Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada jurnalist üsyanı: Populyar saytın iki əməkdaşından inanılmaz addım

Rusiyanın “Lenta.ru” saytının 2 əməkdaşı – “İqtisadiyyat” və “Yaşam mühiti” şöbələrinin rəhbəri Yeqor Polyakov və redaktor Aleksandra Miroşnikova saytda Ukrayna-Rusiya müharibəsindəki real vəziyyətlə bağlı obyektiv xəbər, habelə Prezident Vladimir Putinin savaş siyasətini tənqid edən məqalələr yerləşdirərək, rəsmi Moskvanın Ukrayna siyasətinə etirazlarını bildiriblər.

Bu barədə “Mediazona” yazıb.

Məlumata görə, yazılar qısa müddət ərzində saytdan silinsə də, onlar internet arxivində qalmaqdadır.

Saytda “Putin XX əsrin qanlı müharibələrindən birini başladıb”, “Vladimir Putin yazıq diktator və paranoikə çevrilib”, “Rusiya elitası qohumbazlıq və yaltaqlıq xəstəsidir” xəbərləri, həmçinin “Müharibə iqtisadiyyatdakı uğursuzluqları ört-basdır etməyi asanlaşdırır. Putin getməlidir. O, mənasız müharibəyə başlayıb və Rusiyanı uçuruma aparır” başlıqlı məqalə dərc edilib.

Müharibə əleyhinə olan bütün yazılar müəlliflərin xüsusi qeydi ilə başlayıb: “Bu material rəhbərliklə razılaşdırılmayıb, Prezident Administrasiyası bu yazıya görə saytın başına oyun açacaq”. Məqalələrin postskriptumlarında bildirilib ki, yuxarıda adıçəkilən əməkdaşlar məsuliyyəti öz üzərinə götürür.

Xatırladaq ki, daha öncə mətbuatda "Lenta.ru" saytına haker hücumu edilməsi ilə bağlı məlumatlar yayılmışdı.

Qeyd edək ki, Rusiyada aparıcı xəbər agentlikləri Kremlin sərt nəzarəti altındadır. Həmin nəşrlərə nəinki müharibəni tənqid etmək, həmçinin Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını "müharibə" adlandırmaq belə yasaqlanıb.