Rusiyadan Ermənistan məhsullarına yeni qadağalar
12 İyun 2026
Rusiya Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalına yeni məhdudiyyətlər tətbiq edib. “Rosselxoznadzor” bildirib ki, iyunun 12-dən Ermənistandan göndərilən “karantin nəzarətində olan məhsulların” Rusiyaya idxalına qadağa qoyulacaq.
Qurumun açıqlamasına görə, 2026-cı ilin mayından Ermənistanın bəzi karantin nəzarətində olan məhsulların idxalı mərhələli şəkildə məhdudlaşdırılıb, iyunda isə Ermənistandan gətirilən qoz-fındıq, qurudulmuş şaftalı və qurudulmuş pomidorda kapra böcəyi ilə yoluxmanın üç halı aşkar edilib.
Avrasiya İqtisadi İttifaqının karantin nəzarətinə aid məhsullar siyahısında təxminən 130 məhsul növü yer alır. Bunlara kənd təsərrüfatı məhsullarının əksəriyyəti, un, bitkilər, ağac materialları, heyvan yemi, tekstil sənayesi üçün xammal və digər məhsullar daxildir.
Bundan əvvəl Rusiya hakimiyyəti Yerevanın Avropa İttifaqı ilə yaxınlaşmasına cavab olaraq Ermənistandan Rusiyaya müxtəlif tərəvəz və meyvələrin, balıq və balıq məhsullarının, güllərin, “Cermuk” mineral suyunun və spirtli içkilərin idxalını qadağan edib.
Ermənistanın baş naziri Nikol Paşinyan isə bu addımlara cavabında bəyan edib ki, Yerevan Rusiyaya idxalı qadağan edilən məhsulları Avropa İttifaqı bazarına çıxaracaq.