Logo
news content
User
Kateqoriyalar

Xəbər

Samirə Qasımlının ölkədən çıxışına qadağa qoyulub

Hədə-qorxu ilə tələbetmə ittihamı ilə 12 il həbs cəzası alan politoloq Azər Qasımlının xanımı Samirə Qasımlının ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir.

Bu barədə S.Qasımlı özü açıqlama verib. O, qadağanı A.Qasımlının işində zərərçəkmiş şəxs kimi tanınan Qurbanəli Yusifovun ona qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə iddia qaldırması ilə əlaqələndirib: "Aprelin 24-də iddia üzrə məhkəmə baxışının ilk iclası olacaq".

S. Qasımlı bildirib ki, baş verənlərin siyasi sifariş olduğunu bilsə də, bir neçə gün məsələni şərh etməyib və yalnız məlumat verməklə kifayətlənib. O qeyd edib ki, bu gün, aprelin 20-də onun Avropaya səfəri nəzərdə tutulmuşdu.

Xanımın sözlərinə görə, gözləməkdə məqsədi o olub ki, bilsin, bu məhkəmə işi sırf A.Qasımlıya, onun ailəsinə bir təzyiqdir, yoxsa həm də onun azadlığı uğurunda mübarizə aparan həyat yoldaşı S.Qasımlıya yönəlik bir məsələdir: "Çünki mən düşünmüşdüm ki, əgər xaricə gedə bilsəydim, bu proses sadəcə bir psixoloji təzyiq, "başağrısı" kimi əlavə vaxt aparmaq üçündür. Yaxud ən pis halda altı ay müddətinə həbs etməklə Azər Qasımlının həyat yoldaşına bir təzyiq vasitəsidir".

S.Qasımlının düşüncəsinə görə, ölkədən çıxışına "stop" qoyulması o deməkdir ki, bu iş A.Qasımlıya təzyiq olmaqla yanaşı, onun, eləcə də ölkədəki bütün siyasi məhbusların hüquqları uğurunda mübarizə aparan şəxsə qarşıdır.

S.Qasımlı əlavə edib ki, aprelin 20-də ona DİN tərəfindən ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumat verilib: "Halbuki iddia hələ məhkəmə icraatına götürülməyib. Ona görə də bu mərhələdə mənim ölkədən çıxışıma qadağa qoyulmamalı idi".

Bu açıqlamaya DİN və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.