Logo
news content
User
Kateqoriyalar

Xəbər

Saakaşvili xəstəxanaya köçürüldü

Gürcüstanın sabiq prezidenti, məhbus Mixail Saakaşvili mayın 12-də paytaxt Tbilisidəki “Vivamedi” Tibb Mərkəzinə köçürülüb.

1967-ci il təvəllüdlü Saakaşvili Gürcüstan prezidenti postunu 2004-2013-cü illərdə tutub. 2013-cü ildə ölkəsini tərk edib.

2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi Saakaşviliyə qiyabi hökm çıxarıb. Sabiq prezident bankir Sandro Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib, 3 il azadlıqdan məhrumetmə cəzası alıb.

Sandro Qirqvliani 2006-cı ildə öldürülüb. 2008-ci ildə prezident postunu tutan Saakaşvili bu ölüm işinə görə tutulmuş 4 polis zabitini əfv edib və onlar azadlığa çıxıblar.

2018-ci il iyunun 28-də Tbilisi Şəhər Məhkəməsi daha bir qiyabi hökmlə Saakaşvilini 6 il müddətinə azadlıqdan məhrum edib. Saakaşvili 2005-ci ildə parlamentin deputatı Valeri Gelaşviliyə edilmiş hücumun təşkilində təqsirli bilinib.

2005-ci ildə Saakaşvili dövlət başçısı postunu tutarkən Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə Valeri Gelaşvilini döyüblər. Deputat ağır xəsarətlərlə xəstəxanaya düşüb. Valeri Gelaşvili hücumu Saakaşvilinin sifarişi saydığını bəyan edib. 2013-cü ildə Saakaşvili prezident postundan gedəndən sonra bu hadisə üzrə istintaq yenilənib.

Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini başqa işlər üzrə də mühakimə edir. Bir proses vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı üzrə aparılır. Saakaşvili 2007-ci il noyabrın 7-də xüsusi təyinatlı qüvvələrin müxalifətin mitinqində zorakılıq, “İmedi” telekanalının ofisində dağıntılar törətməsi, biznesmen və siyasətçi Badri Patarkatsişvilinin (2008-ci ildə vəfat edib) əmlakının ələ keçirilməsində təqsirli bilinir.

Başqa bir işdə Saakaşvili 2009-2012-ci illərdə Xüsusi Dövlət Mühafizəsi Xidmətinin 3 milyon dollara yaxın vəsaitinin israf olunmasında təqsirli sayılır.

Üçüncü cinayət işi 2021-ci ildə qaldırılıb.

2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il dekabrın 4-də Gürcüstan vətəndaşlığından məhrum edilib.

2021-ci il sentyabrın 29-da Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib.

Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürüb. Onun sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb.

Tutulduğu gündən aclıq aksiyası keçirən sabiq prezident noyabrın 8-də Xüsusi Penitensiar Xidmətin paytaxt Tbilisidəki müalicə müəssisələrindən birinə köçürülüb. Noyabrın 20-də Müdafiə Nazirliyinin Qoridəki hərbi hospitalına aparılan sabiq prezident həmin gün aclığı dayandırıb və orada müalicə alıb, dekabrın 30-da Rustavi həbsxanasına qaytarılıb.

Sabiq prezident 2022-ci il fevralın 21-dən martın 10-dək Rustavi həbsxanasında bir daha aclıq aksiyası keçirərək gərəkli tibbi yardım göstərilməsi tələbi qoymuşdu.