Şahbuzda yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB
05 Sentyabr 2026
Şahbuz rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkimi Nurlan Cəfərov jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, yaralılar saat 21:00 radələrində xəstəxanaya yerləşdirilib: "Xəstəxanaya 9 yaralı daxil olub. Onlardan 3-ü azyaşlı, 5-i qadın, 1-i isə orta yaşlı kişidir. Yaralılardan 2-nin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda onların müalicəsi stasionar şöbədə davam etdirilir".
Qeyd edək ki, dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado" markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
04 sentyabr, 23:33
Şahbuzda ağır yol qəzası olub.
Hadisə rayonun Gömür kəndində baş verib.
Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado" markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb.
Qəza nəticəsində Şərur rayonunun Oğlanqala kənd sakinləri – 1975-ci il təvəllüdlü Nazim Abdullayev, onun qızı, 2017-ci il təvəllüdlü F.Abdullayeva və 2006-cı il təvəllüdlü Pərvin Şıxəliyev ölüb.
Hadisə nəticəsində daha 9 nəfər – 2025-ci il təvəllüdlü V.Şıxəliyeva, 2025-ci il təvəllüdlü R.Abdullayev, 2004-cü il təvəllüdlü Nəzrin İsmayılova, 2025-ci il təvəllüdlü U.İsmayılov, 1985-ci il təvəllüdlü Sərraf Abdullayev, 2010-cu il təvəllüdlü Ceyran Abdullayeva, 2016-cı il təvəllüdlü F.Şıxəliyeva, 1983-cü il təvəllüdlü Vüsalə Abdullayeva və 2014-cü il təvəllüdlü G.Şıxəliyev xəsarət alıblar.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.