Rusiya Ukraynada strateji yaşayış məntəqəsini ələ keçirdiyini bildirir
04 Noyabr 2024
Ukrayna ordusu sənaye şəhəri - Kuraxovo yaxınlığında şiddətli döyüşlər getdiyini xəbər verir. Həmçinin, Rusiya qoşunlarının Donbasın strateji baxımdan mühüm Kuraxovka kəndi ətrafında 100-dən çox hücum gerçəkləşdirdiyini bildirsə də, onun tutulması ilə bağlı iddiaları şərh etməyib.
Noyabrın 3-də tərəflər qarşılıqlı dron hücumları gerçəkləşdirib.
Rusiya Müdafiə Nazirliyi düşmənin 20-dək PUA-sını zərərsizləşdirdiyini bildirib.
Gecəboyu sürən döyüşlərdən sonra gücü tükənən Ukrayna əsgərləri geri çəkilib və rusiyalılar irəliləyiblər.
Noyabrın 3-də rusiyalılar önəmli nəqliyyat məntəqəsi sayılan Pokrovskın 6 kilometrliyindəki bir kəndi tutduqlarını bildiriblər. Bu bilgini də təsdiqləməyən Ukrayna Baş Qərargahı Pokrovsk civarına 19 hücumun gerçəkləşdirildiyini, düşmənin başlıca səylərinin Promin və Vişnyovoye kəndləri səmtinə yönəldiyini deyib. Bununla belə, Ukrayna ordusu ən gərgin durumun Kuraxovo yaxınlığında olduğunu etiraf edib.
Bir gün öncə rusiyalılar şəhərə yaxın böyük su anbarının olduğu Kuraxovka kəndini ələ keçidiklərini bildiriblər.
Rusiyanın əsas məqsədi Pokrovsk şəhərini işğal etməkdir. Önəmli nəqliyyat və tədarük məntəqəsi olmaqla yanaşı, burada Ukraynanın sənayesi üçün böyük önəm daşıyan koks kömür mədəni yerləşir.
Ukrayna ordusunda əsgər, təchizat, eləcə də silah çatışmazlığı gözə çarpır. Bu durum ukraynalıların Rusiya hücumlarına dirənişini əngəlləyir.