Logo
news content
User
Kateqoriyalar

Xəbər

SBU Rusiya Könüllülər Korpusunun komandir müavininin FSB-yə işlədiyini bildirir

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bildirir ki, Rusiya Könüllülər Korpusunun (RDK) komandir müavini Stepan Kaplunovun Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqələrini ifşa edib.

Ukrayna xüsusi xidməti Kaplunovun danışdığı videonu yayımlayıb. O deyir ki, "Rusiya Federasiyası ərazisindən Federal Təhlükəsizlik Xidmətinin adından danışan bir şəxs mənimlə əlaqə yaradıb. Məqsəd məni Ukrayna Müdafiə Qüvvələrinin döyüşçülərinin, digər şəxslərin aradan götürülməsi üçün ələ almaq idi".

SBU-nun məlumatına görə, Kaplunov həmin vaxt Ukraynaya gəlməli olan Rusiya müxalifət hərəkatının liderlərindən birinə sui-qəsd hazırlamalı idi. Ona pul mükafatı qarşılığında Ukrayna Müdafiə Qüvvələrinin digər hərbçilərini də aradan götürmək tapşırığı verildiyi deyilir.

Qurum bildirir, Kaplunov FSB ilə əlaqə saxladığını etiraf edib və müvafiq məlumatları SBU-ya təqdim edib. Bu məlumatlar planlaşdırılan cinayətlə əlaqəsi olanların zəncirini müəyyənləşdirməyə imkan verib. Onun telefonunda FSB nümayəndəsi ilə yazışmaların da aşkarlandığı bildirilir.

Kaplunovun vəkili Taras Borovski isə "Ukrainska pravda" nəşrinə deyib ki, "video məcburən, təzyiq, işgəncə və ölümlə hədələmə altında çəkilib". Onun sözlərinə görə, video "bir insanın qanunsuz oğurlanmasına mənəvi cəhətdən haqq qazandırmaq", SBU-nu təmizə çıxarmaq məqsədilə hazırlanıb.

Kaplunov isə RDK-nın kanalında yayımlanan videoda deyib ki, onun vasitəsilə Hərbi Kəşfiyyat İdarəsinin (QUR) "Timur" xüsusi təyinatlı dəstəsinin komandir müavini Dmitro İvanovu və şəxsən QUR-un keçmiş rəisi, Prezident Ofisinin hazırkı rəhbəri Kirilo Budanovu FSB ilə əməkdaşlıqda günahlandıraraq nüfuzdan salmağa çalışıblar.

Zelenski Ukrayna güc strukturları arasındakı “biabırçı” atışmanı pisləyib

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə ölkənin əsas təhlükəsizlik qurumları arasında ötəngünkü atışmadan sonra "hesabatlılıq" və "kadr qərarları" tələb edib.

Zelenski gündəlik axşam videomüraciətində insidentin Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ilə ölkənin Hərbi Kəşfiyyat İdarəsi (QUR) arasında baş verdiyini bildirib, bunu "tamamilə biabırçı" adlandırıb.

"Silahdan yalnız Ukraynanı müdafiə etmək üçün rusiyalı işğalçılara atəş açılmalıdır. Dövlətimiz başqa heç bir atışmaya icazə verməyəcək", – o deyib.

Hadisə sentyabrın 2-də səhər saatlarında baş verib. Şahidlər hadisə yerində yaralıları və qan izlərini gördüklərini bildiriblər.

Atışmanın necə baş verdiyinə dair ziddiyyətli versiyalar yayılıb.

SBU bir-birinə zidd iki açıqlama verib. Qurumun ilk açıqlamasında Rusiyanın terror hücumunun qarşısını almaq üçün QUR ilə birgə addım atıldığı bildirilir. Növbəti açıqlamada isə deyilir ki, axtarışa mane olmaq istəyən bir qrup şəxsə qarşı müqavimət göstərməli olublar.

QUR-un "Timur" xüsusi təyinatlı dəstəsinin komandiri sonradan AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib ki, SBU əməkdaşları "QUR əməkdaşlarını saxlayaraq onlara xəbərdarlıq etmədən atəş açıblar".

Rusiya Könüllülər Korpusu

Atışma Ukraynanın dəstəklədiyi, QUR-la əlaqəli Rusiya Könüllülər Korpusunun komandir müavini Stepan Kaplunovun saxlanması barədə əvvəl yayılan xəbərlərə bağlı görünür.

Kaplunovun vəkili Taras Borovskinin sözlərinə görə, müvəkkili avqustun 23-də oğurlanıb, sentyabrın 1-dək onun yeri məlum olmayıb. Vəkil SBU-nun onun sorğularına cavab vermədiyini bildirib.

Bundan sonra hadisənin detalları daha da qaranlıq görünür.

Borovskinin dediyinə görə, sentyabrın 2-nə keçən gecə SBU Kaplunovun mənzilində axtarış aparmaq üçün onu evinə gətirib. Ancaq QUR nümayəndələri və Kaplunovun dostları artıq orada olublar.

QUR komandiri SBU-nun bölmə rəhbəri ilə razılığa gəldiklərini, amma buna baxmayaraq, digər SBU əməkdaşlarının qəfildən atəş açdığını söyləyib.

Rusiya Könüllülər Korpusunun komandiri Denis Nikitin AzadlıqRadiosuna bildirib ki, SBU Kaplunovun mənzilində ona qarşı heç bir material tapmayıb.

Zelenski prokurorların hadisəni araşdıracağını bəyan edib.