlaşdırılması prosesi gedir: hökumət ölkənin əsas maliyyə sənədi üzərində işi başa çatdırmalı və 2023-2025-ci illər üçün xərcləri müəyyən etməlidir.





Builki büdcənin planlaşdırılması çox çətin şəraitdə gedir. Birincisi, Rusiya uzun illərdən sonra ilk dəfə 2022-ci ili ən azı 1,6 trilyon rubl ziyanla başa vuracaq.





İkincisi, baş nazir Mixail Mişustin bu həftə dedi ki, növbəti üç ildə də kəsir olacaq. 2023-cü ildə dövlət büdcəsinin kəsiri 3 trilyon rubl təşkil edəcək ki, bu da ÜDM-in 2%-ni təşkil edir. Daha sonra rəsmi proqnoza görə, 2025-ci ildə ÜDM-in 0,7%-nə qədər azalacaq.





Üçüncüsü, bu parametrlərdə çox yüksək ola biləcək səfərbərlik xərclərinin nəzərə alınıb-alınmadığı aydın deyil. Onların bəziləri, məsələn, səfərbər olunanlara ödənişlər özlərinin federal mərkəzdən kömək ehtiyacı olan, tez-tez zərəri yaranan regional büdcələrə düşə bilər.





İpoteka və ya kredit fasilələri üçün imtiyazlar onsuz da maliyyə bazarlarında qeyri-stabillikdən və sanksiyalardan ağır zərbə almış banklar üçün itkidir. Bu xərcləri dövlətin kompensasiya edəcəyi və ya bankların özlərinin ödəyəcəyi bəlli deyil.





Rusiya hökuməti üçün digər potensial nəhəng xərc nöqtəsi Ukraynanın işğal olunmuş ərazilərinin bərpasıdır, əgər təbii ki, Rusiya ordusu onları saxlaya bilsə. Bu pulun növbəti illərin büdcəsində nəzərə alınıb-alınmadığı da bəlli deyil.





Xərclərin bir hissəsi ölkənin əsas ehtiyat fondu Milli Sərvət Fondundan ödənilə bilərdi. Sentyabrın əvvəlinə onun tərkibində 12 trilyon rubldan az pul var idi. Hakimiyyət isə böhrandan təsirlənən şirkətləri dəstəkləmək üçün bunu da fəal şəkildə istifadə edir.





BBC Rusca Xidmətinin artıq yazdığı kimi səfərbərlik həm iqtisadi artım templərinə, həm də demoqrafik göstəricilərə zərbə vuracaq. Ukrayna ilə müharibənin və Qərbin sanksiyalarının doğurduğu böhran indiki proqnozlardan qat-qat dərin ola bilər.





Если в другой ситуации власти могли бы просто залить его деньгами, то сейчас свободных денег у правительства становится все меньше, а непредвиденных расходов все больше.





Əgər başqa bir vəziyyətdə hakimiyyət böhranın öhdəsindən, sadəcə pulla gəlməyə çalışırdısa da, indi hökumətin maliyyə vəsaiti getdikcə daha da azalır, əvəzində gözlənilməz xərcləri daha çox yaranır. Bu, əhali üçün nə deməkdir? Gəlirlərin azalması, dövlətin dəstəyinin azalması, yoxsulluğun artması və perspektivlərin azalması. Səfərbərlik və müharibədən təsirlənməyənləri böhran, sonra isə iqtisadi durğunluq gözləyir.