Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada miqrant cinayətləri 40 faiz azalıb – DİN-dən Putinə hesabat

Bu ilin ilk doqquz ayında Rusiyada əcnəbilərin törətdiyi cinayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azalıb. TASS bu barədə Rusiya daxili işlər nazirinin müavini, DİN-in Miqrasiya Xidmətinin rəhbəri Andrey Kikota istinadən xəbər verir.

"Ötən il əcnəbilər tərəfindən törədilən cinayətlərin sayında cüzi artım var idi və bu rəqəm 41 minə çatmışdı. Bu il isə kəskin azalma qeydə alınır. Belə ki, ilk altı ayda 14.5 min cinayət qeydə alınıb ki, bu da ötən illə müqayisədə 40 faiz azalma deməkdir", - Kikot prezident Vladimir Putinlə görüşündə bildirib.

DİN-in statistikasına əsasən, törədilən cinayətlərin 16.7 mini Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin vətəndaşlarının payına düşür və bu göstərici ötənilki rəqəmdən 42.4 faiz azdır.

Cinayətkarlığın azalması fonunda miqrantların Rusiyadan axını və onlara nəzarətin kəskin sərtləşdirilməsi də diqqət çəkir. Miqrasiya Xidmətinin hesablamalarına görə, bu il oktyabrın 1-nə olan məlumata əsasən, Rusiyada təxminən 6 milyon xarici vətəndaş qalıb ki, bu da ötən illə müqayisədə təxminən 10 faiz azdır.

Digər tərəfdən, hüquq müdafiə təşkilatları miqrantların fəal şəkildə Ukrayna müharibəsinə cəlb olunduğunu bildirirlər. Reydlər zamanı saxlanılan və ya deportasiya təhlükəsi ilə üzləşən əcnəbilərə Rusiya pasportunun sürətləndirilmiş qaydada verilməsi qarşılığında Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq təklif edilir.