Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Xarkova qayıtmağa çalışır - Uğursuz əks-hücuma cəhd edib

Ukrayna ordusu Rusiya qüvvələrinin Xarkov ətrafında əks-hücumlara başladığını bildirir. Bir neçə gün öncə rusiyalıların sərhədə doğru sıxışdırıldığı açıqlanmışdı.

Rusiya qüvvələri Velika Komişuvaxa yaşayış məntəqəsində böyük itkilər verərək daha öncə işğal olunmuş mövqelərə çəkiliblər. Məlumatı mayın 19-da Ukrayna Silahlı Qüvvələrinin baş Qərargahı yayıb.

Rusiyanın Kursk vilayətinin qubernatoru isə mayın 19-da bildirib ki, Ukrayna tərəfdən sərhəd yaxınlığında kəndə hücum nəticəsində bir nəfər öldürülüb, bir neçə nəfər yaralanıb.

Vəzifədən kənarlaşdırılanlar


Elit 1-ci Qvardiya Tank Ordusunun komandiri, general-leytenant Sergey Kisel Xarkovu tuta bilmədiyi üçün vəzifəsindən azad edilib. Bu haqda Britaniyanın Müdafiə Nazirliyi mayın 19-da məlumat yayıb.

Məlumata görə, Kisel Ukraynanın işğalının ilkin mərhələsində pis perfomansa görə son həftələr vəzifədən kənarlaşdırılan aparıcı zabitlərdən yalnız biridir.

Rusiya Qara Dəniz Donanmasının komandiri, vitse-admiral İqor Osipovun apreldə Moskva kreyseri batandan sonra vəzifədən kənarlaşdırıldığı bildirilir.

Baş qərargah rəisi Valeri Gerasimov vəzifəsində qalsa da, Prezident Vladimir Putinin ona hələ də etimad göstərdiyi bəlli deyil, bülletendə belə deyilir.

Britaniya kəşfiyyatının dəyərləndirməsinə görə, Rusiya ordusu və təhlükəsizlik sistemində ört-basdır etmək və günah keçisi tapmaq mədəniyyəti üstünlük təşkil edir. Bu isə Rusiyanın mərkəzləşdirilmiş komandanlıq və nəzarət sisteminə gərginliyi artıra, Moskvanın münaqişədə təşəbbüsü ələ almasını çətinləşdirə bilər.

Kəşfiyyat bilgiləri olan, adı açıqlanmayan NATO ordu rəsmisi CNN-ə deyib ki, münaqişədə Ukraynanın xeyrinə əhəmiyyətli dönüş yaranıb, amma alyans yaxın həftələrdə tərəflərdən heç biri üçün ciddi irəliləyiş gözləmir.