Saatlıq maaş - Daha çox əməkhaqqı, yoxsa...
03 Oktyabr 2024
Azərbaycanda əməkhaqqının aylıq əvəzinə saatlıq hesablanması nəzərdə tutulur. Eyni zamanda, rəsmilərin açıqlamasına görə, növbəti il maaşların artması gözlənilir. Hələlik, əmək haqlarının nə qədər artacağı ilə bağlı rəsmi məlumat yoxdur. Ekspertlər isə deyir ki, Azərbaycanda saatlıq əməkhaqqına keçid çox çətin görünür və sui-istifadə hallarına gətirib çıxara bilər.
Hazırda Azərbaycanda minimum əməkhaqqı 345 manatdır. Hesablamalar göstərir ki, beşgünlük iş həftəsində səkkiz saat çalışıb minimum əməkhaqqı alan şəxslərin bir saat ərzində qazancı 2 manat 15 qəpik, altıgünlük iş həftəsində işləyənlərin isə 1 manat 79 qəpikdir. Müqayisə üçün, Almaniyada qanunla təyin olunmuş minimum saatlıq əməkhaqqı 12.41 avrodur (23.62 manat). Fransada bu göstərici 11.52 avrodur (21.92) və iş həftəsi 35 saatlıqdır. Yaponiyada minimum saatlıq maaş 6 (10.2), ABŞ-də isə 7.25 dollardır (12.32).
Gələn il dövlət büdcəsinin sosial xərclərinin 14 faiz artacağı gözlənilir. Nazirlər Kabinetindən bildirilib ki, 2025-ci ildə dövlət büdcəsində sosial müdafiə və sosial təminat üçün xərclər 4 milyard 998 milyon manat olacaq, bu da cari ilin xərclərindən 607 milyon manat çoxdur. Vurğulanır ki, 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərin artımı 2 milyondan çox vətəndaşa şamil olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Turana bildirilib ki, 2018-ci ildən başlayaraq Azərbaycanda 4 sosial islahatlar paketi həyata keçirilib və bu, 4 milyon vətəndaşı əhatə edib: “Bu paketlər çərçivəsində vətəndaşların sosial rifahının artırılması üçün 7 milyard manatdan çox vəsait xərclənib”.
Nazirlikdən qeyd olunub ki, dövlət başçısı İlham Əliyevin tapşırığı ilə gələn il də minimum əməkhaqqının və minimum pensiyaların artımı olacaq: “Bununla bağlı noyabrın 1-dək təkliflər təqdim ediləcək. Növbəti ilin büdcə sənədləri çərçivəsində müzakirələr davam etdiriləcək və maliyyə yükü hesablanacaq”.
Saatlıq əməkhaqqına gəlin isə qurumdan bildirilib ki, hazırda saatlıq əməkhaqqının tətbiqi ilə bağlı müzakirələr davam edir: “Nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, gələn il minimum əməkhaqqının artım faizi noyabrın 1-də məlum olacaq.
Deputatın sözlərinə görə, artım sadəcə minimum əməkhaqqını alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Artım ən azı 600 min vətəndaşın maaşlarında özünü göstərəcək: “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif maaşları da minimum əmək haqqı məbləğindəki dəyişiklikliyə uyğunlaşdırılaraq artırılır. İqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları vahid tarif cədvəli əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Minimum əmək haqqının gözlənilən artımı vahid tarif cədvəlində göstərilən demək olar bütün maaş dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır”.
V.Bayramov qeyd edib ki, özəl sektorda da maaşların artımı gözlənilir: “Minimum əmək haqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda minimum maaş alan işçilərin hamısını əhatə edir. Deməli, gözlənilən artımlar həmçinin özəl sektora da şamil olunur. Yəni, heç bir sektorda minimum əmək haqqı məbləğindən aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaşalanlara şamil olunacaq”.
Onun sözlərinə görə, minimum əmək haqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir: “Daha yüksək maaş alanların əməkhaqları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əmək haqqındakı gözlənilən artım, inflyasiya səviyyəsini də nəzərə alaraq özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyə olunandır”.
Saatlıq maaşlara keçid məsələsini şərh edən komitə üzvü bildirib ki, bir sıra inkişaf etmiş ölkələrdə saatlıq əməkhaqqı sistemi tətbiq olunur: “Bu kontekstdə Azərbaycanda da oxşar mexanizmlərin tətbiqi müzakirə edilir”.
Deputatın fikrincə, belə keçid baş verərsə vətəndaşlar daha çox əməkhaqqı ala bilərlər və eyni zamanda əmək hüquqları daha yaxşı qorunacaq: “Çünki saatlıq əməkhaqqı vətəndaşa bir neçə yerdə işləməsi imkanını qazandırır. Eyni zamanda iş saatlarından sonra əlavə saatlarda və həftəsonu, bayramlarda işçi çalışarsa daha yüksək tariflə xüsusi ödənişlərin həyata keçirməsi mümkün olacaq”.
İqtisadçı, Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, saatlıq əməkhaqqına keçid Azərbaycanın indiki iqtisad modelində çox çətin görünür: "Bir çox qanunvericilik aktlarında da dəyişiklik edilməlidir. Azərbaycanda əsas iş yerləri dövlət təşkilatlarında olduğu və maaşlar dövlət büdcəsindən ödənildiyi üçün orada hansısa formada saatlıq ödəniş sisteminə keçmək çox çətindir. Büdcədən maaş alan kateqoriyanın ən böyük hissəsi müəllimlər təşkil edir, onların sayı 200 mindən çoxdur. Onlar zatən saatla dərs verirlər, onları necə saat hesabına maaş sisteminə keçirəcəklər? Bu, problematik görünür".
Özəl sektora gəlincə, ekspertin sözlərinə görə, ortalığa tamamilə başqa problem çıxacaq: "Özəl sektorda müqavilələr ən aşağı saat hesabı ilə bağlanacaq. Bayram və istirahət günləri də nəzərə alınmayacaq. Bu da müəyyən problemlərə gətirib çıxaracaq".
N.Cəfərli hesab edir ki, ölkədə saatlıq əməkhaqqı sisteminə keçid baş versə belə, bu zaman dövlətin müxtəlif kriteriyaları olmalıdır: "Məsələn, gündəlik iş saatı 4 saatdan aşağı olmaz, bir saatlıq iş ödənişi müəyyən məbləğdən aşağı olmaz. Bu baryerlərlə müəyyən qədər əməkçilərin hüquqlarını qorumaq mümkündür".
Minimum əməkhaqqının artımına gəldikdə, iqtisadçının təxmininə görə, büdcə parametrlərinə baxanda ciddi bir artımın olacağı görünmür: "Maksimal olaraq 10 faiz civarında artım ola bilər. Bizdə həm də problem odur ki, maaşların və təqaüdlərin artımı bazarda mal və məhsul bolluğu ilə paralel getmir. Mal və məhsul həcmi eyni qalır və maaşlar artdıqca, bu, yalnız inflyasiya basqılarını artırır".