Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın iddiası, ABŞ-ın cavabı və "Çirkli bomba"

Ukraynanın əhalisi köçürülən Xerson vilayətinə Moskvanın təyin etdiyi məmurlar yerli ərazi müdafiə dəstələrinin yaradılacağını deyirlər. Onlar şəhərdə qalan kişilərin hamısını bu dəstələrə qoşulmağa çağırıblar.

İşğal hakimiyyəti oktyabrın 24-də Telegram sosial şəbəkəsində yazıb ki, şəhərdə qalmağı seçən kişilərin ərazi müdafiə birliklərinə qoşulmaq “imkanı” var.

Artıq bir neçə gündür Xerson sakinləri köçürülür. Xerson Rusiyanın ötən ay ilhaqını elan etdiyi dörd vilayətdən biridir. Rusiyanın işğal etdiyi digər vilayətlərdə isə kişiləri məcburən döyüşlərə cəlb edirlər.

Oktyabrın 18-dən vilayətdən 25 minədək sakinin köçürüldüyü bildirilir.

Blinkendən "çirkli bomba" iddialarına cavab


ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın guya öz ərazisində çirkli bombadan istifadəyə hazırlaşması haqda Rusiyanın “birmənalı saxta iddialarını” rədd edib, Vaşinqtonun işğalçı Rusiya qüvvələrinə qarşı Kiyevə dəstək verəcəyini bir daha dilə gətirib.

“Birləşmiş Ştatlar Ukraynanın öz ərazisində çirkli bombadan istifadəyə hazırlaşması haqda Rusiya Müdafiə naziri (Sergey) Şoyqunun birmənalı şəffaf iddialarını rədd edir. Dünya Rusiyanın bu iddiadan müharibəni genişləndirməyə bəhanə kimi istifadə cəhdlərini anlayacaq”, – Blinken oktyabrın 23-də ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon söhbətində deyib.

Şoyqunun iddiası


Şoyqu deyib ki, Rusiya “Ukraynanın çirkli bombadan istifadəylə bağı mümkün provokasiyasından narahatdır”. O, oktyabrın 23-də Türkiyə, Britaniya və Fransa müdafiə nazirləri ilə telefon söhbətində bu haqda danışıb. Ancaq nazir iddianı əsaslandıracaq dəlil göstərməyib.

Çirkli bomba dinamit kimi partlayıcının radioaktiv maddəylə qarışığıdır. Dinamit, yaxud digər partlayıcı işə düşəndə radioaktiv maddə ətraf mühitə yayılır.